Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə ABŞ arasında strateji əlaqələr getdikcə möhkəmlənir

Azərbaycan ilə ABŞ arasında strateji əlaqələr getdikcə möhkəmlənir

Azərbaycanın beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına öz töhfələrini verməsi artıq dünya birliyində də etiraf olunur. Bu baxımdan ölkəmizin NATO ilə əməkdaşlığı və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusi qeyd edilməlidir. Çünki NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Kabil beynəlxalq hava limanının (HİKA) təhlükəsizliyini təmin edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının nümunəvi xidməti və peşəkarlığı yüksək qiymətləndirilir. Bu barədə noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-ın nəqliyyat komandanı, general Stefen Lyonsun başçılıq etdiyi nümayəndə heyətinin görüşündə söhbət getmişdir.
Son illər Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi, terrorla mübarizə, müdafiə və digər sahələrdə uğurla inkişaf etdiyi hər iki ölkənin dövlət rəsmiləri tərəfindən də etiraf olunur və bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğu bildirilir. Ölkəmizin beynəlxalq təhlükəsizliyin təmin olunmasında göstərdiyi qətiyyət ABŞ rəsmiləri tərəfindən yüksək dəyərləndirilir.
Xatırladaq ki, 1997-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü, 2001-ci ildə isə sülhməramlı taboru yaradılıb. Silahlı Qüvvələrimizin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Sülhməramlı bölmələrdə xidmətin ən mühüm üstünlüklərindən biri ölkəmizi xaricdə təmsil etməkdir. NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlıları plana uyğun olaraq, rotasiya qaydasında üç aydan bir dəyişdirilir.
Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı bölüyü beynəlxalq təhlükəsizliyə yardım çərçivəsində fəal iştirak edərək bu sahədə zəngin təcrübə qazanıb. 2015-ci ilin yanvarından isə NATO-nun Əfqanıstanda keçirdiyi yeni “Qətiyyətli Dəstək” adlı qeyri-döyüş missiyasında Silahlı Qüvvələrimizin 94 nəfərlik kontingenti altı aylıq rotasiya planına uyğun olaraq xidmətə başlayıb.
Prezident İlham Əliyev general Stefen Lyonsun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşərkən, ilk növbədə Azərbaycan ilə ABŞ arasında etibarlı tərəfdaşlıq əlaqələrinin mövcudluğu diqqətə çatdırılmış, ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji və müdafiə sahələrini əhatə etdiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, iki ölkə arasında uzun tarixə malik olan əməkdaşlıq getdikcə geniş vüsət alır. 
Dövlətimizin başçısı ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin iki ölkə arasında münasibətlərin inkişafında rolunu qeyd edib. Ölkələrimizin Əfqanıstanda beynəlxalq sülh və sabitliyə töhfə verdiklərini diqqətə çatdıran Prezidentimiz Azərbaycanın bu ölkədə sülhməramlı əməliyyatlarda iştirak edən ilk dövlətlərdən biri olduğunu bildirib. Diqqətə çatdırıb ki, sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan əsgərlərinin sayı bu yaxınlarda daha da artırılıb. 
Bununla yanaşı, NATO ölkələrinə göstərdiyimiz nəqliyyat-logistika dəstəyi quruma üzv dövlətlər tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmiz Əfqanıstanla ikitərəfli münasibətlərin inkişafını daim diqqət mərkəzində saxlayır. Bunu dövlətimizin başçısı bir daha nümayəndə heyətinin diqqətinə çatdırıb: “Bu münasibətlər böyük önəm daşıyır və ölkəmiz Əfqanıstan hökumətinə müxtəlif sahələrdə öz yardım və dəstəyini göstərir”.
Prezident İlham Əliyev Əfqanıstanda sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfə vermək məqsədilə keçən il ölkəmizin “Asiyanın Qəlbi-İstanbul Prosesi” çərçivəsində yüksək səviyyəli tədbirə ev sahibliyi etdiyini diqqətə çatdırdı.
General Stefen Lyons də öz növbəsində Azərbaycanla ABŞ arasında strateji əlaqələrin çox böyük önəm daşıdığını bildirdi və Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasının nəqliyyat sahəsinə böyük dəstək verdiyini bildirərək bunu yüksək qiymətləndirdi. O, Əfqanıstanda xidmət etmiş hərbçi kimi, Azərbaycanın bu ölkədə yüksək səviyyədə həyata keçirdiyi işlərin şahidi olduğunu da diqqətə çatdırdı.

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

12 Noyabr 2018 22:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin