Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial şəbəkələrlə bağlı tədqiqat

Sosial şəbəkələrlə bağlı tədqiqat

RİA “Novosti”nin yaydığı məlumata görə, ABŞ-ın Pensilvaniya Universitetinin psixoloqları sosial şəbəkələrdə çoxlu vaxt keçirilməsinin tənhalıq hissini artırdığını və  və depressiyaya səbəb olduğunu  müəyyənləşdiriblər.
Mütəxəssislər tərəfindən tədqiqat “Facebook”, “Instagram” və “Snapchat” kimi şəbəkələrdən aktiv istifadə edən 143 tələbə arasında aparılıb. Bundan əvvəl isə könüllülərin əhval-ruhiyyəsi və səhhətinin müəyyənləşdirilməsi üçün sorğu keçirilib, eləcə də “iPhone” statistikası vasitəsilə sosial şəbəkələrdə orta aktivlik vaxtı ölçülüb.  
Bildirilir ki, sonra tələbələr iki qrupa bölünüb. Yoxlama xarakterli olan birinci qrupda könüllülər tərəfindən sosial şəbəkələrə əvvəllər olduğu kimi, eyni vaxt ayrılıb. İkinci – eksperimental qrupun üzvləri sosial şəbəkələrin hər birinə gündə 10 dəqiqə vaxt sərf ediblər. Bu minvalla eksperiment üç həftə davam edib.
Yekunda psixoloqlar tələbələr üçün yeddi göstəricidən ibarət xüsusi anket hazırlayıblar: sosial dəstək, ətraf insanlardan təcrid olmaq qorxusu, tənhalıq, narahatlıq, depressiya, özünə qiymətvermə və özünü qəbuletmə.
Tədqiqat nəticəsində məlum olub ki, tənhalıq və depressiya bilavasitə sosial şəbəkələrdə keçirilən vaxtdan asılıdır. Bundan başqa, eksperimental qrupun üzvlərində yoxlama qrupu ilə müqayisədə daha az depressiya simptomları aşkarlanıb.

Mahmud QƏRİBOV,
 “Xalq qəzeti”

12 Noyabr 2018 22:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin