Ən son xəbərlər

Son buraxılış
Arxiv

İbrahim Cəfərov: “Universitetimizin həyatında qızıl anlar. O bu gün də davam edir”

İbrahim Cəfərov: “Universitetimizin həyatında qızıl anlar. O bu gün də davam edir”

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu ali məktəbin tarixini, keçdiyi şanlı yolu, tədqiqatçılardan, tarixçilərdən daha yaxşı bilir desək, yanılmarıq. Bu yol isə uzun bir yoldur, artıq 100 ilinə lap az qalır. Rəhbərlik etdiyi universitetin keçdiyi yolla fəxr edən, qürur duyan professor indi onun tarixinin özünün dediyi kimi, qızıl anlarını araşdırır və geniş təbliği ilə məşğuldur. Mətbuatda, digər sosial şəbəkələrdə maraqlı tapıntıları, hadisələrə ictimai- siyasi baxışları diqqəti cəlb        edir. Rektorun özünün facebook səhifəsində bir-birindən maraqlı şərhlər ilə hər gün  yüzlərlə tələbə, müəllim, digər oxucu kütləsi tanış olur, öyrənir. Burada müxtəlif fikirlər öz əksini tapır, bənzərsiz şərhlər olur, əməlli-başlı disskusiyakeçirilir. Bir sözlə, rektor sanki geniş, on minlərlə iştirakçısı olan bir auditoriyada mühazirə deyir, tarixin səhifələrini bir-bir vərəqləyir. 

Budur, səhifədə daha bir maraqlı yazı diqqətimizi cəlb edir. İbrahim Cəfərov yazır ki, Aqrar universitet 2020-ci ildə özünün yaranmasının 100 illiyini qeyd etməyə hazırlaşır: “Bu universitetin tarixini vərəqləyəndə çoxlu maraqlı anlar və məqamlarla qarşılaşırsan. Ölkənin həyatında aqrar universitetin yeri barədə danışmaq istəmirəm. Təkcə onu qeyd etmək kifayətdir ki, bu illər ərzində on minlərlə mütəxəssis öz həyatını məhz Azərbaycanda kənd təsərrüfatının inkişafına həsr etmişdir. Akademiklər, professorlar, müxtəlif ranqlı deputatlar, partiya işçiləri, təsərrüfat rəhbərləri məhz aqrar universitetin auditoriyalarinda hazırlanan məzunların kiçik bir qismidir. Yazımın məqsədi bu da deyil. Məqsədim aqrar universitetin tarixinə qızıl hərflərlə yazılan müəyyən günlərin xülasəsini yada salmaqdır. 22 iyul 1969-cu il. O zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayir və 22 nəfərdən ibarət komissiya yaradır. Maraqlı, həm də bizim üçün qürurverici bir faktdır ki, birinci katib kimi işə başlayandan cəmi 8 gün sonra Ulu Öndər bizim haqqımızda, kənd təsərrüfatı kadrları hazırlayan ali məktəb haqqında fikirləşib, onu dəyərləndirib. Lakin 50 illik yubiley müəyyən səbəblərdən yubansa da Heydər Əliyev 1980-ci il dekabrın 16-da Gəncəyə gəlir və yubiley tədbirlərində iştirak edir və institutun bayrağına "Şərəf nişanı"ordenini sancir. Bu bir möhtəşəm  yubiley olur və ali məktəbin tarixində ilk dəfə ölkə rəhbəri ora səfər edir. Məhz həmin  günlər institut tarixinin qızıl anları kimi qəbul edilir.

Şanlı tarix bu gün də davam edir. Möhtərəm cənab Prezident bu günkü aqrar universitetə böyük önəm verir və nəticədə universitet durmadan yenilənir, maddi-texniki baza gücləndirilir, yeni tələbə evlərinin tikintisinə investisiya ayrılır. Təsadüfi deyil ki son 3 ildə iki möhtəşəm tələbə Evi tikilir. 2016-cı ilin fevralında cənab Prezident Gəncəyə səfəri çərçivəsində birinci tələbə Evinin açılışını edir. Qürur və fərəh, xoşbəxtlik və sevinc, bu hissləri biz və bu tələbə evində yaşayan 520 tələbə keçirir. Tarixin qızıl anları davam edir, 2017-ci ilin noyabrında, möhtərəm cənab Prezident Gəncəyə növbəti səfəri çərçivəsində ikinci tələbə Evini açır və aqrar gəncliyə təqdim edir. Bu qızıl anları bizə yaşadan, daim bizi diqqətində saxlayan cənab Prezident bu il ADAU üçün yeni tədris korpusunun tikintisinə vəsait ayrılmasına göstəriş vermiş və hazırda tikinti davam edir.

Tarix təkrarlanır, biz ADAU ailəsi olaraq səbirsizliklə 2020 ci ili gözləyirik, cənab Prezidenti gözləyirik. Məhz Onun iştirakı ilə 100 illik yubileyimizi keçirəcək, universitetin tarxinə daha bir qızıl anlar əlavə edəcəyik”.

      

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

12 Noyabr 2018 12:29 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin