Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elm Gününə həsr olunmuş “dəyirmi masa”

Elm Gününə həsr olunmuş “dəyirmi masa”

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 10 noyabr – Ümumdünya Sülh və İnkişaf Naminə Elm Gününə həsr olunmuş “dəyirmi masa” keçirib. Bu barədə institutdan məlumat verilib.

Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov institutda mütəmadi olaraq müxtəlif mövzularda seminarların, “dəyirmi masa”ların, treninqlərin, görüşlərin keçirildiyini diqqətə çatdırıb. Maarifləndirici xarakter daşıyan bu tədbirlərin  artıq ənənə halını aldığını bildirən A.Şirinov mövzunun vacibliyinə toxunub. Bildirib ki, müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi genişlənir və dünyada bu sahəyə xüsusi diqqət yetirilir, o cümlədən, Azərbaycanın  ali məktəblərində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verilir.

Sonra Aİİ-nin əməkdaşı Şəms Bağırova 10 noyabr – Ümumdünya Sülh və İnkişaf Naminə Elm Gününün mahiyyətini, tarixini əks etdirən təqdimatla çıxış edib. 

Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “İslam və elm: vəhdət və harmoniya” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, islam böyük mədəniyyətə malik, əzəmətli intibaha imza atmış bir dindir. Onun təlimlərinin mütərəqqiliyi tarixi təcrübə ilə sübuta yetirilmiş, elmin və mədəniyyətin zirvəyə çatdığı bir inkişafla səciyyələnmişdir. İslam sivilizasiyasının elmlə-dinin, dünya ilə axirətin, mənəviyyatla-maddiyyatın uğurlu harmoniyasının praktik-real inikası kimi meydana çıxdığını vurğulayan E.Məmmədov bildirib: “Mədəniyyətlərin təşəkkülündə elm zəruri və mühüm amil olaraq çıxış edir, lakin bu, kifayət etmir, çünki mədəniyyət təkcə maddi formata əsaslanmır, maddi nailiyyətlərlə şərtləşmir. Mənəvi dəyərlər mədəniyyətin yaranması və inkişafında, həm də davamlılığında başlıca rol oynayır. Bəşər tarixinin komporativ təhlili belə deməyə imkan verir ki, fərdi və kollektiv əxlaqın, mənəvi-aksioloji həyat tərzinin ən yaxşı təmsilçisi kimi din çıxış edir”.

E. Məmmədov diqqətə çatdırıb ki, islam tarixinə nəzər saldıqda, elm və dinin inşa etdiyi qüdrətli mədəniyyəti görəcəyik. “İslamda din elmdir, elm isə dindir. Din elmdir, o mənada ki İslam təkcə mənəviyyata əsaslanmır, həm də təfəkkürə, mühakiməyə etimad göstərir, kor təqlidi rədd edir, faktı zənnə qapılmaqdan üstün tutur. Quranın nazil olmuş ilk ayələrində qələmin qədir-qiymətini ucaldan, elmə yüksək dəyər verən, cəhalət və savadsızlığa savaş açan etiraz vardır. Quranın nazil olmuş ilk ayəsində “Oxu”, ikincisində isə “And olsun qələmə və yazdıqlarına” deyilir. Allah müsəlmanları savadlanıb bilik almağa çağırmaq üçün qələmə and içmişdir. İslama görə elm dindir. Elm öyrənmək hər bir müsəlmana vacibdir; faydalı elmlə – dünyəvi və ya dini olmağı fərq etməz – məşğul olmaq Allah yolunda cihad və ibadət hesab edilir.

Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov isə “Elm, islam və inkişaf” mövzusunda çıxış edib. Məruzədə göstərilir ki,  orta əsrlərdə islam dünyası elm və mədəniyyətin mərkəzi olduğundan, dünyada gedən proseslərin aktiv iştirakçısı olmuşdur. Lakin Qərbdən fərqli olaraq, islam dünyasındakı fərdi elmi fəaliyyətlərin davamlılıq prinsipinə əsaslanan elmi institutlara çevrilməməsi təhsilin inkişafına təsirsiz ötüşməmişdir. Belə ki, alim dünyasını dəyişdikdən sonra, onun təhsil metodu da yox olur. Universitetlər isə bu qüsurdan xali olduğundan, təhsil ənənələrini qoruyaraq, nəsildən-nəslə ötürərək, zaman keçdikcə qüdrətlənibdir. Ş.Əsgərov vurğulayıb ki, ki, müasir dövrdə dəqiq elmlərin ali məqsədi elmi nəticələri texnoloji məhsula çevirməkdir.

“Dəyirmi masa” mövzu ətrafında müzakirələrlə başa çatıb.

 

"Xalq qəzeti”

12 Noyabr 2018 11:52 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə