Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankarada Xalq Cümhuriyyəti və Qara Qarayev haqqında kitabların təqdimatı keçirilib

Ankarada Xalq Cümhuriyyəti və Qara Qarayev haqqında kitabların təqdimatı keçirilib

Ankarada “Azərbaycan Xalq Cümhuriyyəti – 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” kitablarının təqdimatı olub.

Diasporla Iş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında keçirilən tədbir Azərbaycanla bağlı sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun qısa və şərəfli yolu, cümhuriyyətimizin ideyaları, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası, bu prosesdəki çətinliklər, o cümlədən ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, Qara Qarayevin yubileyinin qeyd olunması dövlətçilik ənənələrinin nümunəsi kimi dəyərləndirilib

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən ölkəmizin tarixinə, ənənələrinə, mədəniyyətinə aid kitablar sərgilənib.

Təqdimat mərasimi Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

12 Noyabr 2018 11:02 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə