• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət bayrağı – xalqımızın şərəf və qürur rəmzi

Dövlət bayrağı – xalqımızın şərəf və qürur rəmzi

Bayraq ölkənin müstəqilliyinin rəmzi olan və millətin milli dəyərlərini əks etdirən mühüm dövlət atributudur. Bu səbəbdən də bayraqlar ölkələrin dəyər verdikləri və baş üstündə tutduqları ən mühüm atributlardan biri hesab olunur. Üçrəngli Azərbaycan bayrağı da yalnız azərbaycanlılar üçün yox, ölkəmizin tarixinə hörmət edən hər bir dünya vətəndaşı üçün də əhəmiyyətli və dəyərlidir. Bu gün milli qürur mənbəyimiz olan dövlət bayrağımız Azərbaycan səmasında yüksəklərdə dalğalanır.


Qədim tarixə malik Azərbaycan Dövlət bayrağının xalqımız üçün əhəmiyyəti çox böyükdür. Çünki üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması üçün xalqımız çox çətin, eyni zamanda, şanlı mübarizə yollarından keçmişdir. Minlərlə Vətən övladının qanı bahasına başa gəlmiş bayrağımızın dövlət atributuna çevrilməsi və dünya birliyi tərəfindən tanınması Azərbaycan xalqının uzun əsrlər boyu apardığı mücadilənin nəticəsidir. Xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımız Azərbaycanın milli dəyərlərini daşımaqla yanaşı, bu günədək yaşadığımız müharibələrin və milli-azadlıq mücadiləmizin şanlı şahididir. 
Bayrağımız özündə birlik və bərabərliyimizlə yanaşı, millətimizin varlığını və dövlətimizin müstəqilliyini də təcəssüm etdirir. Vətənimizin keçmişini, bu gününü və gələcəyini özündə tərənnüm edən bayrağımız həm də müstəqilliyimizin simvoludur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” kəlamı bayrağımıza verilən yüksək qiyməti göstərir, müasir dövlət qurucumuzun vacib dövlət atributuna olan ehtiramını bir daha göz önünə gətirir. 
Bayrağın müqəddəsliyini göstərən daha bir amil budur ki, Prezidentimiz dövlət Konstitusiyasına və Qurana əl basaraq and içdikdən və diz çöküb bayrağımızı öpdükdən sonra rəsmən vəzifəsinin icrasına başlayır.
Xatırladaq ki, Azərbaycan ­Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ­iclasında qəbul edilmişdi. 

Bolşeviklərin Azərbaycanı işğal etmələrinədək, yəni 1920-ci ilin aprel ayına qədər dövlət statusuna malik olmuşdu. Həmin bayraq 70 il sonra, daha dəqiq desək, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdi. Bir il sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan etmişdi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Prezident seçilən ümummilli lider Heydər Əliyev andiçmə mərasimində bir daha dövlətçilik rəmzi olan atributlara sədaqətini bayrağımızı öpməklə ifadə etmişdir: “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaxşı yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam”.
Ulu öndər Heydər Əliyev tərəfindən sonralar da dövlət rəmzlərinin təbliği istiqamətində işlər davam etdirilmiş və 1998-ci il 13 mart tarixində ümummilli liderimiz tərəfindən imzalanan “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncam dövlət rəmzlərimizin, xüsusilə,  bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Bu sərəncamın əsasında dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin gənclər arasında təbliği genişlənmiş, gənc nəsildə azərbaycançılıq, dövlətçilik, müstəqillik  hissləri güclənmişdir. Dövlət rəmzlərimizə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır.  Həmin sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirmişdi. Qürur və iftixar mənbəyimiz olan üçrəngli bayrağımız paytaxtımızın mərkəzində şərəflə dalğalanır. 
Qeyd etmək yerinə düşər ki, Azərbaycan bayrağına hörmətsizlik cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsində Dövlət Bayrağı və Dövlət Gerbinin təhqir edilməsi yolverilməz hesab olunur. Dövlət Bayrağı və ya Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlər - iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Bayraq həm də azadlıq rəmzi, milli ideologiya daşıyıcısıdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəng –  türkçülük, islamçılıq və müasirlik mənalarını verir. Bayrağımız üzərində əksini tapmış hilal və səkkizguşəli ulduz da türkçülüyün, islamın, çağdaşlığın, dövlətçiliyin, demokratik inkişafın, bərabərliyin, bu bayraq altında bir araya gələn insanların ortaq mədəniyyətinin nişanəsidir. Milli dəyərlərimizə həmişə hörmətlə yanaşan və dövlət atributlarımızın təbliğini diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli sərəncamına əsasən isə Bakı şəhərində Dövlət Bayrağı meydanı yaradılmış və 2010-cu il sentyabrın 1-də həmin meydanın təntənəli açılışı olmuşdur. Açılış mərasimində nitq söyləyən Prezident ­İlham Əliyev bu möhtəşəm layihəyə Azərbaycanın dövlət müstəqilliyinin göstəricisi kimi yüksək dəyər vermişdir: “Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Bayaq qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəkdik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq”. 
Qeyd etmək yerinə düşər ki, meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Dövlət Bayrağı meydanının əhəmiyyətini artıran digər mühüm amil bu monumental kompleksin dövlət rəmzlərini özündə birləşdirən məkana çevrilməsidir. Bakı şəhərinin əsas simvollarından biri olan Dövlət Bayrağı meydanı dövlətimizin gücünü və qüdrətini təcəssüm etdirməklə yanaşı, gələcək nəsillər üçün də tarixi əhəmiyyətə malikdir. Bundan başqa, Azərbaycan bayrağı həm də dövlətimizin mənəvi-siyasi pasportudur. Bu gün dünya dövlətlərinin bayraqları ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının qarşısında dalğalanır. 
Dövlət bayrağımız həm də bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Ən əsası, dövlət bayrağımız bu gün bütün dünyada yaşayan azərbaycanlıların həmrəylik simvoluna çevrilmiş, soydaşlarımızın bir bayraq altında sarsılmaz birliyinin yaradılmasında mühüm rol oynamışdır. Məhz bunun nəticəsidir ki, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir vicdanlı soydaşımız üçrəngli bayrağımıza sarılaraq azərbaycançılıq ideallarının təbliğində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması işində yaxından iştirak edir. Bu baxımdan Azərbaycanın əbədi varlığını təcəssüm etdirən dövlət bayrağımızın müstəqilliyimizin və tərəqqimizin simvolu kimi daim dalğalanacağına inam tükənməzdir. 

 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

 

 

8 Noyabr 2018 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin