• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dili ən qiymətli xəzinədir

Azərbaycan dili ən qiymətli xəzinədir

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev bu günlərdə Ağdam Muğam Mərkəzinin açılışı zamanı çıxışında bildirib ki, indi dünyada gedən qloballaşma prosesləri istər-istəməz, dilimizə də təsir edir. Azərbaycan dilinin saflığının qorunması bu gün olduqca vacibdir. 
Möhtərəm Prezidentin xalqımızın böyük sərvəti olan ana dilimizlə bağlı prinsipial mövqeyi ölkə ictimaiyyəti, ziyalılar arasında dərin razılıq hissi doğurub. Bu barədə söz düşəndə Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli dedi: 
– Bu günlərdə dövlətimizin başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti ­
Mehriban xanım Əliyevanın Ağdam rayonuna səfərini televiziyadan dərin maraqla izlədim. Möhtərəm Prezidentin Ağdam Muğam Mərkəzindəki çıxışı, xüsusilə Azərbaycan dilinin qorunması ilə bağlı söylədiyi aktual və müdrik fikirlər ürəyimdən xəbər verdi, bütün qəlbimi, ruhumu sevindirdi. Mən bir ziyalı olaraq, xalqımızın liderinə ana dilimizə göstərdiyi bu böyük sayğıya görə dərin minnətdarlığımı bildirməyi özümə borc bilirəm. 
Hər bir xalq öz dili, ədəbiyyatı, musiqisi, maddi və mənəvi mədəniyyəti ilə tanınır. Cənab Prezident haqlı olaraq vurğuladı ki, Azərbaycan xalqı ana dilində əsrlər boyu bir-birindən gözəl bədii ədəbiyyat nümunələri yaradıb. Dilimiz olduqca zəngindir və bizə yad kəlmələr lazım deyil. Hesab edirəm ki, bütün bunlar məqamında deyilmiş, olduqca müdrik fikirlərdir.  
Bəli, Azərbaycan dili bu gün dünyanın ən gözəl, zəngin dillərindən biridir. Biz dilimizin böyük imkanlarından yetərincə istifadə etməyə çalışmalıyıq. Mən tələbələrlə də bu barədə tez-tez fikir mübadiləsi aparıram Onlara tövsiyə edirəm ki, çox mütaliə etsinlər, dilimizin sirlərinə  dərindən bələd olsunlar. 
Bu yerdə böyük şairimiz Bəxtiyar Vahabzadənin ana dilimizlə bağlı gözəl misralarını xatırlamamaq olmur:  

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Biz ana dilimizi sonsuz məhəbbətlə sevməli və onu bir qiymətli xəzinə kimi gələcək nəsillərə miras qoymalıyıq. Bu, tarixi missiyadır, xalqımızın onu şərəflə yerinə yetirəcəyinə şübhə etmirəm. 

 

Söhbəti yazdı:
M.HACIXANLI, 
“Xalq qəzeti”

8 Noyabr 2018 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin