Ən son xəbərlər

Son buraxılış
Arxiv

Meşələrə, kövşənliklərə qənim kəsilənlər cəzasız qalmayacaqlar

Meşələrə, kövşənliklərə qənim kəsilənlər cəzasız qalmayacaqlar

Son günlər ölkə ərazisində havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq tez-tez yanğın hadisələri baş verir. Əksər hallarda yanğına səhlənkar, məsuliyyətsiz insanlar səbəb olurlar. 
Son vaxtlar belə halların sayı xüsusilə artıb. Təsadüfi deyil ki, ölkə KİV-lərində tez-tez meşə və kövşənliklərdə yanğınların baş verməsi ilə bağlı çox sayda narahatedici xəbərlər yayılır. Son üzücü xəbər Şəkidən gəlib. Belə ki, rayonun Köbər Zəyzid kənd sakini, 30 yaşlı Aslan Kərimov taxıl sahəsini yandıran zaman saxlanılıb. O, sahəni rahat əkmək üçün bu addımı atdığını bildirib. Məlum olub ki, Aslan şəxsi traktoru ilə sahələri şumlayır. Vətəndaşların sifarişi əsasında traktoru ilə əkin sahəsini şumlamazdan əvvəl ətrafını əkib. Lakin ərazidə çox saman olduğundan traktorla yeri əkmək çətinləşib. Ona görə də sahəni yandırıb.
Aslan Kərimovun sözlərinə görə, o, əkin sahələrinin yandırılmaması barədə həyata keçirilən son maarifləndirici tədbirlərdən və qəbul olunan cərimələrdən xəbərsiz olub. Ona görə də, işini asanlaşdırmaq məqsədilə bu addımı atıb.
Bir neçə gün əvvəl isə Altıağac Milli Parkının ərazisində baş verən yanğın zamanı 70 hektar ərazi tələf olub. Yanğın söndürüləndən sonra faktla bağlı şübhəli şəxslər müəyyən olunub. Bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib. Bu günlərdə Göyçay rayonun Qarayazı və Bığır kəndlərinin ərazisində 50 hektar biçilmiş taxıl sahəsi yanıb. Digər əkin sahələri və yaxınlıqdan keçən yüksəkgərginlikli elektrik xətləri yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Qeyd edək ki, avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb. Yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb. Ümumilikdə, son günlər biçilmiş taxıl sahələrini və digər əkin sahələrini yandıran 15 nəfər həbs edilib, 17 nəfər barədə müxtəlif inzibati cəza tədbirləri görülüb.
Taxıl biçinindən sonra sahələrə od vuranlara, habelə yüksək gərginlikli elektrik xətlərinin altında əkin sahələrini yandıraraq bu xətlərə təhlükə yaradanlara, o cümlədən meşə sahələrində qəsdən yanğın törədənlərə qarşı hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər görülür. Bundan sonra da belə əməllər törədənlər barəsində cəza tədbirləri görüləcək. Ötən il inzibati xətalar məcəlləsinə edilmiş dəyişikliyə əsasən əkin sahələrinin yandırılmasına qarşı cəzalar sərtləşdirilib.
Əkin yerlərinin yandırılmasına görə fiziki şəxsləri 400 manatdan 600 manata qədər, vəzifəli şəxsləri 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 6000 manata qədər cərimə gözləyir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə deyib ki, ölkə ərazisinin 12 faizini tutan meşələrin 85 faizi dağlıq, 15 faizi isə düzən ərazilərdə yerləşir. Onun sözlərinə görə, təəssüf ki, meşələrdə yanğınların baş verməsi, əsasən, insan faktorundan qaynaqlanır. Təəssüf ki, bəzi insanlar ya bilərəkdən, yaxud səhlənkarlıqdan meşəlik ərazilərdə açıq alovdan istifadə edirlər. Onlar düşünmürlər ki, bu zaman ana təbiətə ciddi zərər vururlar.  Alimlər hesablayıblar ki, 1 santimetr humus qatının formalaşması üçün 300 il vaxt lazımdır. Bu cür məsuliyyətsiz hərəkətlər nəticəsində minlərlə  hektar ərazi sıradan çıxır. 
Mütəxəssislər qeyd edirlər ki, bəzi yerlərdə növbəti əkinə hazırlıq məqsədilə biçindən sonra zəmi, biçənək və kövşənlər qanunsuz olaraq yandırılır.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə hesab edir ki, belə səhv yanaşmanın qarşısı alınmalıdır. Onun fikrincə, fauna və floraya ziyan vuranlara qarşı  daha ciddi tədbirlər görülməlidir. 
Nazirliyin ekoloji maarifləndirmə və ictimai əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bu günlərdə atmosferə atılan tullantılar və toz barədə mediaya açıqlama verib. O deyib: “Toz dumanları, eyni zamanda, atmosferə atılan zərərli maddələrin toplanması üçün əlverişli meteoroloji şəraitin yaranmasına səbəb olur. Buna görə də həmin vaxtlar toz dumanı ilə yanaşı, atmosfer havasında digər zərərli maddələrin miqdarının da artması insan orqanizmi üçün əlavə təhlükə törədir. Bu da əhalinin sağlamlığına, əsasən də tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkənlərə mənfi təsir göstərir”.
Statistikaya əsasən, keçən il ölkəmizin ayrı-ayrı bölgələrində 18 yanğın hadisəsi nəticəsində 1098 hektar, bu ilin 7 ayında isə 19 yanğın hadisəsi nəticəsində 701 hektar meşə və çöl əraziləri yanğına məruz qalıb. Bu vətənimizin yaşıl libasına basılan odlu damğadır.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti” 

10 2018 21:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin