• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dilimizin şirinliyini və mükəmməlliyini qorumalıyıq

Dilimizin şirinliyini və mükəmməlliyini qorumalıyıq

Dahi klassiklərimiz İ.Nəsimi, M.Füzuli, Şah İsmayıl Xətai, M.F.Axundzadə, F.Köçərli, N.Nərimanov və başqaları daim ana dilimiz haqqında yüksək fikirlər söyləmiş, bir sözlə, bu sahədə əsl nümunə göstərmişlər. 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanıldı. Məhz bundan sonra respublikada bütün sənədləşmələr latın qrafikası ilə aparıldı. 
Ulu öndərin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin sərəncam və çıxışları dilimizə qayğının növbəti nümunəsidir. Cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları da öz ictimai-tarixi roluna görə, mühüm əhəmiyyət kəsb edir. Həmin fərmanlara uyğun olaraq, 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə əsərlərin çapı geniş oxucu kütləsinin artan marağını təmin etmişdir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli sərəncamı böyük tarixi əhəmiyyətə malikdir. Bu fərman bizi dilimizi qorumaq üçün daha əzmlə fəaliyyətə sövq edir. 
AMEA-nın 70 illik yubileyində Prezident İlham Əliyevin çıxışı bizi dilimiz barədə daha dərindən düşünməyə sövq edir. Çünki dilimizin əsas xüsusiyyətlərini qorumaq, qramatik qayda-qanunlarına riayət etmək ilk öncə bizim vəzifəmizdir. Bu, eyni zamanda, xalq ədəbiyyatına – folklora da aiddir. Folklorda da dilin məziyyətlərini saxlamaq, dil daşıyıcılarının borcudur. Buna türk xalqları folklorunda Molla Nəsrəddinlə bağlı yayılmış bir çox lətifələri nümunə göstərə bilərik.
Doğrudur, bir çox dünya xalqları folklorunda Molla Nəsrəddin süjetləri geniş yayılmışdır. Həmin süjetləri müqayisəli şəkildə təhlil etdikdə və onların dilinə diqqət yetirdikdə görürük ki, (əsasən də türk xalqları folklorunda) fərqli cəhətləri olsa da, onların hamısında təsadüf edilən ümumi dil oxşarlığı vardır.
 Çalışdığım sahə ilə əlaqədar deyə bilərəm ki, Azərbaycanda tədqiq olunmuş və hazırda da araşdırılan folklor nümunələrinin dilinə çox böyük diqqət yetirilir. Çünki Azərbaycan dilinin mükəmməlliyi bunu tələb edir. Görkəmli folklorşünas--alim Hənəfi Zeynallı öz tədqiqatlarında dilin əsas cəhətlərinin qorunmasına hərtərəfli diqqət yetirmişdir. Elə bundan görünür ki, toplanmış folklor nümunələri hazırlanarkən onun dilinə xüsusi diqqət yetirilmişdir. Bu nümunələri oxucuların, xüsusilə gənc nəslin daha yaxşı qavraması üçün – məzmuna xələl gətirmədən onları dilin qanunlarına uyğunlaşdırmışlar. Şifahi xalq ədəbiyyatında isə dilin mükəmməlliyi əsasən XX əsrin ikinci yarısından sonra tədqiq olunan əsərlərdə özünü daha parlaq ifadə edir.
 Müasir radio-televiziya və internet şəbəkəsinin kütləviləşməsi dil mədəniyyətinin də yüksəlməsinə səbəb olmuşdur. Lakin qeyd etmək lazımdır ki, dialekt dilinin fəaliyyət dairəsi get-gedə məhdudlaşmağa başlamışdır. Ümumi mədəni səviyyənin inkişafı elmin genişlənməsinə şərait yaradır və ədəbi dil ilə xalq dilinin sintezi meydana gəlir. 
 Folklorun dillə əlaqəsini paralel şəkildə inkişaf etdirmək üçün dilin qayda-qanunlarına əməl etmək vacibdir. Bu sahədə müəllimlərin, xüsusən, dil və ədəbiyyat müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Şagirdlərin şifahi və yazılı vərdişlərini düzgün formalaşdırmaq müəllimlərin başlıca vəzifəsidir. Hər bir şəxsdə orfoqrafik və orfoepik bacarıq məhz orta məktəbdən formalaşır. Şagirdlərin ədəbiyyatımızı təkcə internet səhifələrindən deyil, kitablardan oxuyub izləmələri təşkil edilməlidir. 
Bədii ədəbiyyat həyat həqiqətlərini öyrətməklə yanaşı, şagirdlərin dil və nitq vərdişlərinin də formalaşmasına imkan açır. Bədii ədəbiyyatı çox oxuyan şagirdin dil qabiliyyəti, nitq vərdişi və yazı mədəniyyəti mükəmməl olur. Bu baxımdan, müəllim öz şifahi nitqini tələblər səviyyəsində qurmalı, nitq mədəniyyəti və bacarığı ilə şagirdlərə örnək olmalıdır. Təəssüflə qeyd etmək istəyirəm ki, internet səhifələrində, bəzi mətbuat nümunələrində sözlərin təhrifi, səhv yazılması da ədəbi dilin korlanmasına aparır.
 Dahi Füzuli dili səhv yazıları ilə korlayan şəxslər üçün belə deyirdi: 

Qələm olsun əli ol katibi-bədtəhririn 
Ki, fəsadi-rəqəmi sözümüzü şur eylər.
Gah bir hərf süqutilə qılar nadiri nar,
Gah bir nöqtə qüsurilə gözü kur eylər.

 

Güldanə PƏNAHOVA,
AMEA Folklor İnstitutunun doktorantı

8 Noyabr 2018 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin