• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaqların icbari dispanserizasiyası onların sağlamlığının yaxşılaşdırılmasına xidmət edəcək

 Uşaqların icbari dispanserizasiyası onların sağlamlığının yaxşılaşdırılmasına xidmət edəcək

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial- yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə BMT-nin Uşaq Hüquqları Konvensiyasına və “Minilliyin İnkişaf Məqsədləri”nə, eləcə də “Azərbaycan–2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun mühüm tədbirlər həyata keçirilmişdir. 
Uşaqlara tibbi yardım göstərən səhiyyə  müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər respublikada uşaqlara bu sahədə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan vermişdir. Respublikada həyata keçirilən bütün bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə nəzərəçarpan müsbət dinamika müşahidə olunur.
Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərin vaxtında aşkar olunması məqsədi ilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır.
“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmış dövlət proqramı uşaqlar arasında xəstələnmənin, habelə sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına yönəldilmişdi.
Həmin dövlət proqramı 2013–2017-ci illər üçün nəzərdə tutulmuşdu və uşaqların icbari dispanseriyzasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini və əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tuturdu. 
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş yeni “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair ­2018–2022-ci illər üçün Dövlət Proqramı” “Uşaqların icbari dispanserizasiyası haqqında”  Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli fərmanının icrası ilə əlaqədar həyata keçirilmiş “2013--2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın davamı olaraq hazırlanmışdır.
Qeyd etməliyik ki, Azərbaycan Prezidentinin 2013-cü il 10 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2013--2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində uşaqlara tibbi yardım göstərən səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılmışdır. Həyata keçirilən tədbirlər uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına imkan vermişdir.
Səhiyyə Nazirliyi tərəfindən ötən dövr ərzində icbari dispanserizasiyadan keçmiş uşaqların registrinin yaradılması üçün proqram təminatı modulu hazırlanmış və ölkə üzrə bütün ambulator xidmət göstərən tibb müəssisələrində tətbiq edilmişdir. Hazırlanmış proqram təminatı modulunun mövcud elektron sağlamlıq kartı sisteminə inteqrasiyası təmin edilmişdir. Belə ki, indi uşaq poliklinikalarının hamısında qeydiyyatda olan bütün uşaqların-- anadan olduğu gündən başlayaraq, inkişafında baş verən bütün dəyişikliklər, xəstəliklər, aparılan peyvəndlər elektron kart sistemində toplanır. İndi uşağın keçirdiyi xəstəliklə, aldığı peyvəndlərlə bağlı uzun-uzadı qeydiyyat kitabçası axtarıb, orada qeydə alınan hər hansı müayinə- müalicə nəticəsini öyrənməyə vaxt getmir. Elektron kart vasitəsilə istədiyin məlumatı almağa dəqiqələr lazım olur. Bu da kritik anlarda məlumatın tez əldə edilməsinə və uşağı düşdüyü durumdan az müddət ərzində  çıxarmağa yardım edir.
Eyni zamanda, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq klinik protokollar və təlimatlar hazırlanmışdır ki, xəstəxanalar və poliklinikalar həmin protokol və təlimatlar əsasında işləyir. Dövlət proqramı çərçivəsində hər il uşaqların 95 faizdən çoxu tibbi müayinədən keçirilir, aparılan müayinələr nəticəsində xəstəlik aşkar edilən uşaqlar dispanser qeydiyyatına alınır, onların arasında müalicə-sağlamlaşdırıcı tədbirlər həyata keçirilir. Statistika göstərir ki, bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunmuşdur.
Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyevin sözlərinə görə, ölkəmizdə uşaqların 92 faizi icbari dispanserizasiya tədbirlərinə cəlb olunub. Müayinələr nəticəsində uşaqların, təqribən, 5 faizində bu və ya digər formada sağlamlığın pozulması riski və xəstəliklər aşkarlanıb. Hazırda uşaqların icbari dispanserizasiyası tədbirləri davam etdirilir. Professor bildirib ki,  müayinə olunanlar arasında ən çox tənəffüs yollarının xəstəlikləri, anemiya və qurd invaziyaları aşkar olunmuşdur. Bundan başqa, tibbi müayinədən keçirilən uşaqlar arasında göz xəstəliklərinə də rast gəlinir.
Baş pediatr Azərbaycanda uşaq ölümü göstəricisinin 1992-ci illə müqayisədə 3 dəfə azaldığını, uşaqların icbari dispanserizasiyasının bu rəqəmlərin daha da azalmasına səbəb olacağını bildirib. Dediklərimizə əsasən, uşaqlarla, onların müayinə və müalicəsi ilə bağlı bütün problemlərin aradan qalxdığını söyləmək olmaz. Qeyd etməliyik ki, respublikada hələ də uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılmasına ehtiyac vardır.
Dövlət proqramı uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, uşaqlar arasında yayılan patologiyaların profilaktikasına, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin görülməsinə, uşaq ölümünün azaldılmasına, uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıqlarla və reaktivlərlə təchiz edilməsinə istiqamətlənməklə, həmçinin kadrların təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin daha geniş miqyasda həyata keçirilməsini və əhali arasında maarifləndirmə işlərinin səmərəliliyinin artırılmasını nəzərdə tutur.  Proqramda bunlarla bağlı təhsil və səhiyyə, əmək və əhalinin sosial müdafiəsi  nazirliklərinə tövsiyələr verilib.
Yeni dövlət proqramının əsas məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir.
Qeyd etdik ki,  dövlət proqramında  səhiyyə, təhsil və əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin səlahiyyətləri  daxilində onlara yerinə yetirilməsi vacib olan bir sıra vəzifələrin həlli  tapşırılmışdır.  Birmənalı olaraq bütün səhiyyə müəssisələri qarşısında tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin qeydiyyat sisteminin təkmilləşdirilməsi kimi vəzifələr qoyulmuşdur.
Təhsil Nazirliyinə, uşaqların dispanserizasiyasını həyata keçirən, xüsusilə də ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, dispanserizasiyanı yerinə yetirən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibbi texnika və avadanlıqlarla təchizatının yaxşılaşdırılması, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədi ilə aparılan maarifləndirmə işinin gücləndirilməsi tövsiyə edilmişdir.
Proqramda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə  xəstə və xəstələnmə riski olan uşaqların sanatoriya və bərpa müalicəsinin təşkili, eyni zamanda, çətin həyat şəraitində olan,  xəstə və xəstələnmə riski olan uşaqların ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsinin həyata keçirilməsi, tibbi və sosial tədbirlər kompleksinin hazırlanması və yerinə yetirilməsi bir vəzifə olaraq tapşırılıb.  Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş dövlət proqramının icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. 
Bəs bu proqramın reallaşması özünü necə göstərəcək, nəticələr necə olacaq?  Dövlətin istədiyi və inandığı odur ki, uşaqlara göstərilən tibbi xidmətin səviyyəsi yüksəldiləcək, uşaqların sağlamlıq vəziyyəti yaxşılaşdırılacaq. Qeyd edək ki, dispanserizasiya normal aparılan halda,  uşaq ölümünün azaldılmasına nail olunacaq və uşaqların sağlam həyat tərzi istiqamətində maarifləndirilməsi, onların dispanserizasiyasının əhəmiyyəti barədə əhalinin məlumatlandırılması həyata keçiriləcək.
Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

10 2018 21:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin