• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qadağa saatlarında yük avtomobillərinin şəhərə daxil olmasına nəzarət gücləndirilir

Qadağa saatlarında yük avtomobillərinin şəhərə daxil olmasına nəzarət gücləndirilir

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun ­2015-ci il tarixli qərarında nəzərdə tutulan qadağa saatlarında Bakı şəhərində yük avtomobilləri sürücülərinin yük daşımaları ilə bağlı növbəti tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, bu, onunla bağlıdır ki, əvvəlki dövrdə yük avtomobillərinin müəyyən edilən saatlarda şəhərə girişinə nəzarətdə müəyyən problemlər müşahidə olunub, başqa sözlə, qadağa vaxtlarında həmin maşınların şəhərin küçələrində hərəkəti nəzərə çarpıb. Elə buna görə də artıq Daxili İşlər Nazirliyi paytaxtın giriş və çıxışında xüsusi kameralar quraşdıraraq, qadağa saatlarında yük avtomobillərinin şəhərə daxil olmasına nəzarəti gücləndirir. 
Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı məlumatında bildirilir ki, mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata alınacaq və müvafiq olaraq cərimə olunacaq. Bununla da yük maşınlarının qadağa saatlarında şəhərə daxil olması və yollarda problem yaratması aradan qaldırılacaq. 
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev də mətbuata açıqlamasında bildirir ki, cari il noyabr ayının 15-dən etibarən müəyyən olunan saatlarda yük avtomobillərinin paytaxta girişi xüsusi kameralarla aşkar ediləcək. Bu isə problemin daha asan həllinə imkan yaradacaq.
R.Quliyevin məlumatında, həmçinin xatırladılır ki, yuxarıda göstərilən tarixdən yük avtomobillərinin Bakı şəhərinə girişi üçün tətbiq edilən məhdudiyyətə əməl edilməməsi, bununla bağlı nəzərdə tutulan yol nişanlarının tələbinin pozulması xüsusi texnika vasitəsilə real vaxt rejimində üzə çıxarılaraq, elektron qaydada sənədləşdiriləcək. Nəticədə sürücü-polis arasında xoşgəlməz hallar nəzərə çarpmayacaq. 
Bu qərar, həm də avtomatik idarəetmə sisteminin yaradılmasının göstəricidir. Hər bir sürücü bilir ki, kimliyindən asılı olmayaraq kameradan yayına bilməyəcək. Bu, həmçinin yol hərəkətində mədəniyyətin formalaşmasına müsbət təsir göstərəcək. Çünki yük avtomobillərinin kor-koranə hərəkəti, düzgün olmayan yerdə maşınları park etmələri uzun müddətli sıxlığa, yol nəqliyyat hadisələrinə və ləngimələrə səbəb olurdu.
Nəqliyyat eksperti Vidadi Məmmədov məsələ ilə bağlı açıqlama verərək bildirdi ki, paytaxtda nəqliyyatın sayı durmadan artır. Bu, xüsusilə sentyabrın 15-dən, təhsil ocaqlarında dərslərin başlanmasından sonra daha intensiv xarakter alır. Nəticədə Bakının yollarında nəzərə çarpan hərəkət sıxlığı ciddi narahatlıq doğurur. Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı da məhz bu amillə bağlıdır. Təcrübə göstərir ki, nəzərdə tutulmuş saatlarda paytaxta yük avtomobillərinin daxil olmasının qadağan edilməsi qərarı səmərəli nəticə verir. Lakin bu halların tamilə azalması üçün bu il noyabr ayının 15-dən tətbiq ediləcək yenilik nəzarəti bir qədər də gücləndirəcək.
Xatırladaq ki, noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə daxil olması üçün müvafiq marşrutlar da müəyyən edilib. 

Hazırladı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

8 Noyabr 2018 22:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin