• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DOST Agentliyinin yaradılması Azərbaycanda uğurla həyata keçirilən sosial inkişaf strategiyasının tərkib hissəsidir

DOST Agentliyinin yaradılması Azərbaycanda uğurla həyata keçirilən sosial inkişaf strategiyasının tərkib hissəsidir

Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev 9 avqust 2018-ci il tarixli fərman imzalayıb. Sənədə əsasən, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılması qərara alınıb. Eyni zamanda, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini reallaşdıran “DOST” mərkəzlərinin təşkili nəzərdə tutulub.  
Gələcəkdə həmin mərkəzlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında fəaliyyət göstərmələri, vətəndaşların telefon, yaxud internet vasitəsilə müraciətlərinə səyyar və digər üsullarla baxılması sözügedən fərmanda öz konkret  ifadəsini tapıb. 
Dövlətimizin başçısının imzaladığı bu fərman bir daha göstərir ki, son 15 il ərzində ölkəmizin sosial dövlət modelinin praktik müstəvidə uğurla reallaşmasını təmin edilib. Bunun da nəticəsində iqtisadi sistemin əsası hesab olunan, inkişaf səviyyəsinə görə bütünlükdə cəmiyyətin demokratikliyini, iqtisadiyyatın sosialyönümlülüyünü, əhalinin həyat şəraitini səciyyələndirməyə imkan verən sosial-əmək münasibətləri sahəsində aktual vəzifələrin həlli istiqamətində əsaslı uğurlar qazanılıb. Respublikada yüksək rifahın həlledici amillərindən olan məşğulluğun daim xüsusi diqqət mərkəzində saxlanılması əhalinin sahibkarlıq fəaliyyəti üçün münbit şəraiti təmin edib, eləcə də ölkədə 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yerlərinin yaradılmasına imkan verib.  
Son 15 il ərzində əhali gəlirlərinin 8,6 dəfə artması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi insanların həyat səviyyəsinin yüksəldilməsi üçün imkanların yaradılmasının əyani təsdiqidir. Bu siyasətin tərkib hissəsi kimi əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə, əmək ödənişlərindən gəlirləri isə 7,5 dəfə artıb. 
Əhalinin həyat səviyyəsinin ildən-ilə yaxşılaşması yoxsulluğun kəskin şəkildə azalması ilə nəticələnib və bu sahədə  Azərbaycanda qazanılan müsbət təcrübə respublikamızın  BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilən dövlətlər sırasına daxil edilməsini, bununla da ölkəmizin sosial inkişaf modelinin artıq beynəlxalq miqyasda bir nümunə kimi qəbulunu şərtləndirib.  
Son illərdə ölkədə sistem xarakterli dəyişikliklər hesabına sosial ədalət  gerçəkləşdirilib, qeyri-bərabərliyin zəiflədilməsi, eləcə də hər kəsə gəlir mənbəyinə malik olmaq, öz potensialını formalaşdırmaq  sahəsində bərabər imkanlar yaradılması kimi prinsiplər reallaşdırılıb. Eyni zamanda, müasir texnologiyaların və innovativ yeniliklərin geniş tətbiqi ilə həyata keçirilən islahatlar sosial sferada mütərəqqi dünya təcrübəsinə söykənən optimal modelin qurulmasını şərtləndirib, əhatəlilik, ünvanlılıq, şəffaflıq və səmərəlilik kimi amillərə əsaslanan modern xidmət konsepsiyasının icrasında önəmli rol oynayıb.   
Bütün sadalananlar bir daha ona dəlalət edir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi praqmatik islahatlar kursu ölkəmizdə cəmiyyətin ehtiyaclarına maksimum uyğunlaşmanı və vətəndaş məmnunluğunu əsas məqsədə çevirən, hər kəsə öz rifahını və sosial statusunu gücləndirmək imkanı yaradan müasir sosial dövlət modelinin uğurla gerçəkləşdirilməsini təmin edib.  
Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, qəbul edilən fundamental qərarlar, imzalanan  fərman və sərəncamlar, dövlət proqramları ölkədə insan firavanlığının ümumi inkişafın başlıca məramı kimi qəbul olunmasını şərtləndirməklə, dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, problemləri, təhlükəsizliyi, xoşbəxtliyi dayanır” bəyanatının əməli şəkildə təsdiqinə çevrilən mühüm nailiyyətlərin əldə edilməsinə gətirib çıxarıb. Bu baxımdan dövlətimizin başçısının əhalinin sosial müdafiəsi məsələlərini daim xüsusi diqqət mərkəzində saxlaması əksər ölkələrin getdikcə artan maliyyə təzyiqləri səbəbindən sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşdığı bir zamanda, Azərbaycanda sosial proqramların vaxtında və tam icra edilməsinə, yeni-yeni sosialyönümlü təşəbbüslərin reallaşdırılmasına imkan verib.  
Ölkədə həyata keçirilən sosial siyasətin mühüm uğurları sırasında, təbii ki, etibarlı sosial müdafiə sisteminin formalaşması, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsi mühüm yer tutur. Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir və həssas əhali qruplarına münasibətdə dövlətimizin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqət çəkir. Təsadüfi deyil ki, Dünya Bankının son illərdə apardığı qiymətləndirmələr nəticəsində Azərbaycanda mövcud olan sosial ödənişlər sistemi geniş əhatəliliyə malik olan və əhalinin  yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan bir sistem kimi dəyərləndirilib.
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə, yaşla bağlı pensiya üzrə əvəzetmə əmsalına görə isə 1-ci yerdə qərarlaşıb. Hazırda Azərbaycanda yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti 0,5 faiz təşkil edir və bu, inkişaf etmiş ölkələrin müvafiq göstəricisi ilə, təqribən, eyni səviyyəddir.
Prezident İlham Əliyevin inkişaf strategiyasının başlıca istiqamətlərindən biri məşğulluq imkanlarının artırılması, iqtisadi inkişaf proseslərində məşğulluq amilinin üstünlük təşkil etməsi, sosial müdafiə siyasətinin məhz bu amil üzərində gücləndirilməsinə nail olunmasıdır. Bu əsasda Azərbaycanda uğurla reallaşdırılan məşğulluq modeli bazar iqtisadiyyatının qanunauyğunluqlarının düzgün proqnozlaşdırılması və qiymətləndirilməsini, tələb və təklifin balanslaşdırılması üçün zəruri tədbirlərin görülməsini,  o cümlədən əmək bazarında təklif və tələb arasında tarazlığın saxlanmasını təmin edib. Bu amil işsizlik səviyyəsinin əhəmiyyətli şəkildə aşağı düşməsinə təsir göstərib, eləcə də növbəti illərdə bu müsbət tendensiyanın dayanıqlılığı üçün əsaslı zəmin yaradılıb. Həyata keçirilən bu tədbirlər isə son 15 ildə məşğul əhalinin sayının 21,4 faiz, muzdlu işçilərin sayının 24 faiz artması, işsizlik səviyyəsinin isə 9,2 faizdən 5 faizə enməsi ilə nəticələnib. 
Məşğulluqla bağlı digər statistik göstəricilər də diqqət çəkir. Belə ki, ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar əmək bazarında əhalinin məşğulluğunun inkişafına təkan verib. Bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması, sahibkarlığın inkişaf etdirilməsi, əlverişli işgüzar mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əmək bazarı və məşğulluq sahəsində irəliləyiş əldə etməyə əlverişli şərait yaradıb, 2003-cü ilin IV rübündən bu ilin əvvəlinədək respublikamızda 1 milyon 958,4 min yeni, o cümlədən 1 milyon 436,2 min daimi iş yerləri yaradılıb. Bunun nəticəsi olaraq, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 73,8 min nəfər, məşğul əhalinin sayı 4 milyon 822,1 min nəfər olub və 2003-cü illə müqayisədə iqtisadi fəal əhali 16 faiz, məşğul əhalinin sayı isə 21,4 faiz artıb. İqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payı 2003-cü ildə 70,3 faiz olmuşdusa, bu göstərici 2017-ci ildə 75,8 faiz təşkil edib.
Ölkənin sosial- iqtisadi inkişafını xarakterizə edən bütün bu statistik məlumatların təhlili göstərir ki, hazırda Azərbaycanda yeni, mükəmməl milli iqtisadi inkişaf modeli formalaşdırılıb. Respublikamızda dayanıqlı və hərtərəfli inkişafın əsas təzahürü olan bu model ölkə Prezidenti cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyətinin nəticəsidir və xalqımızın işıqlı gələcəyini təmin edən dövlət idarəçiliyinin etibarlı əllərdə olduğunu bir daha təsdiqləyir.  
Vaqif BAYRAMOV,
 “Xalq qəzeti” 

10 2018 21:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin