• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib

Əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib

Sofiyada Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib. İclasda komissiyanın Azərbaycan tərəfindən həmsədri olan kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclasda çıxış edən Müştərək Komissiyanın həmsədri Bolqarıstanın energetika naziri Temenujka Petkova Komissiyanın beşinci iclasının gündəliyi barədə qısa məlumat verib. Nazir Bolqarıstan-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib. O, Bolqarıstanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. Azərbaycan ilə Bolqarıstan arasında energetika sahələrində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb.

Energetika sahəsində əməkdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsi olduğunu bildirən Temenujka Petkova Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası baxımında Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizinin önəmindən danışıb. Bu layihə çərçivəsində Azərbaycan qazının Avropaya nəqli və bu xüsusda Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə Bolqarıstanın təbii qazla təmin olunmasının əhəmiyyətini vurğulayıb.

İclasda çıxış edən kənd təsərrüfatı naziri, Müştərək Komissiyanın həmsədri İnam Kərimov bildirib ki, bu gün Azərbaycan özünün davamlı iqtisadi inkişafını qoruyub saxlayır, dünyaya bütün mədəniyyətlərin birgəyaşayış modelini və tolerantlıq nümunəsini təqdim edir. Naziri deyib: “25 illik diplomatik əlaqələrə malik olduğumuz Bolqarıstan Azərbaycanın əməkdaşlığın bütün sahələrində strateji tərəfdaşlarından biridir. Ölkələrimiz arasında təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial imkanlar mövcuddur”.

İnam Kərimov hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini, Bolqarıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın beynəlxalq hüququn normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəklədiyini xüsusi vurğulayıb.  O, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsulların Bolqarıstan bazarına çıxarılmasının qarşısının alınmasının zəruriliyini vurğulayıb və ümumiyyətlə, Bolqarıstanın, o cümlədən Avropa İttifaqı ölkələrinin separatçı rejimlə əməkdaşlıq etməməli olduqlarını diqqətə çatdırıb.

Sonra Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun Bolqarıstanın energetika naziri Temenujka Petkova ilə ikitərəfli görüşü keçirilib.

İclasda Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova  iştirak edib.

                                         

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

8 Noyabr 2018 18:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin