• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 474 Bakı şəhəri, 6 noyabr 2018-ci il
“Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması Qaydası”nın təsdiq edilməsi haqqında
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1923 nömrəli Fərmanının 1.4.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 201, № 3, maddə 311; 2016, № 5, maddə 955; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 avqust tarixli 367 nömrəli Qərarı) 1-ci hissəsindən “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası”, ” sözləri çıxarılsın.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının 
Baş naziri
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 noyabr tarixli 474 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

  

Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması ilə bağlı məsələləri tənzimləyir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. ekoloji təmiz kənd təsərrüfatı - kimyəvi-sintetik (süni) maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanlarının yetişdirilməsi, habelə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi və sertifikatlaşdırılması;

1.2.2. ekoloji təmiz kənd təsərrüfatına keçid (konversiya) dövrü - ənənəvi kənd təsərrüfatı üsulundan ekoloji təmiz kənd təsərrüfatına keçməklə əlaqədar müvafiq norma, qayda və tövsiyələrin tətbiqinə başlanmasından ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılmasına qədər olan müddət;

1.2.3. uyğunluğu qiymətləndirən qurum - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standart, texniki reqlament və digər normativ hüquqi aktla müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;

1.2.4. genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələri - gen mühəndisliyi metodlarının tətbiqi ilə yeni genetik kombinasiyaya malik canlı orqanizmlər və onların təkrar istehsalından əldə olunmuş törəmə məhsullar;

1.2.5. ekoloji müşahidə - ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal edilməsini araşdırmaqla, müşahidələr və təhlillər aparmaqla, məlumatlar hazırlayıb müvafiq orqanlara və təsərrüfat subyektlərinə təqdim etmək üçün fəaliyyət.

Qeyd. Bu Qaydada işlədilən “ekoloji təmiz” anlayışı beynəlxalq qanunvericilikdə mövcud olan “bioloji”, “üzvi” və “təbii” anlayışlar ilə eyni mənanı ifadə edir.

 

2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının

markalanmasına dair tələblər

 

2.1. Ekoloji təmiz kənd təsərrüfatında istehsal olunan məhsullar istehsalçılar tərəfindən  texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq qablaşdırılır və “EKO-keçid” və “EKO” sözləri göstərilməklə, müvafiq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən markalanır.

2.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının (bundan sonra - məhsul) markalanması üçün istehsalçı akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən quruma ərizə ilə müraciət etməlidir.

2.3. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların siyahısı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəsmi internet saytında yerləşdirilir.

2.4. Bu Qaydanın 2.2-ci bəndində göstərilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.4.1. fiziki şəxslər üçün – şəxsiyyət vəsiqəsinin və vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surəti;

2.4.2. hüquqi şəxslər üçün – vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surəti;

2.4.3. bu Qaydanın 2.4.1-ci və 2.4.2-ci yarımbəndlərində göstərilən şəxslərin nümayəndələri müraciət etdikdə, onun səlahiyyətini təsdiq edən sənəd.

2.5. Ərizəçidən bu Qaydanın 2.4-cü bəndində göstərilməyən sənədlərin tələb edilməsinə yol verilmir.

2.6. Bu Qaydanın 2.4.1-2.4.2-ci yarımbəndlərində göstərilən sənədlər təqdim edildikdən sonra akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə elektron qaydada və ya sifarişli poçt bildirişi vasitəsilə 2 (iki) iş günü müddətində məlumat verir.

2.7. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum təqdim olunmuş sənədləri araşdırır, sənədlərdə çatışmazlıqlar olmadıqda, ərizəçiyə məxsus məhsulun markalanması üçün ərizəni qəbul edir.

2.8. Markalanmaya təqdim edilən ekoloji təmiz kənd təsərrüfatı məhsulu qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olduğu təqdirdə, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum 7 (yeddi) iş günü müddətində məhsulun markalanmasını başa çatdırmalıdır.

2.9. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edilən istehsal prosesləri “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblərə uyğun olduğu təqdirdə, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum həmin təsərrüfatda istehsal edilən məhsulun “keçid dövrünün məhsulu” adı ilə satışına icazə verir.

2.10. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda istehsal edilən məhsulun etiketində “EKO-keçid” sözləri yazılmalıdır.

2.11. Keçid dövrü məhsullarının markalanmasında istifadə olunan rənglər və ölçülər ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanmasında istifadə edilən təsvirdən fərqlənməməlidir.

2.12. Keçid dövrü başa çatdıqdan sonra istehsal olunan məhsul ekoloji təmiz məhsul kimi markalanır və etiketin üzərində “EKO” sözü yazılır.

2.13. Emal üçün istifadə olunan məhsul ənənəvi üsulla istehsal olunan digər kənd təsərrüfatı məhsulları ilə qarışdırılıb emal edildikdə, emal edilmiş həmin məhsul ekoloji təmiz məhsul hesab edilmir və ümumi qaydada markalanır.

2.14. Məhsulun markalanması “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

2.15. Məhsulun etiketinin üzərində və ya qoşma sənədlərinin (açıq, qabsız daşınan mallarda) mətnində aşağıdakı məlumatlar göstərilməlidir:

2.15.1. istehsal və emal müəssisəsinin (sahibkarın) adı, ünvanı və milli əmtəə nişanı;

2.15.2. ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını göstərməklə məhsulun adı, növü, tərkibi, miqdarı (çəkisi);

2.15.3. məhsulun qida və enerji dəyərliliyi, istifadə sahəsi və qaydaları;

2.15.4. məhsulun saxlanma şərtləri;

2.15.5. məhsulun istehsal tarixi və yararlılıq müddəti;

2.15.6. ekoloji müşahidənin nəticələrinə dair məlumat;

2.15.7. akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı;

2.15.8. məhsulun digər məhsullarla birgə anbara yığılmasının qadağan olunmasına dair göstəriş;

2.15.9. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktda tələb olunan digər məlumatlar (məhsulun qablaşdırma materialları, daşınma şərtləri, istifadə olunan qida xammalı və s.).

2.16. Azərbaycan Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilmədiyi barədə məlumatlar qeyd edilməlidir.  İxrac üçün Azərbaycan Respublikasının ərazisində istehsal edilən malların etiketləri üzərindəki məlumatlar müvafiq xarici dillərlə yanaşı, Azərbaycan Respublikasının dövlət dilində də yazılmalıdır.

2.17. Məhsulun adı ona oxşar qida məhsullarından fərqlənməyə imkan vermədikdə, həmin məhsulun satış adı təsviri məlumatla müşayiət olunur.

2.18. Məhsulun adı həmin məhsul barədə alıcıda tam təsəvvür yarada bilmirsə, onun fiziki vəziyyəti, yaxud tətbiq olunan xüsusi emal üsulları (məsələn, döyülmə, sublimasiya yolu ilə qurudulma, dondurulma, qatılaşdırma və s.) barədə məlumatlar məhsulun adına daxil edilməli, yaxud məhsulun adı həmin məlumatlarla müşayiət olunmalıdır.

2.19.  Qablaşdırılmış məhsulların xalis çəkisi, müvafiq olaraq, mayelər üçün həcm vahidləri (litr, millilitr və s.), bərk halda olan qida məhsulları üçün isə kütlə vahidləri (kiloqram, qram və s.) ilə ifadə olunmalıdır.

2.20. Bərk məhsul maye halda satıldıqda, məhsulun quru xalis çəkisi onun etiketlənməsində göstərilməlidir. Bu tələb dondurulmuş analoji məhsullara da şamil olunur.

2.21. Etiketlənmə zamanı yararlılıq müddəti aşağıdakı qaydada göstərilir:

2.21.1. yararlılıq müddəti 72 saatdan artıq olmayan məhsullar üçün:

      “__________________________

saat ərzində yararlıdır.”;

(saat)

2.21.2. yararlılıq müddəti 3 sutkadan 3 ayadək olan məhsullar üçün:

      “__________________________

tarixədək yararlıdır.”;

(gün, ay)

2.21.3. yararlılıq müddəti 3 aydan artıq olan məhsullar üçün:

      “__________________________

tarixədək yararlıdır.”.

(ay, il)

2.22. Etiketlənmədə göstərilməsi zəruri olan məlumatlar məhsulun üzərində asanlıqla görünən yerdə yerləşdirilməli, yazılar aydın oxunmalı, anlaşıqlı olmalı və silinməməlidir.

2.23. Qida məhsulunun hazırlanmasında istifadə olunan bütün inqrediyentlər “İnqrediyentlər” başlığı altında çəkilərinin azalması qaydasında göstərilir.

2.24. Allergik təsirə malik olan, yaxud qəbul edilməsi insan orqanizmində mənfi təsirlər yarada bilən inqrediyentlərin məhsulun tərkibində mövcudluğu etiketlərdə göstərilməlidir.

2.25. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması ilə bağlı hərəkətindən (hərəkətsizliyindən) şikayət “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun verilə bilər.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin