Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəriflik, kubarlıq, nəciblik mücəssəməsi...

Zəriflik, kubarlıq, nəciblik mücəssəməsi...

 Radio günü ilə bağlı jurnalist, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Bayramovanın ilk diktorlardan olan anası haqqında xatirəsini, əminəm ki, oxucular da maraqla qarşılayacaq.

“Azərbaycan üçün ağır, ziddiyyətli və mürəkkəb bir dövrdə--1941-ci ildə ölkənin üzərində faşizmin qara yelləri əsdiyi bir vaxtda, hələ ilk addımlarını atmaqda olan Azərbaycan Radio Komitəsi Yaxın Şərq və farsdilli digər ölkələrə, o cümlədən, milyonlarla soydaşımızın yaşadığı Güney Azərbaycana xəbərləri yayımlamaq üçün gözəl nitq qabiliyyətinə malik farsdilli mütəxəssisə ehtiyac duyduğunu elan edir.

Çox keçmir ki, Azərbaycan radiosunun efirindən gözəl, şirin və ürəyəyatlmlı bir səslə fars dilində verilişlər yayımlanmağa başlayır. Bu səsin sahibi anam-- Mina xanım Paşazadə idi. 
Elə həmin dövrdən--vətənin çətin sınağa çəkildiyi anlarından dinc və firavan günlərinədək Mina xanımın 40 ildən artıq davam etmiş şanlı əmək salnaməsinim başlanğıcı qoyulur. Bu illərdə o, radiomuzun tarixində silinməz iz qoymuş unudulmaz diktorlar -- Fatma Cabbarova, Sabutay Quliyev, Aydın Qaradağlı kimi sonradan Azərbaycan Radiosunun korifeylərinə çevrilmiş aparıcı diktorların formalaşmasında və püxtələşməsində yaxından iştirak edir və həmin illərdəcə ehtiyac duyulduğundan radioya dəvət olunan tanınmış xalçaçımız Lətif Kərimovla da çiyin-çiyinə çalışır.
Gözünü açandan maarifpərvər, ziyalı mühitində böyüyən, mənən və ruhən əsrin əvvəllərində Qafqazın İranda məskunlaşan sağlam düşüncəli, mütərəqqi və açıq zehinli insanları arasında formalaşan və püxtələşən Mina Paşazadə Azərbaycan və İran ədəbiyyatının gözəl bilicisi, fars yazı və danışıq nitqinin mahir ustadı idi.
Hələ səsyazma studiyalarının mövcud olmadığı, xəbərlərin efirə birbaşa yayımlandığı bir dövrdə düzəlişə ehtiyacı olan mətnlərin yerindəcə, efirdə səslənən nitqə ara vermədən redaktə olunması dərin savad və səriştə tələb edirdi. Mina xanım bu işdə də öz diqqət və sərvaxtlığı ilə seçilirdi.
Uzun illərdən sonra  Novruz bayramının Qız Qalasında keçirilən şənliyinin xarici dildə birbaşa efirə yayımlanması anamın qismətinə düşmüşdü. Həmçinin, o, Ü.Hacıbəyovun "Arşın mal alan" əsərinin 1973-cü ildə fars dilinə tərcümə olunaraq, Maestro Niyazinin rəhbərliyi altında vallara köçürülmə prosesində yaxından iştirak etmiş, Asyanın sözlərini səsləndirmişdi.
Anamın "möcüzəli, aydın, səlis və məntiqli danışığı, gözəl nitqi və diksiyası, geniş erudisiyası" onu tanıyanları, həmkarlarını, həmçinin milyonlarla dinləyicisini məftun edirdi.
M.Paşazadə Böyük Vətən müharibəsi və dinc quruculuq illərində şərəfli və fədakar əməyinə görə dəfələrlə fəxri fərmanlar və medallarla təltif olunmuşdu”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 Noyabr 2018 15:40 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə