Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

100 film “Qızıl nar” uğrunda yarışacaq

100 film “Qızıl nar” uğrunda yarışacaq

IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının finalçılarlı bəlli oldu

14-17 noyabr tarixlərində Bakıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Bu ildən etibarən Azərbaycan Prodüserlər Gildiyası da festivalda təşkilatı dəstək qismində iştirak edir.

Əhatə dairəsini daha da genişləndirən festivala bu il 45 ölkədən (Azərbaycan, Fransa, İspaniya, Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Makedoniya, Belçika, Polşa, Macarıstan, Estoniya, Latviya, Litva, İsveç, İsveçrə, Xorvatiya, Serbiya, Rumuniya, İsrail, ABŞ, Kanada, Çin, Hindistan, Avstraliya, Yeni Zelandiya, Argentina, Braziliya, Kolumbiya, Venesuela, Kamerun, Hollandiya, Portuqaliya, Kipr, Yunanıstan, Avstriya, Finlandiya) 490 film göndərilib.

Təqdim olunan filmlər festivalın Təşkilat komitəsinin təyin etdiyi üç nəfərdən ibarət seçim komissiyası tərəfindən izlənilərək müsabiqə proqramlarına daxil edilib. Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 30 ölkədən 100 film yarışacaq. 72 film beynəlxalq, 28 film isə yerli müsabiqədə “Qızıl nar” uğrunda mübarizəyə qoşulur.

Təşkilat komitəsi Beynəlxalq müsabiqədə yarışacaq filmlərin keyfiyyət səviyyəsini nəzərə alaraq nominasiyaların sayını artırıb. Belə ki, qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı eksperimental film” nominasiyaları ilə yanaşı “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru”, “Ən yaxşı eksperimental film rejissoru” nominasiyaları üzrə seçiləcək.

Beynəlxalq müsabiqədə filmləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı rejissor”, “Ən yaxşı prodüser”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator” nominasiyaları üzrə müəyyənləşəcək qalibləri üç yerli mütəxəssisdən ibarət münsiflər heyəti seçəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 Noyabr 2018 12:05 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə