Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri V Bakı Beynəlxalq Teatr Konfransının bir qrup iştirakçıları ilə görüşüb

Mədəniyyət naziri V Bakı Beynəlxalq Teatr Konfransının bir qrup iştirakçıları  ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev V Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən Rusiyadan olan nümayəndə heyətini qəbul etmişdir.

Nazir Azərbaycan-Rusiya teatr əlaqələrinin inkişafı və birgə əməkdaşlıqla bağlı fikirlərini bölüşərək bildirdi ki, teatrlar arasındakı münasibətlər təkcə konfranslar zamanı deyil, daim dinamik tempdə inkişaf etməlidir. Buna görə də Azərbaycan teatrlarında rusiyalı teatr mütəxəssislərinin ustad dərslərini, bu sahə ilə bağlı məruzələrinin mütəmadi təşkil edilməsi məqsədəuyğun olar.

Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının direktoru Kiril Krok səmimi qəbula görə minnətdarlıq ifadə bildirib. O, nazirin təklifini yüksək dəyərləndirərək yaxın gələcəkdə Azərbaycandan teatr sahəsində çalışan texniki heyətin Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında ikihəftəlik təlim və təcrübə keçmələrini təklif etmişdir.

Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutu rejissorluq kafedrasının müdiri Mixail Borisov, S.Obrastsova adına Dövlət Akademik Kukla Teatrının direktoru İrina Korçevnikova, “Moskva İcmalı” televiziyasının baş redaktoru Marina Merkulova, Minsk Dövlət Opera və Balet Teatrının direktor müavini Svetlana Kozulina ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar. Nazir Əbülfəs Qarayev Rusiya ilə münasibətlərin bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsi üzrə də yüksək səviyyədə inkişaf etdiyini, ölkələrimiz arasında mütəmadi olaraq mədəni layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır.

Görüş Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyəti və gələcəkdə qarşılıqlı birgə layihələr mövzusunda müzakirələrlə davam edib.

Nazir, həmçinin,  V Bakı Beynəlxalq Teatr Konfransının iştirakçısı olan beynəlxalq teatr təşkilatlarının rəhbərləri ilə də görüşmüşdür.

Görüşdə iştirak edən UNESCO-nun sülh artisti Əli Mahdi, Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi, “Paranthese” Teatrının bədii rəhbəri Emil Salimov (Fransa), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının (BTTA) baş katibi Mişel Vays, “Artefactum” Holdinqin prodüseri Jilberto Soberanes Rodriges (Meksika), Beynəlxalq Teatr İnstitutu (BTİ) Milli Mərkəzinin prezidenti İbrahim Assiri (Səudiyyə Ərəbistanı) Bakı Teatr Konfransının təşkilinə, göstərilən qonaqpərvərliyə görə təşkilatçılara minnətdarlıq etmişlər.

Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti, ölkəmizdə reallaşan beynəlxalq layihələrdən danışdı, mədəniyyətimizin təbliği istiqamətində görülən işlər haqqında qonaqlara məlumat vermişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 Noyabr 2018 11:58 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə