Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sağlamlıq imkanları məhdud gənclər teatr etüdü ilə çıxış ediblər

Sağlamlıq imkanları məhdud gənclər teatr etüdü ilə çıxış ediblər

Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılış mərasimi əlilliyi olan şəxslərin iştirakı ilə hazırlanmış tamaşa ilə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri teatr etüdü ilə çıxış ediblər.

“British Council” və YARAT müasir incəsənət mərkəzinin birgə layihəsi çərçivəsində hazırlanan etüd konfrans iştirakçıları, o cümlədən xarici qonaqlar - dünyanın aparıcı teatr təşkilatlarının rəhbərləri, tanınmış teatr tədqiqatçıları və mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.

Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclər peşə reabilitasiyasına cəlb olunmaqla, burada müxtəlif peşələrə, o cümlədən ayrı-ayrı tətbiqi sənət növlərində bacarıqlara yiyələnirlər. Onlarin cəmiyyətə fəal inteqrasiyası məqsədilə digər istiqamətlərdə də tədbirlər təşkil olunur, həmin gənclərin incəsənətin müxtəlif növlərində yaradıcılıq potensialları da dəstəklənir.

V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılış mərasimində sağlamlıq imkanları məhdud gənclərə iştirak imkanının yaradılması da bu məqsədə xidmət edir.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, cari ildə Peşə Reabilitasiya Mərkəzinə 181 nəfər, istifadəyə verildiyi vaxtdan (2013-cü ilin dekabr ayı) 1530 nəfər gənc qəbul olunub. Hazırda Mərkəzdə 100-dən çox gənc peşə təlimi keçir. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 Noyabr 2018 10:23 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə