Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir xəbərləri

Şəmkir xəbərləri

Şəmkirin gündəlik həyatı o qədər zəngindir ki, əhalisinin sayı 220 min nəfərə yaxınlaşan bu rayonda mühüm hadisələr, yeniliklər barədə mərkəzi mətbuatda operativ yazılar vermək, bəzən çətin olur. Amma Şəmkir haqqında heç yazmamaq, sakinlərin günü-güzəranı barədə söhbət açmamaq, əldə etdikləri uğurlardan danışmamaq, qabaqcıl təcrübələrini, təşəbbüslərini yaymamaq yumşaq desək, insafsızlıqdır. Bu baxımdan “Xalq qəzeti” digər mətbuat orqanlarından əməlli-başlı fərqlənir və Şəmkir haqqında, onun dünəni, bu günü, sabahı haqqında  yazılar verir, sözün həqiqi mənasında nümunə göstərən bir rayonun həyatını  müntəzəm işıqlandırır.

Qəzetimizin bu nömrəsindən başlayaraq hər ay “Şəmkir xəbərləri” rubrikası altında rayonda həyata keçirilən tədbirlər haqqında yazılar dərc edəcəyik. Lakin daha mühüm hadisələr barədə gündəlik saytımızda yazılar veriləcəkdir.

Rayonda “Kitab Evi” açılıb

Şəmkir Gənclər Mərkəzində “Kitab Evi”nin açılışı olub.

Əhali, xüsusilə gənclər və digər təbəqədən olanlar arasında kitab işi və mütaliə mədəniyyətinin yüksəldilməsi məqsədilə açılan mərkəzdə azərbaycan, rus, ingilis və digər dillərdə yerli və xarici ədəbiyyat nümunələri, fəlsəfə, vətənpərvərlik və digər mövzularda kitablar təqdim olunub.Tədbirdə rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Şəmkir Gənclər Mərkəzinin direktoru Kənan İbrahimov çıxış edərək bilidirib ki, “Kitab Evi” oxuculara lazımi elmi və bədii ədəbiyyatların əldə edilməsində yardımçı olmaqla yanaşı, onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə də köməklik göstərəcək.

Tədbirdə çıxış edən digər iştirakçılar da elm və bilik mənbəyi olan kitabın insan həyatında və şəxsiyyətin formalaşmasındakı rolundan söz açıb, yeni fəaliyyətə başlayan “Kitab evi”nə uğurlar arzulayıb, mərkəzin daha səmərəli fəaliyyəti ilə bağlı təkliflərini bildiriblər.

Sonda tədbir iştirakçılarına məlumat verilib ki, bundan sonar mərkəzdə kitab klubu fəaliyyət göstərəcək. Həftə sonları kitab müzakirələri, ayrı-ayrı yazıçılarla görüş və oxu mədəniyyətinin təbliği üçün müxtəlif sosial layihələr icra olunacaq.

Atletika idman növünə maraq artır

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq Şəmkir Olimpiya İdman Kompleksində Atletika idman növü üzrə rayon birinciyiliyi keçirilib.

Rayon birinciliyinin açılış mərasimində çıxış edən Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov ölkədə,  xüsusilə Şəmkir rayonunda aparılan Dövlət İdman Siyasətinin uğurlarından danışıb və bildirib ki, müstəqillik dövründə aparılmış uğurlu işlərin nəticəsidir ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır. O, rayonda idmanın digər sahələri kimi atletika növünə də marağın artmasını qeyd edib və idmançılara uğurlar arzulayıb.

Rayon təhsil şöbəsinin metodisti Südabə Vəliyeva yarış qaydaları barədə ətraflı məlumat verib. Daha sonra yarışlara start verilmişdir.

Xatırladaq ki, yarışda rayonun 78 məktəbindən ümumilikdə 400-dən artıq məktəbli öz gücünü sınamışdır. Qalib komanda zona mərhələsinə vəsiqə qazanmışdır.

Bu il Şəmkirdə bol məhsul yetişdirilib

Şəmkir respublikanın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Ona görə də bu sahənin daim diqqət mərkəzində olması heç də təsadüfi deyil. İcra hakimiyyətinin, digər əlaqədar qurumların məsul işçilərinin ilboyu fermerlərin, kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan əməkçilərin yanında olması, onlara konkret köməklik göstərməsi öz bəhrəsini verməkdədir.

Təbii ki, ölkə Prezidentinin «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» sərəncamı bu baxımdan mühüm rol oynayır və rayonda istehsalçılara hədsiz köməyi dəymişdir.

Bu ilin 9 ayının göstəriciləri buna əyani sübutdur. Rayon üzrə biçilmiş 16 min 824 hektar taxıl sahəsinin, o cümlədən 12 min 811 hektar buğda sahəsinin hər hektarından 32.4 sentner olmaqla 41 min 507 ton buğda, 3 min 863 hektar arpa, sahəsinin hər hektarından 28.3 sentner olmaqla 10 min 932 ton arpa, 150 hektar vələmir, sahəsinin hər hektarından 20.6 sentner olmaqla 310 ton vələmir istehsal olunmuşdur.

Taxıl biçini ilə yanaşı digər kənd təsərrüfatı bitkilərinin məhsul toplanışı artıq yekunlaşmaq üzrədir. Ötən dövrdə 6 min 498 hektar kartof sahəsinin hər hektarından 178.9 sentner olmaqla 116 min 295 ton kartof , tərəvəz yığılan 6 min 267 hektar sahənin hər hektarından 314.5 sentner olmaqla 197 min 150 ton tərəvəz, əkilmiş 1555 hektar qarğıdalı sahəsinin hər hektarından 66.6 sentner olmaqla10 min 358 ton qarğıdalı yığılmışdır. 268 hektar bostan sahəsinin hər hektarından 230.4 sentner olmaqla 6 min 175 ton məhsul yığılmışdır. 902 hektar günəbaxan sahəsinin hər hektarından 17.0 sentner olmaqla 1533 ton günəbaxan istehsal olunmuşdur.

Cari ilin 9 ayı ərzində rayon üzrə 12 min 211 hektar sahədə payızlıq şum işləri görülmüşdür.

Cari ildə 200 hektar sahədə təkrar əkinlər aparılmışdır. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 95 hektar çoxdur.

“Siz əhalinin bütün təbəqələri ilə hər gün, hər saat ünsiyyətdəsiniz...”

Bu sözləri rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə üzvləri ilə görüşərkən demişdir.

Rayon rəhbəri Şəmkirin sosial-iqtisadi, mədəni və digər sahələrdə əldə etdiyi uğurlardan danışıb və deyib ki, ölkə Prezidenti cənab İlham Əliyevin düqqət və qayğısı, köməyi olmasaydı biz bu gün belə qürurla, iftixarla danışa bilməzdik.

İclasda inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə təsarrüfatbaşına kitabların electron qaydada işlənməsi, barama istehsalı üçün tut ağaclarına aqrotexniki qulluq edilməsi, yeni tinglərin əkilməsinə hazırlıq görülməsi və 2019-cu ildə barama istehsalı üçün kümçülərin müəyyən edilməsi ilə bağlı  qarşıda duran vəzifələr müzakirə edilmiş, tapşırıqlar verilmişdir.

Qeyd olunmuşdur ki, bu gün dövlət siyasətinin ən vacib məsələlərindən olan vətəndaş-məmur münasibətlərinin günün tələblərinə uyğun qurulması, erkən nikahın qarşısının alınması və nikahsız ailələrin qeydiyyata cəlb edilməsi bələdiyyələrin və icra nümayəndələrinin ən vacib vəzifələrindən biridir. Çünki əhali təbəqəsi ilə hər gün, hər saat ünsiyyətdə olan bilavasitə onlardır.

Eyni zamanda bələdiyyə üzvlərinə bələdiyyə iclaslarının nümunəvi reqlamentə uyğun keçirilməsi, vətəndaşların həmin iclaslarda maksimum iştirakının təmin edilməsi tövsiyə olunmuşdur.

İclasda Şəmkir əhalisinin sosial şəbəkələrdə dövlət siyasətinin təbliğində fəallığının artırılması, problemlər barədə sosial şəbəkələr vasitəsi ilə şəxsən rayon icra hakimiyyətinin başçısına və RİH-in rəsmi facebook səhifəsinə məlumatların verilməsi üçün vətəndaşlar arasında izahat-təbliğat işlərinin aparılmasının vacibliyindən də söhbət açılıb.

Daha sonra Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat sisteminin işlənilməsi, statistika idarəsinə məlumatların vaxtında verilməsi, boş torpaq sahələrinin istifadə olunması, baramaçılığın inkişafı məqsədilə çəkil ağaclarının yetişdirilməsi barədə müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Tədbirin sonunda Alimpaşa Məmmədov havaların soyuması ilə bağlı yerlərdə müvafiq tədbirlərin gücləndirilməsi, elektrik enerjisi və qaz təchizatı ilə əlaqədar yaradılmış  işçi qruplarınun fəallığının artırılması, əhalinin qaldırdıqları problemlərin həlli ilə daha yaxından məşğul olması üçün icra nümayəndələrinə və bələdiyyələrə konkret tapşırıqlar verilib.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Şəmkir.

6 Noyabr 2018 16:32 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə