Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oftalmoloqlar Tovuzda humanitar aksiya keçirəcəklər

Oftalmoloqlar Tovuzda humanitar aksiya keçirəcəklər

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmir yolu səyyar klinikası noyabrın 7--8-də Tovuz rayonunda tibbi aksiya keçirəcək.

Humanitar aksiya zamanı mərkəzin Dəmir yolu səyyar klinikası Tovuz rayonu sakinlərinə 2 gün ərzində tibbi xidmət göstərəcək. Aksiyada məqsəd operativ şəkildə pasientləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etməkdir. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə olunan nəticələri müzakirə etmək və yerindəcə həllinə nail olmaqdır. Həmçinin, lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərilməsinə şərait yaratmaqdır.

İndiyədək mərkəzin əməkdaşları həm avtomobil, həm də dəmir yolu səyyar klinikaları vasitəsilə respublikanın bir sıra bölgələrində uğurlu humanitar aksiya keçiriblər. Növbəti aksiyaya başlayan səyyar klinika ölkənin dəmir yolu xətti boyunca yerləşən bütün regionlarında, eləcə də Gürcüstan--Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək.

Səhiyyə Nazirliyinin dəstəyi ilə 2018-ci ildən fəaliyyətə başlayan yüksək ixtisaslı oftalmoloji, xüsusilə, cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan  Dəmir yolu səyyar klinikasının uzunluğu  25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası  vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilir. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir.

 Mərkəzin səyyar klinikası və bütün filialları ən son texnoloji avadanlıqla təchiz olunub. Səyyar klinikanın Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və bu, Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissələrindən hesab olunur. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır.  

Qeyd edək ki, səyyar klinika  2005-ci ildən başlayaraq paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində tibbi aksiya keçirir.

 

 Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Noyabr 2018 16:19 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Oktyabr 2019 | 16:40
Həkimlərimizi tanıyın

Köhnə versiyamızdan xəbərləri izlə