Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə Nazirliyi mediaturlara başlayıb

Mediatur iştirakçıları öncə Lerik rayonunda olublar. Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev jurnalistlərə bildirib ki, xəstəxana 82,8 min nəfərə tibbi xidmət göstərir.

O qeyd edib ki, 83 mindən çox əhalisi olan rayonda əksər ucqar dağ kəndlərində tibb, yaxud həkim məntəqəsi var: “Son illər Bakıya xəstə axını dayanıb, əvəzinə Lerikdə işləməyə gələn həkimlərin sayı artıb. İldə bir, yaxud iki xəstə paytaxt xəstəxanalarına göndərilə bilər. Telesəhiyyə xidməti yaradılandan sonra rayon həkimlərinin işi asanlaşıb, mütəxəssislərlə onlayn əlaqə yaradılır, müayinə və müalicənin gedişi izlənilir, tövsiyələr verilir”.

Baş həkim əlavə edib ki, Səhiyyə Nazirliyi son illər 10-dan çox həkim göndərib, indi yalnız bir neçə ucqar dağ kəndində müəyyən ixtisaslar üzrə həkimə ehtiyac var.

M.Ağayev əlavə edib ki, 90 çarpayılıq mərkəzi xəstəxana əhaliyə ambulator və stasionar tibbi xidmət göstərir.

O, həmçinin vurğulayıb ki, iqlim və sağlam qidalanma ilə bağlı olaraq Lerikdə əhalinin əksəriyyəti sağlamdır, amma burda da ürək-damar xəstəlikləri birinci yer tutur: “Bundan başqa, rayon dağlıq ərazi olduğundan xəstəxanaya “zob”la bağlı müraciətlər də üstünlük təşkil edir. Çünki suyun tərkibi yodsuzdur".

Xəstəxanada palataları gəzən zaman xəstələrə verilən geyimlərin bir istifadəlik olduğunu da öyrəndik.

Bakıda 10 illik təcrübəsi olan akuşer-ginekoloq Lalə Əsgərova imtahanlarda iştirak edərək öz doğma rayonuna işləmək üçün gəlib. O, cəmi bir ay bu xəstəxanaya təyinat alıb. L.Əsgərovanın ailəsində anası və bacısı da həkimdir. Gənc kadrlara tövsiyə edir ki, çəkinmədən ucqar kəndlərə işləmək üçün getsinlər, çünki belə kəndlərdə əhalinin onların köməyinə daha çox ehtiyacı var.

Səhiyyə Nazirliyindən bildiriblər ki, mediaturların növbəti ünvanlarının Şəki və Quba rayonlarına olması planlaşdırılır. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Noyabr 2018 11:05 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə