Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Araz-Türk Respublikasının 100 illiyinə həsr olunan konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində “Araz-Türk Respublikası: yaranması, fəaliyyəti, nəticələri” mövzusunda elmi konfrans keçirilib. Tədbir Araz-Türk Respublikasının yaranmasının 100 illiyinə həsr olunub.

www.science.gov.az saytı yazır ki, konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq 1918-ci il noyabrın 3-də yaradılan Araz-Türk Respublikasının tariximizdəki özünəməxsus yeri və xidmətindən geniş danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) fəaliyyətinin ilk ilində çətin daxili və xarici amillərlə qarşılaşıb və Naxçıvan bölgəsinə istənilən səviyyədə diqqət yetirə bilməyib. İ.Hacıyev bundan istifadə edən erməni daşnaklarının bölgəyə basqınlar etdiyini, azərbaycanlılara qarşı soyqırımlar törətdiyini və Naxçıvanı “Böyük Ermənistan”a qatmaq istədiyini söyləyib. O, Naxçıvanın yerli əhalisinin düşmənə qarşı mübarizədə birləşdiyini və bölgənin ermənilər tərəfindən işğal edilməsinə imkan vermədiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, sahəsi 8,7 min kv. km, əhalisi bir milyon nəfərdən artıq olan Araz-Türk Respublikasının hüdudları Naxçıvan, Şərur-Dərələyəz qəzalarını, Ordubad mahalını, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri, Sürməli və digər əraziləri əhatə edib. Həmçinin Əmir bəy Nərimanbəyovun başçılığı ilə Araz-Türk hökumətinin tərkibində Hərbi, İnzibati, Maliyyə, Ədliyyə, Xarici İşlər, Şeyxülislam, Fəxri üzv və aşirət rəisi yaradılıb. Akademik 1919-cu ilin martında süquta uğrayan respublikanın bölgənin taleyində mühüm rol oynayaraq AXC-nin ərazi bütövlüyünü təmin etdiyini deyib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Araz-Türk Respublikasının yaranması ərəfəsində bölgədə ictimai-siyasi vəziyyət”, həmin şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Araz-Türk Respublikasının fəaliyyətində Naxçıvan hərbiçilərinin iştirakı”, Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Araz-Türk Respublikasının yaranması və bölgəni erməni işğalçılarından qorumaq uğrunda mübarizəsi” və Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun “Araz-Türk Respublikasının Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələrinə dair” mövzusunda məruzələri dinlənilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

5 Noyabr 2018 18:04 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü

Köhnə versiyamızdan xəbərləri izlə