Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmi Şuranın iclasında dissertsiya mövzuları təsdiq edilib

Akademik Rafael Hüseynovun sədrliyi ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində  Filologiya Problemləri üzrə Elmi Şuranın bu il üçün sayca 9-cu iclası keçirilib. İclasda 4-ü elmlər doktorluğu, 30-u isə fəlsəfə doktorluğu hazırlığı olmaqla ümumilikdə 34 dissertasiya mövzusu müzakirə olunub. 

science.gov.az saytı yazır ki, elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş şəxslərdən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Əkrəm Həsənovun “Anadilli klassik Azərbaycan lirikasının XIX əsrdə və XX əsrin əvvəllərində milli poeziyada yaşayan ənənələri və yeni yanaşmalar”, Nəsimi adına Dilçilik İnstitutunun doktorantı Kifayət İmamquliyevanın “Azərbaycan dili dialekt və şivələrinin fonetikası (fonosemantik aspektdə)” və Folklor İnstitutunun doktorantı Güldanə Pənahovanın “Türk xalqları folklorunda Molla Nəsrəddin süjetlərinin tipologiyası” mövzuları adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilib.

Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə isə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Nərgiz Qəhrəmanovanın “Müxtəlif ideoloji sistemlərdəki inzibati idarəçilik modelləri və onların doğurduğu insani münasibətlər kompleksinin Azərbaycan ədəbiyyatına təsiri”, Bakı Dövlət Universitetinin doktorantı Zülfiyə Ağayevanın “Ət-töhfət-üz-zəkiyyə fil-lüğət-it türkiyyə” və Azərbaycan dilinin leksikası”, Gəncə Dövlət Universitetinin doktorantı Ramilə Süleymanovanın “Müasir türk dili ilə Azərbaycan dili şivələrindəki müştərək leksik vahidlərin semantikasında sabitlik və dəyişkənlik” və digər mövzular adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilib. Ümumilikdə iclasda 5-nin adında dəyişiklik edilməklə 30 dissertsiya mövzusu təsdiq olunub.

Müzakirələrdə şura üzvləri filologiya üzrə elmlər doktorları, professorlar Əskər Rəsulov, Aida Qasımova, Atamoğlan Həsənov, Bədirxan Əhmədov, Qəzənfər Kazımov, Rəhilə Qeybullayeva, Mehdi Kazımov, Nadir Məmmədli, Şəfəq Əlibəyli, Paşa Kərimov və başqaları çıxış edərək fikir və təkliflərini bildiriblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

5 Noyabr 2018 14:48 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü

Köhnə versiyamızdan xəbərləri izlə