Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun 200 illik yubileyi keçirilib

Moskvada Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitutunun 200 illik yubileyinə həsr olunan, bir çox xarici ölkələrin görkəmli alimlərinin, ictimai xadimlərinin iştirak etdiyi beynəlxalq konqresdə ölkəmizi AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva təmsil edib.

www.science.gov.az saytı yazır ki, tədbirin rəsmi açılış mərasimindən sonra "Rusiya və Şərq: talelərin müştərəkliyi", "Şərq-Qərb: bəşər sivilizasiyasının birliyinə doğru", "Şərqşünaslıq elmi bu gün: gələcəyə aparan yollar", "Dünya siyasətində Şərq: yeni imkanlar" və "Şərqin iqtisadiyyatı: inkişafın müxtəlifliyi" mövzuları üzrə sessiyalar təşkil edilib.

“Şərq-Qərb: bəşər sivilizasiyasının birliyinə doğru" adlı sessiyasının moderatorluğu akademik Gövhər Baxşəliyevaya həvalə edilib. O, Bakıda Humanitar forumların keçirildiyini və burada müxtəlif mövzular ətrafında aparılan müzakirələrin mədəniyyətlərarası mübadilələrə müsbət təsir etdiyini vurğulayıb. Bildirib ki, Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi var. Eramızdan əvvəl ikinci minillikdə qədim Şərq mədəniyyətinin yunan mədəniyyətinə təsiri inkaredilməzdir. Müxtəlif xalqların qədim eposlarında genetik əlaqələr və tipoloji paralellər aşkar görünür. Bunu "Gilqameş"ın, "Mahabharata"nın, "Ramayana"nın, "İliada"nın, "Odisseya"nın və digər eposların müqayisəli təhlili əyani şəkildə nümayiş etdirir.

Akademik G.Baxşəliyeva daha sonra bildirib ki, XIX əsrin 20-ci illərində antik, ingilis, fransız, ispan, fars, hind, çin ədəbiy­yatlarının ən parlaq nümunələri ilə tanış olan Höte ümumdünya ədəbiyyatı konsepsiyasını irəli sürüb. Lakin o zaman bu konsepsiya Avropameylli olmağa məhkum idi, çünki Şərq ədəbiyyatları özünütəcriddən hələ xilas ola bilməmişdi. Yalnız bir qədər sonra, əsasən XIX əsrin ikinci yarısından etibarən ərəb ölkələri Avropanın mədəni təsirinə fəal reaksiya verməyə başlayıblar.

Sonda müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

3 Noyabr 2018 17:39 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü

Köhnə versiyamızdan xəbərləri izlə