Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədəbiyyatşünas alim Mirəli Seyidovun 100 illik yubileyi qeyd olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim Mirəli Seyidovun 100 illik yubileyi ilə bağlı elmi sessiya keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda M.Seyidovun məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər.

www.science.gov.az saytı yazır ki, tədbirdə M.Seyidovun ədəbi yaradıcılığı, türkdilli qəbilələr – qaşqaylar, saqlar, buntürklər barədə məqalələri və mifologiyaya dair araşdırmaları barədə danışılıb. Qeyd olunub ki, Azərbaycan ədəbiyyatşünaslığında Mirəli Seyidovun elmi-nəzəri fəaliyyətinin əhəmiyyətli rolu var. O, Azərbaycanda mifologiya məktəbinin əsasını qoyub, bu elmlə məşğul olan tədqiqatçıların məqalələrinin ərsəyə gəlməsində yaxından iştirak edib.

Filologiya elmləri doktoru Əlizadə Əsgərli görkəmli folklorşünas alimin zəngin elmi irsindən, onun mifologiya istiqamətində tədqiqatlarından bəhs edib. Mirəli Seyidovun “Azərbaycan xalqının soykökünü düşünərkən” kitabının Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunduğu diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycan şifahi xalq ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlı “Folklor və mifologiyanın unudulmaz, ustad araşdırıcısı Mirəli Seyidov” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində alimi əksər folklorşünasların ustadı adlandırıb.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professor Qəzənfər Paşayev və digər çıxış edənlər M.Seyidovun elmi fəaliyyətindən söz açıb, milli-ictimai təfəkkürün formalaşmasında, azərbaycançılıq dünyagörüşünün təbliğində alimin xidmətlərini yüksək qiymətləndiriblər.

Sonda alimin oğlu Elçin Seyidov atasının xatirəsinə göstərilən yüksək ehtirama görə ailəsi adından təşkilatçılar və iştirakçılara təşəkkürünü bildirib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

3 Noyabr 2018 17:00 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü

Köhnə versiyamızdan xəbərləri izlə