Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionların mədəni brendi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Biləsuvar Rayon Regional Mədəniyyət İdarəsi, Biləsuvar Rayon İcra Hakimiyyəti ilə birgə bölgənin mədəni brendinin formalaşdırılmasına həsr olunmuş konfrans keçirmişlər.

Biləsuvar rayonundan Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələrinin əməkdaşları və Biləsuvar ziyalılarının iştirakı ilə regionun mədəni brendinin formalaşması, habelə onun bölgənin sosial mədəni həyatına verə biləcək faydalar haqqında fikir mübadiləsi aparılmışdır. Tədbiri açan Biləsuvar Rayon Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov bölgənin mədəni həyatı haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev mədəni brendin sosial, siyasi və iqtisadi təzahür formalarından danışarkən Biləsuvar rayonunun mədəni brendi ola biləcək kurqanlardan söhbət açmışdır. Kurqanların təbliği və tanıtımı nəticəsində Biləsuvar rayonunun mədəni həyatının zənginləşməsinə xidmət edə biləcəyini bildirən A.Usubəliyev qeyd etmişdir ki, bu məsələdə yerli icra qurumlarının mədəniyyət və elm müəssisələrinin əməkdaşlığı qaçılmazdır.

Mərkəzin şöbə müdiri Nurəddin Babazadə mədəniyyət müəssisələrinin fəaliyyətinin modernləşdirilməsi üçün əməkdaşlarda kreativ səriştələrin formalaşdırılmasının önəmi haqqında məlumat vermişdir.

Daha sonra Mərkəzin əməkdaşları Aygün Balabəyova, Pərvanə Hüseynova və Afaq Ağayeva mövcud istiqamətdəki beynəlxalq təcrübələr haqqında tədbir iştirakçılarına məlumat vermişlər.

Konfransı yekun sözlə bitirən Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev son zamanlar ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində müxtəlif istiqamətlərdə müşahidə olunan inkişafdan danışmış və kurqanların Biləsuvar rayonunun mədəni və turizm brendinə çevrilməsi üçün lazimi tədbirlərin görülməsində öz dəstəyini əsirgəməyəcəyini bildirmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 Noyabr 2018 11:45 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə