• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi inkişafın sürətlənəcəyini proqnozlaşdırıb

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi inkişafın sürətlənəcəyini proqnozlaşdırıb

“Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini proqnozlaşdırıb. Agentliyin  bu barədə hazırlanan hesabatında, həmçinin qeyd edilir ki, analitiklər  tərəfindən  2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcəyi gözlənilir.  
Reytinq agentliyinin hesabatında artımın səbəbi barədə  yazılıb: “Əlverişli xarici mühit - 2017-ci ildə neft qiymətlərinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın aşağı düşməsi Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxardı. Biz gözləyirik ki, Azərbaycanda ümumi daxili məhsulun artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcək. Bu, neft qiymətlərinin artmasının davam etməsi ilə və Azərbaycan məhsullarının ixrac potensialının güclənməsi ilə izah olunur”.
“Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında cari il  ərzində Azərbaycan banklarının kredit portfelinin 5-10 faiz artacağı da diqqətə çatdırılır. Agentlik, eyni zamanda,  yeni hesabatında Azərbaycanın bank sistemi üzrə proqnozunun “mənfi”dən “stabil”ə dəyişdiyini də göstərib.  
Agentliyin fikrincə, iqtisadi artımın bərpası kreditlərə tələbatın artmasına səbəb olacaq. Bu, əsasən əhaliyə kreditlərin artması hesabına baş verəcək. Bununla yanaşı, 2018-ci ildə korporativ kreditləşmə dinamikası zəifləyəcək.  
Hesabatda daha sonra qeyd olunur ki, bankların ümumi aktivlərində kreditlərin payı 2014-cü ildə 74 faizdən 2017-ci ildə 41 faizədək düşüb.
Agentlik Azərbaycan banklarının kredit portfellərinin problemli kreditlərdən təmizlənəcəyini gözləyir. Bundan başqa, bank sektorunun konsolidasiyasının davam edəcəyini diqqətə çatdırır.  
Xatırladaq ki, “Moody’s” beynəlxalq reytinq agentliyi  hələ bu ilin fevralında  Azərbaycanla bağlı dərc etdiyi “İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə bildirirdi ki, diversifikasiya orta və uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını artıracaq.

Agentliyin mütəxəssisləri bildirirdilər ki, buna baxmayaraq, artım yavaş sürətlə və dövlət vəsaiti hesabına baş verəcək. “İqtisadi diversifikasiyanın perspektivləri”ndə daha sonra vurğulanırdı:  “Azərbaycan hökuməti qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafını sürətləndirir. 2016-cı ilin dekabrında Prezident İlham Əliyev tərəfindən Strateji Yol xəritələri imzalanaraq qüvvəyə minib. Ölkədə turizm, nəqliyyat və logistika sahələri daha çox inkişaf edib. Turizm infrastrukturunun inkişafı növbəti illərdə Azərbaycana əlavə turist axınına səbəb olacaq. Bundan başqa, Azərbaycan Çini və Mərkəzi Asiyanı Avropa (Şərq-Qərb dəhlizi), Rusiyanı İran və Cənubi-Asiya (Şimal-Cənub dəhlizi) ilə birləşdirən əsas nəqliyyat və logistika mərkəzinə çevirmək niyyətindədir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq Xəzər dənizinin ən böyük limanı hesab edilir. Limanın Ələtdə ilk mərhələsinin qurulması isə 2018-ci ilin ortalarına təsadüf edəcək. Yeni liman azad ticarət zonasında yerləşməklə Bakının beynəlxalq hava limanı və dəmir yollarını əhatə edəcək ki, bununla da Azərbaycanın nəqliyyat infrastrukturu Rusiya, Gürcüstan və Türkiyə (Bakı-Tbilisi-Qars), eləcə də İranla birləşməklə daha sürətli inkişaf yoluna qədəm qoyacaq”.  
Sənəddə o da qeyd olunurdu ki, Azərbaycan hökumətinin diversifikasiya planları fiskal xərclər hesabına başa gələcək: “Vergi və gömrük təşviqatı qeyri-neft sektorunun inkişafının bir hissəsidir. Qiymətləndirməyə görə, təkcə nəqliyyat və logistika mərkəzinin qurulması üçün infrastruktur üzrə investisiya xərcləri 2017-ci ildə ÜDM-in 5 faizinə bərabər olub”.
Ekspertlərin fikrincə, vurğulanan müsbət göstəricilər son 15 ildə ardıcıl və sistemli surətdə reallaşdırılan  şaxələndirmə siyasətinin, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər hesabına sənayenin, eləcə də qeyri-neft sektorunun sürətlə inkişaf etməsinin məntiqi nəticəsidir. 
Bununla bərabər inkişafı zəruri edən digər amillər də diqqətə çatdırılır. Belə ki, son 15 ildə ölkənin ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi iqtisadi siyasətimizin ən əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qarşıya qoyulan vəzifələrin vacibliyini və miqyasını nəzərə alaraq, ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilib və icrasına başlanılıb. Həmin proqramda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi məqsədilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidinin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizmlərinin tətbiqi, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyalardan istifadə olunması ilə bağlı məqsədyönlü tədbirlər gerçəkləşdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  bununla bağlı deyib: “Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik. Deyə bilərəm ki, biz böhrandan az itkilərlə çıxa bilmişik…”.
Prezident İlham Əliyevin dediyi kimi, iqtisadiyyatı güclü olan ölkə müstəqil siyasət həyata keçirə bilər. Ona görə də iqtisadiyyatımızın daha da inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu yöndə xeyli irəliləyişə, müsbət nəticələrə nail olunub. Belə ki, son illərdə Azərbaycanda valyuta ehtiyatı 24 dəfə artıb. Azərbaycanın hazırda valyuta ehtiyatları 44 milyard dollardan çoxdur. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan çox investisiya qoyulub. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatını şaxələndirmək mümkün olub. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişaf etdirilməsi istiqamətində uğurlu addımlar atılıb.
Azərbaycanda sahibkarlıq fəaliyyətinə mühüm önəm verilir.    Dövlətimiz tərəfindən sahibkarlara normal iş və istehsal şəraitinin yaradılması, hazır məhsulların, əmtəələrin xarici bazarlara çıxarılması üçün hər cür yardım göstərilir. Belə ki, son 15 ildə sahibkarlığın inkişafına 2 milyard manatdan artıq vəsait ayrılıb. Bu vəsaitlər hesabına Azərbaycanda kiçik və orta sahibkarlıq sürətlə inkişaf etməyə başlayıb. Bu sahənin inkişaf etdirilməsi məqsədilə sahibkarlara bir sıra güzəştli kreditlər verilir, onlar bir sıra vergilərdən və gömrük rüsumlarından azad ediliblər.
Bunlarla yanaşı,  2004-cü ildən etibarən  2018-ci ilə qədər qəbul edilən üç sosial-iqtisadi inkişaf proqramı hesabına regionlarımız sürətlə inkişaf edir. Bu illər ərzində bölgələrin  sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə 67 milyard manatdan çox vəsait ayrılıb.
Beləliklə, “Moody’s” beynəlxalq reytinq agentliyinin proqnozları da bir daha təsdiqləyir ki, Azərbaycan artıq  iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyev deyib: ”Azərbaycanın çox möhtəşəm inkişafı hələ qabaqdadır. Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək, beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcək və bütün beynəlxalq təşəbbüslər xalqın maraqlarını müdafiə edəcəkdir”.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”  

 

 

 

9 2018 22:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin