Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəhruz Quliyev: “Doing Business” hesabatında Azərbaycanın yüksək reytinqi yürüdülən siyasətin məntiqi nəticəsidir

Bəhruz Quliyev: “Doing Business” hesabatında Azərbaycanın yüksək reytinqi yürüdülən siyasətin məntiqi nəticəsidir

Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2019" hesabatında Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin yüksək qiymətləndirilməsi bir daha belə deməyə əsas verir ki, öz reytinq və nüfuzuna görə ölkəmiz bir sıra aparıcı dövlətləri geridə qoyur və bununla öz iqtisadi qüdrətini sübut edir. Bunu Trend-ə ekspert, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Bəhruz Quliyevin sözlərinə görə, Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq aləmdə verilən yüksək qiymətdir: “Son illərdə sahibkarlığın inkişaf etdirilməsi sahəsində dövlətimizin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, biznesin təşkili üçün sərf olunan xərclərin azaldılması və vaxt tutumlu müxtəlif qeydiyyat prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Məhz bu baxımdan beynəlxalq aləmdə biznes mühitinin rahatlığı üzrə göstəriciləri özündə əks etdirən hesabatlardan sayılan “Doing Business” reytinq hesabatı ölkəmizdə əldə edilmiş nailiyyətləri növbəti dəfə təsdiq edib”.

B.Quliyev bu hesabatın hər il verildiyini və Azərbaycanın reytinqdə davamlı şəkildə irəlilədiyini xatırladaraq bildirib ki, ümumiyyətlə, son illər ərzində biznes mühitinin təkmilləşdirilməsi sahəsində mövcud qanunvericiliyi daha da yaxşılaşdıran ölkəmiz bu hesabatda ən çox islahat aparan ölkələr sırasına daxil olub və ön yerləri tutub.

Ekspert digər mühüm amillərə də toxunub: “Burada başqa mühüm və uğurlu nəticələrə hesablanan faktorlar var. Misal üçün, vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi sahəsində vergi sistemində tətbiq edilən yeniliklər əvvəlki illərin reytinq cədvəllərində öz əksini tapıb və bu indikator üzrə ölkəmiz xeyli irəliləyib. Həmçinin ölkədə sosial müdafiə ayırmaları üzrə hesabatların və ödənişlərin elektron formada aparılması sahəsində əldə edilmiş nailiyyətlər nəzərə alındığından Azərbaycanda sosial siyasətin əsas prioritetlərdən olduğu vurğulanıb. “ASAN xidmət" mərkəzlərinin yaradılması və biznes mühitinə göstərilən xidmətlərin bu mərkəzlər vasitəsilə aparılması sahəsində dövlətimizin yürütdüyü uğurlu və məntiqli iqtisadi siyasət “Doing Business” hesabatının bütün indikatorları üzrə stabil yüksəlişə nail olmaq üçün önəmli faktorlardandır”.

Qeyd edək ki, Azərbaycan Dünya Bankının "Doing Business-2019" reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bundan əvvəlki hesabatda ölkəmiz 57-ci yerdə idi.

1 Noyabr 2018 15:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə