• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 21.4 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısının Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında sərəncamı sərnişindaşımaya göstərilən diqqətin parlaq ifadəsidir

Dövlət başçısının Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında sərəncamı sərnişindaşımaya göstərilən diqqətin parlaq ifadəsidir

Prezident İlham Əliyev bu il avqustun 8-də “Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda  qeyd edilib ki, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. 
Son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus  alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılmışdır.
Dövlətimizin başçısının imzaladığı sərəncama əsasən, Bakı Nəqliyyat Agentliyinə (BNA) 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə 47 milyon 924 min manat ayrılıb.
Ekspertlər tərəfindən Azərbaycan Prezidentinin sözügedən sərəncamı ölkə rəhbərinin yol-nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir. Bildirilir ki, avtonəqliyyat vasitələri parklarının istismar müddəti və texniki vəziyyəti uzun müddət idi ki, ciddi  narahatlıq doğururdu. Aparılan təhlillər də hazırda respublikada olan avtobusların 77 faizinin yaşının 10 ildən çox olduğunu göstərir. Bu da, öz növbəsində, avtonəqliyyat vasitələri parkının yaxın gələcəkdə daha da köhnəlməsi ilə yanaşı, sərnişinlərin rahat və təhlükəsiz daşınması ilə bağlı məsələləri də gündəmə gətirirdi.
Yeri gəlmişkən, xatırladaq ki, bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi tərəfindən  avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində avtomobillərin orta yaş həddinin 10 ilə qədər endirilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanmışdı.   Hazırlanan təkliflərdə daşıyıcıları, o cümlədən azgəlirli müntəzəm avtobus marşrutlarında fəaliyyət göstərən sahibkarları, sifarişli daşımalar sektorunda çalışan hüquqi və fiziki şəxsləri öz avtonəqliyyat vasitələri parkını yeniləməsinə təşviq etmək üçün qanunvericilik səviyyəsində bir sıra stimullaşdırıcı, həvəsləndirici və dəstəkləyici tədbirlərin görülməsi də öz əksini tapmışdı.  
Mütəxəssislərin fikrincə, Azərbaycan Prezidentinin Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında sərəncamı  Bakı Nəqliyyat Agentliyinin avtobus parkının yenilənməsi ilə bağlı başladığı işləri daha da sürətləndirəcək. Agentliyin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bununla bağlı mətbuata açıqlamasında deyib: “Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında Azərbaycan Prezidentinin 8 avqust 2018-ci il  tarixli sərəncamı dövlətin vətəndaşa olan xüsusi diqqət və qayğısının növbəti təzahürüdür. Sərəncamda da vurğulandığı kimi, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət baxımından qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. Son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Dövlət başçısının məlum sərəncamı isə bu istiqamətdə işlərin davam etdirilməsi baxımından olduqca əhəmiyyətlidir”. 
M.Ağayev daha sonra ölkə rəhbərinin sözügedən sərəncamına əsasən,  müasir sərnişindaşıyan 300-dən artıq avtobus alınaraq paytaxta gətirilməsi ilə bağlı vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyi bununla əlaqədar bu il iyunun 21-də  tender elan edib. Tenderin nəticələrinə uyğun olaraq sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından müəyyən edilən tələblərə cavab verən müasir və komfortlu avtobusların alınaraq paytaxtımıza gətirilməsi reallaşacaq. Həmin nəqliyyat vasitələri qanunvericiliyin tələbinə uyğun müsabiqə yolu ilə marşrut xətləri üzrə istismara buraxılacaq. Bakı Nəqliyyat Agentliyi bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul edib. Əlbəttə, müsabiqəyə ilk olaraq sərnişinlərin daha çox narazılığına səbəb olan, fəaliyyətini sərnişindaşıma tələblərinə uyğun qurmayan, işində ciddi nöqsanlara yol verən, müasir avtobus parkına və peşəkar sürücü heyətinə sahib olmayan daşıyıcıların istismarında olan xətlər çıxarılacaq. Beləliklə, işinə məsuliyyətsiz yanaşan, sərnişindaşıma sektorunun inkişafına sərmayə yatırmayan, bu sahəyə yalnız gəlir mənbəyi kimi baxan, sosial məsuliyyətlərini unudan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. 
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, bu gün Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların 50 faizdən çoxu istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Qurumun rəsmisinin sözlərinə görə, xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində olan sərnişin avtobusları texniki baxımdan köhnəldiyindən tələblərə cavab vermir: “Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, bəzi daşıyıcılar tərəfindən minə yaxın avtobus əsaslı təmir edilərək xəttə buraxılıb. Buna baxmayaraq, sərnişindaşıma sahəsində mövcud vəziyyət sərnişinlərimiz kimi bizi də narahat edir. Cənab Prezidentin məlum sərəncamı belə narahatlıqların aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 
M.Ağayevin sözlərinə görə, yeni avtobusların alınıb gətirilməsi və marşrut xətləri üzrə istismara verilməsi prosesi təkcə bununla yekunlaşmayacaq və bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənədək davam edəcək. 
Gətiriləcək yeni nəqliyyat vasitələrinin idarə edilməsi Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində təlim keçən peşəkar sürücülər tərəfindən həyata keçiriləcək. Bunun üçün də zəruri olan tədbirlər görülməkdədir. 
Bir avtobusun idarə edilməsi üçün iki nəfər sürücüyə ehtiyac olduğunu nəzərə alsaq, dövlət başçısının sərəncamı yeni iş yerlərinin açılması baxımından da mühüm önəm daşıyır.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri sonda qeyd edib ki, vətəndaşa yüksək keyfiyyətli nəqliyyat xidmətlərinin, o cümlədən sərnişindaşıma xidmətinin göstərilməsi dövlət başçısı tərəfindən qarşımıza əsas tapşırıq olaraq qoyulub. Bakı Nəqliyyat Agentliyi də səlahiyyətlərinin icrası zamanı vətəndaşa xidmət amilini hər zaman prioritet hesab edir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

9 2018 22:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin