Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Kənd Təsərrüfati Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib.

www.science.gov.az saytı yazır ki, konfrans akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilib. Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda görkəmli akademikin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil olunan konfransda Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov dünya şöhrətli alim Cəlal Əliyevin yubileyinə həsr olunan konfransın akademikin elmi irsinin öyrənilməsi baxımından gənc alim və tələbələr üçün əhəmiyyətini qeyd edib. Cəlal Əliyev məktəbinin yetirməsi olduğu üçün qürur hissi keçirdiyini deyən Z.Əkpərov tələbələrinə xüsusi diqqət və qayğı ilə yanaşan görkəmli alimin elmə həvəs və maraq göstərən gənclərə hər zaman dəstək olduğunu qeyd edib.

Sonra AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik İradə Hüseynova akademik Cəlal Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan biologiya elminin inkişafında müstəsna xidmətlərindən söz açıb. Ölkəmizdə hər zaman dövlət tərəfindən elmi ictimaiyyətin nümayəndələrinə xüsusi diqqət və qayğı göstərildiyini deyən İ.Hüseynova Prezident İlham Əliyevin “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 22 may tarixli Sərəncamını xatırladıb, tədbirin bu mühüm sənədə əsasən keçirildiyini diqqətə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai dünya şöhrətli alimin kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərinin kompleks tədqiqində göstərdiyi xidmətlərdən danışıblar. Diqqətə çatdırılıb ki, görkəmli alim Kənd Təsərrüfati Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda öz laboratoriyasını yaradıb, onu şöbə səviyyəsinə çatdırıb və ömrünün sonunadək həmin şöbəyə rəhbərlik edib. 

Tədbirdə Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Əkinçilik İnstitutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri Tofiq Allahverdiyev və başqaları çıxış edərək akademik Cəlal Əliyevin Azərbaycan biologiya və aqrar elmlərinin inkişafında xidmətlərindən, ictimai- siyasi fəaliyyətindən söz açıblar.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

1 Noyabr 2018 13:43 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü

Köhnə versiyamızdan xəbərləri izlə