Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqlim dəyişmələrinin fəsadları davam etməkdədir

İqlim dəyişmələrinin fəsadları davam etməkdədir

Son illər iqlim dəyişmələrinin təsiri ilə bağlı planetimizdə təbii fəlakətlərin sayı xeyli artıb. Dünyanın bir sıra ölkələrində baş verən zəlzələlər, torpaq sürüşmələri, vulkan püskürmələri, sunamilər və daşqınların coğrafiyası ildən-ilə genişlənməkdədir. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, son illər belə fəlakətlərdən zərər çəkən insanların sayı 1,5 dəfə artaraq 375 milyon nəfərə çatmışdır.
Qlobal istiləşmənin səbəblərinin öyrənilməsi, onun qarşısının alınması üçün tədbirlərin görülməsi ilə hazırda beynəlxalq təşkilatlar, xüsusi tədqiqat mərkəzləri məşğul olurlar. Bu gün orta illik temperaturun artması ilə bağlı 150-yə qədər müxtəlif proqram hazırlanmışdır. Onların hamısında iqtisadiyyat və sənayenin inkişafı və sair məsələlər nəzərə alınmaqla 4 iqtisadi proqram üzrə 150 modellə hesablamalar aparılıb. Bütün modellərdə göstərilir ki, indiki vəziyyət davam edərsə, 2050-ci ilə qədər yerdə temperatur 1,5 dərəcə, 2100-cü ilə qədər isə 4,6 , hətta 6 dərəcəyə qədər arta bilər. Son yüz ildə temperatur 0,8 dərəcə, son on ildə isə 0,2 dərəcə çoxalaraq ümumi artım 1 dərəcəyə çatıb. 
Söz yox ki, Azərbaycanın bu sahə ilə məşğul olan alimləri və mütəxəssisləri də iqlim dəyişmələrinin təsirlərinə münasibətlərini bildirirlər. Məsələn, mütəxəssis Namiq Cəlilov deyib: "İqlimdə bir neçə min illik və daha böyük dövri dəyişikliklər baş verir. Hazırda iqlimdə qlobal istiləşmə periodu gedir. Biz hazırda Yerdə son buzlaşma dövründən sonrakı Holosen adlandırılan istiləşmə dövründə yaşayırıq. İqlimdə hər 3-4 min ildən bir 1500-2000 ildən ibarət qəfil istiləşmə olur. Bunların səbəbi indiyədək məlum deyil. Yer iqlimi ilə məşğul olan mütəxəssislər belə fikrə gəliblər ki, bunun kökünü Günəşdə axtarmaq lazımdır. Yerə çatan kosmik şüaların və Günəşdən gələn hissəciklərin hesabına Yerdə iqlim dəyişir. Günəşdə baş verən proseslər dövri olduğundan bu, Yerdə iqlimin dövriliyinə də səbəb olur. Günəş Yerin yeganə işıq və istilik mənbəyidir. Günəşin mərkəzində nüvə reaksiyaları gedir, nəticədə maqnit rezonansının fırlanma qravitasiya dalğaları əmələ gəlir və bu reaksiyanın sürətinə yaranmış maqnit qravitasiya dalğaları təsir eləyir. Yəni, bu reaksiya gah yavaşıyır, gah da sürətlənir. Günəşin şüalandırdığı inteqral enerji də bir neçə min il periodla azala və arta bilər. Bu, Yerdəki qlobal iqlim dəyişkənliklərinin birbaşa səbəbidir".
Onun sözlərinə görə, hazırda iqlimdə qlobal istiləşmə müşahidə edilir: "İqlimdə təqribən 150 il əvvəl son dövri dəyişiklik baş verib. Cari əsrin 50-ci illərinin ortalarına qədər bu istiləşmə maksimum həddə çatacaq. Bu, elə bir prosesdir ki, təqribən 200 il ərzində öz maksimumuna qalxır. Sonra isə təxminən min ilə yaxın müddətdə tədricən sönür. Yəni təqribən 50-ci illərin sonu 60-cı illərə qədər hazırda müşahidə olunan qlobal istiləşmə davam eləyəcək, Yer kürəsində orta illik temperatur daha 6-7 dərəcə yüksələcək, sonra proses tədricən sönməyə doğru gedəcək". 
Mütəxəssis Ramiz Məmmədov isə bildirib ki, dünyada baş verən hadisələri iqlim dəyişmələrindən daha çox, qısamüddətli iqlim anomaliyaları hesab etmək lazımdır: "Dünyada iqlim dəyişmələri ilə bağlı müxtəlif fikirlər var. Ən geniş yayılan fikir odur ki, hazırda iqlimin intensiv istiləşməsi gedir. İki başqa nəzəriyyə də var. Bunlardan biri odur ki, əksinə, biz buzlaşma dövrünə doğru gedirik. Üçüncü fikir isə budur ki, burada qeyri-adi heç nə yoxdur. Bu, sadəcə iqlim anomaliyalarıdır.”
R. Məmmədov qeyd edib ki, bu anomaliyalar həmişə olub. Əsas olan isə belə anomaliyaların təsirinə hazır olmaqdır: "Məhz buna görə də ekoloqlar və iqlimşünaslar üçün təqvim qışı anlayışı ilə yanaşı, iqlim qışı anlayışı da var. İqlim qışı anlayışı həmin il üçün gözlənilən ekstremal halları nəzərdə tutur. Məhz müvafiq qurumlar bu ekstremal hallara hazır olmalıdır ”.
 Alimlər bildirir ki, iqlim dəyişmələri yağıntıların qeyri-normal şəkildə paylanması, fəsillərin sürüşməsi və davamlılığının artması, su və meşə resurslarına, insan sağlamlığına təsirlərlə özünü göstərir. Bunun nəticəsində ekoloji tarazlıq pozulur, bu, insanla ətraf mühitin, meşə təsərrüfatı ilə kənd təsərrüfatının, su resursları ilə torpağın qarşılıqlı əlaqələrinə təsir edir. Bu antropogen təsirləri azaltmaq lazımdır. Azərbaycan da iqlim dəyişmələrinə adaptasiya tədbirlərini gücləndirməlidir. Ölkədə iqlimin su, kənd təsərrüfatı, səhralaşma proseslərinə təsirinin yumşaldılması tədbirləri həyata keçirilməlidir. Biz mövcud iqlim dəyişikliklərinə uyğunlaşmalıyıq. İlk növbədə ölkədə risklərin idarə olunması planı və iqlim dəyişmələri üzrə Milli Strategiya hazırlanmalıdır. Belə olsa, gələcəkdə bizim üçün ağrısız olar.
İqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, təkcə 2000-2010-cu illər ərzində təbii fəlakətlərdən 2,7 milyard insan zərər çəkib. "Oxfam" humanitar təşkilatının məlumatında isə qeyd edilir ki, iqlim dəyişmələri ilə bağlı təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb. Statistika göstərir ki, geofiziki fəlakətlərin sayı, o cümlədən zəlzələ və vulkan püskürmələri 1980-ci illərdən bəri o qədər də dəyişməyib. Amma, eyni zamanda, subasma və qasırğaların sayı nəzərə çarpacaq dərəcədə artıb. Təbii fəlakətlər nəticəsində hər il təxminən 250 milyon insan zərər çəkir. Bu fəlakətlərin 98 faizini iqlim fəlakətləri təşkil edir.
ATV.az ABŞ-ın Geologiya İnstitutunun yaydığı xəbərə istinadən bildirib ki, 2018-ci ildə təbii fəlakətlər daha da intensivləşəcək. Kolarado və Montana ştatlarından olan mütəxəssislərin açıqlamalarına görə, xüsusilə yeraltı təkanlar əvvəlki illərə nisbətən daha tez-tez baş verəcək. Buna səbəb hər il günün uzunluğunun saniyənin 1/10-i qədər artmasıdır. Bu isə öz növbəsində yeraltı enerjinin üzə çıxmasına təkan verir. Zəlzələləri araşdıran institut təkanların ekvator xətti boyunca və tropik ərazilərdə daha tez-tez olacağını proqnozlaşdırır.
İqlim dəyişmələri bütün bəşəriyyət üçün böyük təhlükədir. Azərbaycanın 2030-cu ilə qədər istilik effekti yaradan tullantıların 35 faiz azaldılmasına dair öhdəlik götürmüşdür. Azərbaycanda qlobal iqlim dəyişmələrinə qarşı götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilib və bundan sonra da həmin tullantıların azaldılması üçün konkret layihələrin reallaşdırılması davam edəcək. 
Hazırda ölkədə bərpa olunan enerjidən istifadənin genişləndiyi, karbonun udulması üzrə yeni meşə massivlərinin salındığı, Günəş elektrik stansiyaları üçün panelləri istehsal edən zavodun fəaliyyətə başladığı və elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması nəticəsində 1990-cı ildən indiyə qədər təxminən 600 milyon ton karbon tullantısı azaldılmışdır. Bütün bu tədbirlər Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına həyata keçirilir.
Ermənistan tərəfindən işgal olunmuş ərazilərdə təbii sərvətlər vəhşicəsinə talan edilir, meşələr amansızcasına yandırılır. Bu cür amillər götürülən öhdəliklərin yerinə yetirilməsinə mane olur, Birləşmiş Millətlər Təşkilatınıın bu sahədə təsir gücünün daha da artırılması vacibdir.
ABŞ-ın Atmosfer Tədqiqatları Milli İdarəsinin hesabatında deyilir ki, dünyanın 48 ölkəsindən olan 300-dən artıq alim qlobal istiləşmənin qaçılmaz olduğuna əmindir. Sənəddə qlobal istiləşmənin səbəbləri göstərilmir. Lakin bildirilir ki, qarşıdakı illərdə bütün dünyada hərarətin yüksəlməsi və buzlaqların əriməsi prosesi davam edəcək. Ekoloqların fikrinə görə, əgər dünya birliyi qlobal istiləşmə ilə bağlı vaxtında qabaqlayıcı tədbirlər görməsə, qarşıdakı onilliklər ərzində bəşəriyyət iqlim dəyişikliyinin fəlakətli nəticələri ilə üzləşəcək.
Ötən əsrin sonlarında Nobel mükafatı laureatı olan qırx doqquz alim bəyan edib ki, "qlobal istiləşmə XXI yüzilliyin ən ciddi ekoloji təhlükəsidir və biz gələcək nəsillərin bu təhlükə ilə üzləşməyəcəklərinə əmin olmaq üçün indidən ölçü götürməliyik".
Hazırda alimlər qlobal istiləşmənin nələrə səbəb olacağını müəyyənləşdirməyə çalışırlar. İngiltərənin "EDDI" Mərkəzi dünyanın xəritəsini hazırlayıb. Orada Yer kürəsində temperatur 2 dərəcə artarsa, harada nələrin baş verəcəyi təsvir olunub. Xəritədə əsas təhlükəli ərazilər kimi Qərbi Avropa, Hind-Çin yarımadası, Cənubi Afrika və Amerika, Şimali Amerikanın sahil zonaları, ada əraziləri və Avstraliya göstərilib. Qafqaz zonası, eləcə də Azərbaycan ərazisində heç nə göstərilməyib. Yəni bizdə o təsirlər ən minimal səviyyədə olacaq.
Qeyd edək ki, dünyanın inkişaf edən digər dövlətləri kimi, Azərbaycan da iqlim dəyişmələrinin mənfi təsirinə qarşı birgə mübarizədə iştirak edir və bununla bağlı müxtəlif beynəlxalq konvensiya və protokollara qoşulub. Məsələn, Azərbaycan 2000-ci ildə iqlim dəyişikliyi ilə bağlı vəziyyəti tənzimləyən beynəlxalq sənədə -- Kioto protokoluna qoşulub. İnkişaf etməkdə olan ölkə kimi Azərbaycan ancaq təmiz inkişaf mexanizmində iştirak edə bilər. Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə Kioto protokolunun təmiz inkişaf mexanizminin idarə olunması üçün milli səlahiyyətli orqan müəyyənləşdirilib və bu orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Bu orqan təmiz inkişaf mexanizminin layihələrini qeydiyyata alır, onların təsdiq olunmasında, razılaşdırılmasında və layihələrin işlənməsində yardım göstərir.
Bu günlər iqlim dəyişmələrinin fəsadları ilə tez-tez rastlaşırıq. Elə son günlər Yaponiyada, ABŞ-ın müxtəlif ştatlarında baş verən qasırğalar, meşə yanğınları bunun əyani nümunəsidir.
Hazırladı:
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

 

9 2018 22:06 - EKOLOGİYA
EKOLOGİYA
13 Dekabr 2018 | 14:14
Birgə seminar keçirilib
7 Dekabr 2018 | 18:42
Brakonyerlər saxlanılıb
6 Dekabr 2018 | 19:29
Mətbuat konfransı keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin