• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanı heyran qoyan türk abidələri

Ümumtürk yadigarları UNESCO siyahısında

Dünyanı heyran qoyan türk abidələri

(əvvəli qəzetin 7 avqust 2018-ci il tarixli nömrəsində dərc olunub) 

Özbəkistan  deyəndə,  istər-istəməz  ilk növbədə   Əmir Teymur, şən özbək mahnı və rəqsləri,  süfrələrin bəzəyi olan özbək plovu, ən əsası isə Səmərqənd və  Buxaranın ecazkar tarixi məkanları  yada düşür. Qədim orta əsr tarixinə məxsus ab-havanı qoruyub saxlamış bu şəhərlər dünyanın dörd bir yerindən gələn turistləri bu gün də heyran qoyur. Odur ki, UNESCO Maddi-Mədəni İrs Siyahısına  Özbəkistan tarixi-maddi mədəni irs nümunələri   arasında  İçan Qala, Buxara, Şəhrisəbz şəhərinin tarixi mərkəzi, mədəniyyətlərin kəsişməsində yerləşən Səmərqənd, Qərbi Tyanşan dağlarında yerləşən Çatkal qoruğunun ərazisi daxil edilib.
Adıçəkilən şəhərlərin hər birinin özünəməxsus gözəlliyi və memarlıq üslubu var.
Təxminən XIV əsrə aid olan İçan Qala tarixi şəhər olan Xivənin qalın divarları ilə əhatə olunub.  Saraylar, məscid və mədrəsələr, mavzoley və minarələr, karvansaraylar və  hamamlar, digər tarixi binalar İçan Qalanı əsrarəngiz  şəhər-abidəyə çevirib.  Təsadüfi deyil ki, bunu nəzərə alaraq, hələ  sovet dövründə-1968-ci ildə  buraya  Qədim Xivə Qoruğu şəhər statusu verilib. Odur ki, Xivə də “Açıq səma altında muzey” hesab edilən şəhərlərdəndir.
 İçan Qalada ən qədim tarixi abidələr XIV əsrə aid edilir. Orta əsr şəhər memarlıq üslubuna uyğun olaraq, Xivədə də ənənəvi olaraq, şəhər iki hissəyə bölünürdü: içəri şəhər “Şəhristan”, yəni “İçan  Qala”, xarici şəhər “rabad”, yəni Dişan Qala adlanırdı.
İçan Qalanın divarları 8--10 metr hündürlüyündədir, 5--6 metr qalınlığa malik divarlar 6250 metr uzanır.  Divarlarda hər 30 metrdən  bir uzanan dairəvi müdafiə qüllələri diqqəti cəlb edir. Müasir dövrümüzəcən qorunmuş  İçan Qalanın şəhər qapıları  orta əsrlərdə müdafiə sisteminin əsas hissəsi hesab edilirdi. İçan Qalanın tikilmə tarixini araşdırdıqda bəlli olur ki, bu Amu Dərya çayının öz axınını dəyişdirməsi Xarəzmin qədim paytaxtı Ürgənci susuz qoymasıyla bağlıdır. Belə ki, bundan sonra   Xarəzm dövləti 1598-ci ildə paytaxtı Xivəyə köçürməli olur. Arxeoloji araşdırmalara görə, Xivə şəhəri hələ V-VI əsrlərdən mövcud olub,  İçan Qalanın tarixi divarlarının əsasında qədim istehkam qalıqlarının tapılması da bunu deməyə əsas verir. “Ata darvaza” adlanan şəhər darvazasından içəri girərkən turistlərin diqqətini Məhəmməd Əmin xan mədrəsəsi,  Qısa minarə (“Kalta minor”) cəlb edir. Dövrünün nüfuzlu tədris mərkəzlərindən olan Məhəmməd Əmin xan mədrəsəsi Türküstanda ən böyük ikimərtəbəli mədrəsə hesab edilib, hazırda isə otel kimi fəaliyyətdədir. Qədim Qala adlanan abidə (“Kunya Ark”) böyük bir saray kompleksi olub, tərkibinə məscidlər, taxt otağı, zindan, hərəm otağı və s otaqlar daxildir. Allahqulu xanın tikdirdiyi  “Daş Saray”da isə vaxtilə xan və hərəmləri qalıb və həmçinin xan  burada qonaqları da qəbul edib. Sarayı gəzdikcə, divarlarında diqqət çəkən  mavi ornamentlər  göz oxşayır, insan bir anlıq özünü orta əsrlər saray dövründə təsəvvür edir.  İçan Qala da daxil olmaqla, Xivə şəhəri 1990-cı ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib. 
İpək yolunun üzərində yerləşən Buxaranın 2500-dən çox yaşı var. X əsr türk-müsəlman arxitekturasının dəyərli nümunəsi olan və  İsmayıl Samaninin uyuduğu  mavzoley, “Çor Minor” adlı “Dörd minarə” məscidi, Abdulla xan mədrəsəsi, Nadir Divan bəyi mədrəsəsi,  Poi-Kalyan tarixi arxitektura ansamblı, “Ləbi Hauz” meydanı (XIV –XVII əsrlər), Xoca Qaukuşan ansamblı, “Çor Bakr” abidəsi və digər tarixi binalar Buxaranın ən görməli və qədim tarixi məkanlarındandır.  Bu abidələr Buxaranın qədimliyini və tarixi ab-havasını qoruyur. Buxara 1993-cü ildə  UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib.  Şahrisabz şəhəri də bəşəri mədəni irs kimi qorunur. Qədim adı “Keş” olan bu şəhər həm də Əmir Teymurun vətəni olaraq tanınır. Vaxtilə onun tikdirdiyi “Ak saray”ın  qalıqları dövrümüzə qədər gəlib çatıb. Şəhərin görməli abidələri arasında  Dorut Tilavat memorial kompleksi,  “Göy Gümbəz” məscidi və s. hesab edilir. Şəhrisabz şəhəri 2000-ci ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib. 
Azərbaycan dastanlarında daha çox məşhur olan  “Səmərqənd kağızı” ifadəsindən dillər əzbəri olan Səmərqənd şəhəri ölkənin üçüncü böyük şəhəridir. Mədəniyyətlərin kəsişməsində  və Qədim İpək Yolunun üzərində yerləşən bu qədim şəhərin yaşı eramızdan əvvəl VII əsrə gedib çıxsa da, XIV-XV əsrlərdə Teymurilər dövründə Səmərqənd  tərəqqi və yüksəliş dövrünü yaşayıb. Səmərqəndin əsas  məşhur görməli yerlərindən biri olan Reqistan ansamblı orta əsrlərdə şəhərin mərkəzi meydanı rolunu oynayıb. Reqistan meydanında, həmçinin üç mədrəsə--Uluqbəy, Şerdor, Tilla-Kari mədrəsələri var.  Lakin Səmərqənddə turistlərin ən çox ziyarət etdiyi tarixi yerlərdən biri də Əmir Teymurun və yaxınlarının  uyuduğu mavzoleydir. Əmir Teymur hələ sağlığında, 1404-cü ildə nəvəsi Məhəmməd Sultanın ölümündən sonra Səmərqəndin ən diqqətçəkən hündür yerində əzəmətli mavzoley inşa edilməsini qərara alır və nəvəsini burada dəfn etdirir. 1405-ci ildə Əmir Teymurun   mavzoleydə dəfn edilməsi ilə bu məkan təkcə  Teymurilər xanədanlığının uyuduğu məkana çevrilmədi, həm də o tarixi, unikal abidə olaraq qorunub saxlanıldı.  Mavzoleydə, həmçinin Əmir Teymurun oğulları Şaxruh və Miran şah, nəvələri Uluqbəy və Məhəmməd Sultan, əmirin müəllimi Mir Səid Barak və digərləri dəfn edilib. Mavzoleyin qübbələri mavi tülpanları xatırladır və divarlar sarı-yaşıl mərmərlə işlənilib və üzəri mavi qlazurla örtülüb. 1967-ci ildə kompleksdə geniş  restavrasiya işləri başlanıb. Özbəkistan müstəqilliyini bərpa etdikdən sonra, 1996-cı ildə Əmir Teymurun 660 illik yubileyi münasibətilə XIX əsrə aid layihə və şəkillər əsasında mavzoleyin iki minarəsi bərpa edilib. 
Səmərqənddə həm də Bibi-Xanım məscidi (1399-1404) , Bibi-Xanım mavzoleyi ,  Şaxi-Zinda mavzoley kompleksi, Uluqbəyin rəsədxanası (1424-1428), Namazgah məscidi (XVII əsr) və digər görməli yerlər də bu qədim şəhərin tarixini özündə yaşadır.  Bir zamanlar sovet dövründə  Özbəkistan SSR-in paytaxtı olmuş bu şəhər (1925-1930)  2001-ci ildə  Maddi-Mədəni İrs Siyahısına daxil edilib və bu gün də öz cəlbediciliyini saxlayır.    
 Xəzərin sahilində yerləşən Türkmənistandan isə hələ ki, üç mədəni abidə--“Qədim Mərv”  dövlət tarixi və mədəni parkı,  Qədim Ürgənc, Nisa UNESCO-nun siyahısına qəbul edilib və bəşəri abidə kimi qorunur. Türkmənistanın cənub şərq hissəsində Murqab çayı sahilində yerləşən qədim Mərvin qalıqları, o illərdən dövrümüzə qədər gəlib çatmış abidələrin qalıqları bu gün üçün də qiymətlidir və 1999-cu ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib. 
Qutluq Teymur minarəsi və Tekeş mavzoleyi isə  qədim Ürgənc orta əsr şəhərinin dəyərli abidələrindəndir. Altmış metrlik minarə XIV əsrə aid edilir. Müasir dövrdə Qutluq Teymur minarəsi Orta Asiyada ən hündür kərpic minarə hesab edilir. 
Parfiya imperiyası dövrünə aid Nisa şəhərinin dövrümüzə gəlib çatmış tarixi məkanları 2007-ci ildən bəşəri mədəni irs nümunəsi kimi qorunur.  Qədim və yeni Nisa təpələri özündə antik sivilizasiyanı əks etdirir. 
Qırğızıstandan müqəddəs Süleyman dağı,  Böyük İpək Yolu, Çanan-Tyanşan dəhlizi marşrut şəbəkəsi (Qazaxıstan, Çinlə ortaq), Qərbi Tyanşan təbiət abidəsi UNESCO tərəfindən mühafizə edilir. 
Süleyman dağında 7 mağara var ki, onlardan ən məşhuru “Çakka tamar” və “Tepeunkur”dur. Dağın şərq ətəklərində XI-XIV əsrlərdə tikilmiş hamam da var. Petroqliflərdən bəlli olur ki, qədimdən bu dağın xüsusi əhəmiyyəti olub. XVI əsrə qədər bu dağ “Bara Kux”, XX əsrəcən isə “Taxtı Süleyman” adlanıb. Dağın zirvəsində Baburilər dövrünə aid olan “Taxtı Süleyman” məscidi yerləşir. 
Qədim Tyanşan təbiət abidəsi isə Tanrının yaratdığı təbii gözəllikləri ilə insanları valeh edir.  Bu təbiət abidəsi Qırğızıstanla yanaşı, həm də Özbəkistan və Qazaxıstanın ortaq  təbiət  abidəsi olaraq 2016-cı ildə UNESCO tərəfindən qeydə alınıb.  Buraya daxil olan Sarı Çelek, Beş Aral, Padışatinsk qoruqlarının hər biri özünəməxsusluğu ilə seçilir. 
(davamı var) 
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

9 2018 22:02 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin