Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzuli rayonunda məmur – vətəndaş münasibətləri yüksək səviyyədə qurulur

Füzuli rayonunda məmur – vətəndaş münasibətləri yüksək səviyyədə qurulur

Horadiz şəhərindəki Muğam Mərkəzində Füzuli rayonunda məmur–vətəndaş münasibətlərində şəffaflığın təmin olunması mövzusunda ümumrayon müşavirəsi keçirilmişdir. Rayon rəhbərliyinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların, icra nümayəndələri və bələdiyyə sədrlərinin, QHT və KİV-nin təmsilçilərinin iştirakı ilə keçirilən müzakirədə dövlət qurumlarının məsul şəxslərinin sakinlərin müraciətlərinə həssas və qayğıkeş münasibətinin təmin edilməsi diqqət mərkəzində olmuşdur.
Müşavirədə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev müzakirə olunan məsələ ilə bağlı ətraflı məlumat vermiş, Prezident İlham Əliyevin məmur—vətəndaş münasibətlərinin şəffaf və səmərəli olması ilə bağlı tələblərinə rayonda necə əməl olunmasına aydınlıq gətirmişdir.  Rayon rəhbəri bildirmişdir ki, 1993-cü ilin avqust ayında işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə ümummmilli lider Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edilmişdir.
Horadizdə və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində  ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dərhal genişmiqyaslı və ümumi bərpa layihələrinə start verilmişdir. Qısa müddətdə erməni vandallarının qarət edib viran qoyduqları ərazilərdə  dağıdılmış və yandırılmış infrastruktur yenidən qurulmuş, məcburu köçkünə çevrilmiş füzulililər hissə-hissə doğma yurdlarına qayıtmışlar.
Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində 2003-cü ildə II Qayıdış, 2007-ci ildə 5 Zobucuq, 2016-cı ildə isə sonuncu fin evlərdə yaşayan sakinlər üçün 400 evlik yeni qəsəbə salınmışdır. Hazırda həmin qəsəbələrdə 20 mindən artıq məcburi köçkün yaşayır. Ölkə başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq rayonun işğaldan azad olunmuş ərazisində məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və digər zəruri məişət ehtiyacları tam ödənilir. 
Alı Alıyev daha sonra qeyd etmişdir ki, dövlət başçısının xeyir-duası ilə 2010-cü ildə rayonda Müalicə-Diaqnostika Mərkəzi, Horadiz şəhərində Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi tikilərək istifadəyə verilmişdir. Son 6 ildə Prezident İlham Əliyev 4 dəfə Füzulidə olmuş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 6 sərəncam imzalamışdır. Ölkə rəhbərinin 2012-ci, 2014-cü, 2016-cı və 2017-ci illərdəki səfərləri zamanı Horadiz şəhərində Mədəniyyət evininin, Dram Teatrı, Tarix-Diyarşünaslıq Muzeyi,  Şahmat Məktəbi, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, 2 saylı tam orta məktəb, Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı binalarının, Heydər Əliyev parkının, Horadiz Dəmiryol Vağzalının, Soyuducu Anbar Kompleksinin, Su Elektrik Stansiyasının, Bayraq meydanının, boulinq zalının, uşaq bağçasının, Horadiz şəhərində işğal dövründə  yandırılmış və dağıdılmış 227 fərdi evin və kommunal obyektin, Qəhrəmanlar parkının açılışında iştirak etmişdir. 
Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası qəsəbəni birləşdirən 23 kiometrlik  Qayıdış qəsəbələrarası, Horadiz-Cocuq Mərcanlı  avtomobil yolları, Rəsm Qalereyası, Azərxalça ASC-nin Horadiz filialı, 400 evlik yeni qəsəbə də dövlət başçısının bu səfərləri zamanı istifadəyə verilmişdir. 2013-cü ildə  Polis şöbəsi, Təhsil şöbəsi, Milli Təhlükəsizlik Xidməti rayon şöbəsi üçün inzibati binalar tikilərək istifadəyə verilmişdir.  
İşğal dövründə  Alıxanlı kəndində 50, Əhmədalılar kəndində isə 25 yandırılmış ev bərpa olunmuş, sahibləri doğma ocaqlarına qayıtmışlar. 
Horadiz şəhərində isə düşmənin xarabalığa çevirdiyi 7 küçə tam bərpa edilərək istifadəyə verilmişdir. Şəhərdə geniş yaşıllıq zolaqları salınmış, həmişəyaşıl ağaclar əkilmiş, park və xiyabanlar yaradılmışdır. Rayon ərazisində 20 mindən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3 min 500 leylandra, 10 min eldar şamı, 25 min dekorativ kol, 1500 qoz ağacı, ümumilikdə 100 minə yaxın müxtəlif ağac və dekorativ kol əkilmişdir. 
Dövlət proqramına uyğun olaraq, rayonun işğaldan azad edilmiş ərazisindəki 39 yaşayış məntəqəsinin hər biri mavi yanacaqla təmin olunmuş, ərazidə qazlaşdırma 100 faiz başa çatdırılmışdır. 
Rayon ərazisində iğal dövrü yandırılmış və dağıdılmış, o cümlədən qəzalı vəziyyətdə olan Araz Zərgər, Qarabağ, Gecəgözlü yatağı, Qazaxlar, Əhmədbəyli kəndində 340 yerlik musiqi təmayüllü gimnaziya və 4 saylı Qayıdış qəsəbə tam orta məktəb binaları tikilərək istifadəyə verilmişdir. Ümumiyyətlə, son 10 ildə 3 min 860 şagird yerlik 23 məktəb binası tikilmiş, 2 min 180 şagird yerlik 12 məktəb binası əsaslı təmir olunmuşdur. Yaşayış məntəqələrində tikinti-quruculuq, abadlıq işləri bu gün də sürətlə davam edir. Hazırda Horadiz şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin rayon şöbəsi üçün inzibati binanın, Bayraq Muzeyinin, Bala Bəhmənli kəndində Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam edir.  
Alı Alıyev daha sonra bildirmişdir ki, Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğı və diqqətini respublikanın digər bölgələrində olduğu kimi, füzulililər də daim hiss edirlər. Fond  rayonda 4 böyük layihə həyata keçirmişdir. 2012-ci ildə Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yerlik ikimərtəbəli, ən müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz olunmuş məktəb binası, 2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 100 və 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq ikimərtəbəli uşaq bağçası-körpələr evləri, 2014-cü ildə Horadiz şəhərində Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilmişdir. 
Müşavirədə qeyd edilmişdir ki, rayonda sahibkarlığın inkişafına da ciddi fikir verilir. Özəl sahənin fəaliyyətinə yaradılan şəraitin nəticəsidir ki, yüzlərlə şəxs rayonda sahibkarlıqla məşğul olur, rayonun iqtisadiyyatının möhkəmləndirilməsində yaxından iştirak edir. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq, məhsul bolluğu yaradır. Sahibkarlıq yeni iş yerləri açır, fəaliyyətlərini genişləndirirlər. 
Təkcə 2017-ci il ərzində Füzuli rayonunda özəl bölməyə 12 milyon manatdan artıq investisiya qoyulmuş, kənd təsərrüfatının, yerli istehsalın inkişafına xidmət göstərən tədbirlər həyata keçirilmiş, ümumi məhsulda bu sektorun çəkisi artırılmışdır. 
Azərxalça ASC-nin Horadiz şəhərində yaradılmış filialında  toxunan Qarabağın tarixi çeşnili xalçaları isə Azərbaycan brendi altında artıq dünyanın müxtəlif ölkələrinə ixrac olunur.
Son illər rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Artıq yeddinci ildir ki, rayon üzrə 100 min tondan artıq taxıl istehsal edilir. Son 7 ildə isə füzulililər 800 min tondan artıq taxıl istehsal etmişlər. Prezident  İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq, rayonda iri taxılçılıq təsərrüfatı yaradılıb. 2700 hektar torpaq sahəsində isə müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edən Aqropark təşkil edilib. 
Rayonda ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq və baramaçılığın inkişafı da diqqət mərkəzindədir. Rayonun işğaldan azad olunmuş ərazisində 2016-cı ildə 3,3 ton, 2017-ci ildə 24,5 ton, 2018-ci ildə isə 38 ton barama istehsal olunmuş, kümşülər 650 min manata yaxın vəsait əldə etmişlər. 2018-ci ildə 2100 hektar sahədə pambıq əkilmiş, minlərlə insanın pambıqçılıq və baramaçılığın hesabına məşğulluğu təmin edilmişdir.  
Müşavirədə bildirilmişdir ki, hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 70 min nəfərə yaxın əhali yaşayır. 60 min nəfər füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt, şəhərlərində və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşmışdır. Füzuli Rayon İcra Hakimiyyəti mütəmadi olaraq məcburi köçkünlərlə əlaqə saxlayır, onların problemləri öyrəniılir, müvafiq köməklik göstərilir.
Füzuli RİH-in başçısı Alı Alıyev bütün bu uğurların mərkəziundə insan amilinin dayandığını vurğulamış, Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqlarının rayonunda daim diqqət mərkəzində saxlanıldığını söyləmişdir. O qeyd etmişdir ki, dövlətin fəal, ardıcıl dəstəyi ilə aparılmış geniş quruculuq işləri insanların normal yaşayışı üçündür. Qazanılmış nailiyyərlər isə füzulililərin bu böyük qayğıya layiqli cavablarıdır. Yaradılan şərait insanlarda yüksək quruculuq əvhalı yaradır, ölkəmizin ümumi inkişafına əlavə təkan verir.
Rayon rəhbəri demişdir ki, ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” sözləri, “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” tələbi Füzuli rayonunda bütün idarə, müəssisə və təşkilatların əsas fəaliyyət prinsibi olmalı, məmurlar vətəndaşlara xidmət etməlidir. Rayonun hərtərəfli inkişafı, problemlərin ümumi səylərlə aradan qaldırılması  üçün vətəndaş--məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini deyən Alı Alıyev rayonda bütün dövlət məmurlarının, hüquq-mühafizə orqanları işçilərinin əhalinin qayğıları ilə yaşamalı,  insanlara xidmət etməli olduqlarını vurğulamışdır. 
Qeyd edilmişdir ki, Prezident ­İlham Əliyevin dövlət qulluqçularının qarşısında qoyduğu vəzifələrə sözsüz əməl olunmalı, məmurlar onlara göstərilən yüksək etimadı layiqincə doğrultmalıdırlar. Məmurlar, dövlət qurumlarının nümayəndələri insanlarla bir yerdə olmalı, vətəndaşlara qarşı heç bir diqqətsizliyə, qanunun tələblərinin pozulması halına yol verməməlidirlər.  Prezident İlham Əliyevin dediyi kimi, məmurlar təmiz işləməli, xalqla bir yerdə olmalı, rüşvətxorluq etməməli, dövlətçiliyə, xalqın maraqlarına sadiq olmalıdırlar. 
Bildirilmişdir ki, dövlət başçısının respublikada korrupsiya və rüşvətxorluğa qarşı mübarizə işinin daha ciddi aparılması ilə bağlı tapşırdığı Füzuli rayonunda da bütün zəruri tədbirlər həyata keçirilir. 
Müşavirədə rayon prokuroru Ramazan Hadıyev, Polis Şöbəsi rəisinin müavini Xəyyam Mirhüseynov, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Natiq Şükürov, Notarius Fəxrəddin İbadullayev, ƏƏSMN-nin rayon şöbəsinin müdiri Zəfər Hətəmov, Telekommunikasiya qovşağının rəisi Yavər Məmişov, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri məmur-vətəndaş münasibətlərinin yüksək səviyyədə qurulması ilə bağlı rəhbərlik etdikləri qurumların fəaliyyətindən və gerçəkləşdirilən əlavə tədbirlərdən söz açmışlar. Müzakirələrdə maraqlı təklif və mülahizələr səslənmiş, ümumi səylərin əlaqələndirilməsinin zəruriliyi qeyd edilmişdir.
Müşavirəyə yekun vuran Füzuli RİH-in başçısı Alı Alıyev bildirmişdir ki, vətəndaşların müraciətlərinə baxılması işinin keyfiyyətinin yaxşılaşdırılmasında son illərdə dövlət hakimiyyəti orqanlarında tətbiq edilən  yeniliklər, idarəetmənin müasir forma və metodları böyük rol oynayır. Buna görə də Füzuli RİH-in başçısı, müavinləri və şöbə müdirləri  mütəmadi olaraq füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Bakı, Sumqayıt şəhərlərində, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında, o cümlədən rayonun iri yaşayış məntəqələrində görüşlər keçirir, söhbətlər aparır, vətəndaşları narahat  edən  məsələləri  yerindəcə  həll  etməyə  çalışırlar. Əsas müraciətləri yerində həll olunan əhali başqa  təşkilatlara  müraciət  etmir, əziyyət  çəkmir. 
 Sonda rayon rəhbəri RİH-də vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, yerlərdə keçirilən səyyar-qəbul görüşlərin önəmi ilə bağlı qarşıda duran növbəti tədbirləri şərh etmişdir. Alı Alıyev vurğulamışdır ki, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin, qayğılarının həll edilməsi rayonda vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, həm də ölkə başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla icra edilməsi deməkdir.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

9 2018 22:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin