• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 21.4 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionlarımızın mədəni həyatı getdikcə zənginləşir

Regionlarımızın mədəni həyatı getdikcə zənginləşir

Ölkə başçısının təşəbbüsü ilə respublikamızın müxtəlif bölgələrində tarixi abidələr bərpa edilir, muzeylər, kitabxanalar əsaslı təmir olunur, ən müasir standartlara cavab verən mədəniyyət ocaqları inşa edilərək insanların istifadəsinə verilir. Son illər bölgələrdə 33 yeni mədəniyyət obyekti tikilmişdir. Respublikamızda həyata keçirilən dövlət mədəniyyət və turizm siyasəti regionlarda da bu mühüm sahələrin inkişafına yeni təkan vermişdir. Bu gün bölgələrdə təşkil edilən mədəni tədbirlər həm keyfiyyət və kəmiyyət göstəriciləri, həm də əhatə dairəsi ilə əvvəlki illərdəkindən əhəmiyyətli dərəcədə fərqlənir. Regionların ümumi inkişaf mənzərəsinə nəzər salsaq görərik ki, bölgələrdə təkcə iqtisadi göstəricilərin əldə olunması ilə kifayətlənmir, həm də mədəni həyatın zənginliyinə böyük önəm verilir. Yerlərdə mədəniyyətin inkişafına diqqətin artması yeni-yeni mədəniyyət müəssisələrinin inşa edilməsi, bir-birindən maraqlı, rəngarəng tədbirlərin keçirilməsi ilə nəticələnir. 
Dövlətimizin başçısı İlham Əliyev regionların inkişafı ilə bağlı deyib: “2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilmişdir. Bu proqramın ölkə tarixində çox böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq”.
Doğrudan da, indi ölkəmizin bütün bölgələrində sosial- iqtisadi inkişafın təzahürləri aydın nəzərə çarpır. Xüsusilə kənd təsərrüfatının inkişafına artan diqqət bu sahə işcilərinə mədəni xidmətin daha da təkmilləşməsini zəruri etmişdir. İndi təkcə region mərkəzlərində deyil, eləcə də qəsəbə və kəndlərimizdə də yeni mədəniyyət obyektləri inşa edilir. 
 Regionlarda təkcə yerli və respublika səviyyəli deyil, beynəlxalq səviyyəli tədbirlərin təşkili xoş ənənəyə çevrilmişdir. Şəhər və rayonlar öz mədəniyyət brendlərinin yaradılmasına səy göstərir, mədəni xüsusiyyətlərini təbliğ etməyə çalışır. Öz rəngarəngliyi və zəngin proqramı ilə seçilərək, bütün iştirakçılarda, xüsusilə də xarici qonaqlarda zəngin təəssürat yaradan regional tədbirlər sırasında Göyçayda ənənəvi təşkil olunan “Nar bayramı”nı, Qubada “Alma bayramı”nı, Qəbələdə “Mürəbbə bayramı”nı, Sabirabadda “Qarpız bayramı”nı və digər bölgələrdə müxtəlif adlarla keçirilən məhsul bayramlarını xüsusi qeyd etmək olar.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bölgələrə səfərləri regionların mədəni həyatında bir çox yeniliklərlə yadda qalmışdır. Ölkəmizin 20-dən çox şəhər və rayonuna səfərləri çərçivəsində dövlət başçısı yeni mədəniyyət ocaqlarının açılışında iştirak etmişdir. Bunlardan Gəncə Dövlət Filarmoniyasının açılışı, Saatlıda Tarix-diyarşünaslıq muzeyi və Dövlət Rəsm Qalereyasının, Culfada uşaq musiqi məktəbinin, Lənkəran, Tərtər, Beyləqan, İmişli, Zərdab, Füzuli rayonlarında Heydər Əliyev mərkəzlərinin açılışını misal göstərmək olar.
Azərbaycanın mədəni irsinin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, “2010-2014-cü illər üçün “Xalq yaradıcılığı paytaxtları” Proqramı çərçivəsində keçirilən təntənəli mərasimlər, konfranslar, “dəyirmi masa”lar, konsertlər, festivallar, sərgilər və digər çoxsaylı tədbirlər təşkil edilmişdir.
Regionlarda xarici ölkələrin nümayəndə heyətlərinin, kollektivlərin və ekspertlərin iştirakı ilə təşkil edilmiş tədbirlər sırasında Şəki Xan Sarayının 250 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər, Ağsuda IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı, Masallıda Beynəlxalq folklor festivalı, Qəbələdə “Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində” mövzusunda beynəlxalq konfrans və digər tədbirlər önəmli yer tutur. Ümumiyyətlə, son illər ölkəmizin 45 şəhər və rayonunu əhatə edən respublika səviyyəli 100-ə qədər müxtəlif tədbir təşkil edilmişdir.
Rayonlarda inşa edilmiş Heydər Əliyev mərkəzləri bu gün əsl mədəniyyət ocağına çevrilmişdir. Bu mərkəzlərdə keçirilən yüksək səviyyəli tədbirlər əhalinin asudə vaxtının səmərəli təşkilinə imkan yaradır.
Söz yox ki, regionların mədəni inkişafı sahəsində qazanılmış uğur və nailiyyətlərlə yanaşı, müxtəlif aktual problemləri də qeyd etmək lazımdır. Bu xüsusda mühüm problemlərdən biri ixtisaslı kadrların, xüsusilə də ali təhsilli mütəxəssislərin çatışmazlığıdır. Bəzi regionlarda ali təhsilli mütəxəssislərə -- kitabxanaçılara, klub işçilərinə, musiqi məktəbi müəllimlərinə böyük ehtiyac var. Regionlarda mədəniyyət müəssisələri binalarının texniki vəziyyəti, mədəniyyət ocaqlarının maddi-texniki bazası da həllivacib problemlər sırasına aiddir. 
Regionlarda yeni mədəniyyət ocaqlarının inşası, müəssisələrin əsaslı təmiri və yenidən qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” pilot layihəsi Lənkəran şəhəri və İsmayıllı rayonlarında uğurla gerçəkləşmiş, bu bölgələrin klub sisteminin fəaliyyətində əsaslı dönüş yaranmışdır. Bu islahatların mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun sayıldığından, yeni layihə hazırlanaraq Şəki şəhərində və Abşeron, Balakən, Gədəbəy, Göygöl, Xaçmaz, Qazax, Qəbələ, Masallı, Şamaxı rayonlarında fəaliyyət göstərən klub sisteminə tətbiq olunmasına başlanılmışdır.
Heydər Əliyev Fondu 2009-cu ildən başlayaraq hər il Qəbələ şəhərində Beynəlxalq musiqi festivalı keçirir. Birinci Qəbələ Beynəlxalq musiqi festivalında dünyanın 16 ölkəsindən – ABŞ-dan, Fransadan, İsraildən, Meksikadan, Polşadan, Rusiyadan, İtaliyadan, İspaniyadan və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər iştirak ediblər. 
Bu günlər Qəbələ şəhəri yenidən öz qapılarını beynəlxalq musiqi festivalı iştirakçılarının üzünə açdı. Artıq 10-cu dəfədir keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən dünya musiqiçilərini bir araya gətirdi. Gözəl bir ənənəyə çevrilən bu festival öz möhtəşəmliyi ilə xarici və yerli musiqiçilərin dərin rəğbətini qazanmışdır.
Musiqi bayramında Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib. Bu mədəniyyət ocağının təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb. Cənab Prezident açılış mərasimindəki çıxışında demişdir: “Filarmoniyanın yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Gəncə Dövlət Filarmoniyasının yeni binasının istifadəyə verilməsi Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının əyani təsdiqidir”.
Regionlarda fəaliyyət göstərən muzeylərin inkişafı istiqamətində işlər davam etdirilmiş, onların maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi, ekspozisiyaların genişləndirilməsi və yeni muzeylərin yaradılmasına diqqət artırılmışdır. Son illər ərzində respublikanın 19 muzeyində əsaslı təmir və bədii tərtibat işləri aparılmışdır. 
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” başlığı altında "Bölgələrdən- bölgələrə" adlı yaradıcılıq festivalı keçirilir.Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Festival çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olunur.Festivalın yay mövsümündə keçirilməsi ölkəyə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradır.
Festivalın ilk tədbiri iyun ayının 25-də Masallı şəhərində keçirilib. Bundan sonra Lənkəran, Ağdam, Mingəçevir, Qusar və Sumqayıt şəhərlərində festival işini davam etdirilib. Festival Azərbaycanın 15 şəhər və rayonunu əhatə edəcək. Beləliklə, layihə çərçivəsində ölkəmizin regionlarının mədəni irsi geniş şəkildə, toplu halında bütün ölkəboyu təqdim və təbliğ olunacaq.
 Ölkəmizin hər bir bölgəsi özünəməxsus mədəni ənənələri ilə zəngindir. Xalqımızın ümumi mədəni sərvətini təşkil edən bu dəyərləri təkcə beynəlxalq səviyyədə deyil, ölkə daxilində də təbliğ etmək və tanıtmaq baxımından regionlararası mədəniyyət mübadiləsinin genişləndirilməsinə diqqətin artırılması vacibdir. 
Bu il aprelin 21-də Milli Kitabxanada regionlarda mədəniyyətin inkişaf perspektivləri müzakirə olundu. Nazir Əbülfəs Qarayev rayon mədəniyyət və turizm şöbələrinin müdirləri ilə görüşdü. Tədbir mədəniyyət sahəsində çalışan işçilərin 10 gün ərzində Bakıda təşkil edilmiş təkmilləşmə kurslarının yekunlarına həsr olunmuşdu. Müzakirələrdə iştirak edən rayon mədəniyyət şöbələrinin müdirləri, mütəxəssislər bölgələrdə mədəniyyət ocaqlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xüsusi diqqət yönəltdilər. Mədəni tədbirlərin daha keyfiyyətli təşkili, klubların, muzey və kitabxanaların müasir tələblərə uyğun təşkilinin vacibliyi diqqətə çatdırıldı.
Sürətlə qloballaşan bugünkü dünyada xalqımızın qədim adət və ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi olduqca əhəmiyyətlidir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında mədəniyyət siyasətinin strategiyasına dair mühüm maddələrin əks olunması bu vəzifələrin respublikamız üçün xüsusi əhəmiyyətini bir daha nümayiş etdirir.
Ölkə başçisının bölgələrə mütəmadi səfərləri zamanı regionların mədəni həyatının inkişafına göstərdiyi diqqət onu deməyə əsas verir ki, yaxın gələcəkdə respublikamızın mədəni həyatı daha da zənginləşəcək, əhalinin mədəni tələbatının tam ödənilməsində əsaslı dönüş yaranacaqdır.

“Xalq qəzeti” 

9 2018 21:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin