Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kırıkkaledə Azərbaycan – Türkiyə əlaqələri ilə bağlı konfrans

Kırıkkaledə Azərbaycan – Türkiyə əlaqələri ilə bağlı konfrans

Türkiyənin Kırıkkale vilayətində “Azərbaycan – Türkiyə əlaqələri və Qarabağ problemi ” adlı konfrans təşkil edilib. Konfransda Kırıkkale bələdiyyəsinin sədri və icra başçısı, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırova, Türk Ocakları sədri, Kirikkale Qəzetəçiler Cəmiyyətinin rəhbəri, bölgənin ziyalıları, KİV və QHT rəhbərləri, gənclər iştirak edib.

Konfransda çıxış edən Kırıkkale icra başçısı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, “hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”,-- deyib və Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini vurğulayıb.

Milli Məclisin Deputatı Qənirə Paşayeva müsəlman şərqində qurulan ilk cümhuriyyət olan və bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib və AXC-ni quran ulularımızın və Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı deyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında Kırıkkaledən olan dədələrimizdən danışan millət vəkili Q.Paşayeva Onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər”-- deyib. O, Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” fikirlərini vurğulayıb. 15 sentyabrda (2018) Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsini, Azərbaycan və Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunə olduğunu deyib. Millət vəkili Q.Paşayeva bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyədə STAR neft emalı zavodunun açılışından danışaraq Azərbaycanın xaricdə ən böyük sərmayəsinin məhz qardaş Türkiyəyə qoyulmasının iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir, – deyib.

Konfransın sonunda Kırıkkale rəsmiləri Q.Paşayevaya belə bir konfrans üçün təşəkkürünü bildirib, onu yenidən Kırıkkaledə konfrans vermək üçün dəvət ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

29 Oktyabr 2018 17:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə