Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər Azərbaycanın təbliğində fəallıq göstərməlidirlər

Gənclər Azərbaycanın təbliğində fəallıq göstərməlidirlər

Milli Məclisin deputatı Qənirə Paşayeva Qərbi Kaspi Universitetində gənclərlə görüşüb və onları virtual məkanda Azərbaycanın təbliğində və ölkəmizə qarşı yalanlarla mübarizədə fəal olmağa çağırıb. Qərbi Kaspi Universitetinin müəllimi, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bagirova və əməkdar müəllim Almaz Həsrətin iştirakı ilə keçən görüşdə universitetə və bu tədbiri təşkil edənlərə təşəkkür edən siyasi elmlər doktoru Q.Paşayeva ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə geniş fikirlərini söyləyib.

Erməni diasporu, lobbisi və dəstəkçilərinin Azərbaycan əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri ayıq olmağa, gəncləri sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib. Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə səsləyib: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.
Deputat bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.  O, gəncləri tariximizi dərindən öyrənməyə çağıraraq, onlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir.
Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb. Aprel döyüşlərinin əhəmiyyətindən danışaraq deyib ki, ən önəmli o idi ki, bu döyüşlərdən sonra bayrağımız Lələ Təpədə dalğalanır və Cocuq Mərcanlıdan olan məcburi köçkünlərimiz öz evlərinə döndülər.

 Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır.

Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran Q.Paşayeva kitabı ən qiymətli hədiyyə adlandırıb. Deputat “Regional hüquqi və iqtisadi maarifləndirmə” İB-nin sədri Arzu Bagirova ilə birgə tədbirin sonunda hər bir gəncə Azərbaycan motivli hədiyyələr, Azərbaycan tarixi ilə bağlı kitablar bağışlayıblar və onlara tariximizi daha dərindən öyrənməyi tövsiyə ediblər.

 

Z.BƏŞİRQIZI,
"Xalq qəzeti”

27 Oktyabr 2018 11:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə