Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tokat vilayətində "Bir millət, iki dövlət" adlı konfrans

Tokat vilayətində

Milli Məclisin deputatı Qənirə Paşayevanın Türkiyənin Tokat vilayətində Azərbaycan -- Türkiyə əlaqələri ilə bağlı verdiyi "Bir millət, iki dövlət" adlı konfransda Tokat bələdiyyəsinin sədri Av. Eyüp Eroğlu, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri A. Bağırova, Tokat icra nümayəndəsi, bölgənin ziyalıları, KİV və QHT rəhbərləri, gənclər, yüzlərlə tokatlı iştirak edib.

Konfransda Av. Eyüp Eroğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, "hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir,"-- deyib və bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi diqqət edəcəyini deyib.

 Q.Paşayeva bələdiyyə sədrinə bu il keçirdikləri “Kitab sərgisi”ndə əsas mövzunu Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr etdiklərinə görə təşəkkürünü bildirib və “bu, əsl qardaşlıq addımıdır”-- deyib. Müsəlman şərqində qurulan ilk cümhuriyyət --Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verən deputat AXC-ni quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, sayğı və rəhmətlə andığımızı və anacağımızı deyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən, erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında Tokatdan da olan dədələrimizdən danışan Q.Paşayeva 1915-ci ildə Çanaqqala döyüşündə iştirak edən Azərbaycan türklərindən də söz açıb. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir", Azərbaycan Prezidenti İlham Əliyevin "Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür" fikirlərini xüsusi vurğulayan deputat  Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 sentyabrda Bakıdan birlikdə verdikləri mesajları xatırladıb. O, 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsinin Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunun bariz nümunəsi adlandırıb. Qarabağ problemindən danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.

Konfransın sonunda Tokat bələdiyyəsinin sədri Av. Eyüp Eroğlu Q.Paşayevaya təşəkkürünü bildirib, onu yenidən Tokata konfrans vermək üçün dəvət edib və Azərbaycan--Türkiyə əlaqələri, türk dünyası ilə bağlı gördüyü işləri yüksək qiymətləndirdiklərini deyərək ona plaket təqdim edib. Həmçinin Q.Paşayevaya və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırovaya Tokatla bağlı xatirə hədiyyələri təqdim edilib.

Q.Paşayeva tədbir çərçivəsində gənclərin suallarını da cavablandırıb, KİV-lərə geniş müsahibə verib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 Oktyabr 2018 10:58 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə