Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hüseyn Cavidin abidəsi önündə anım tədbiri keçirilib

Hüseyn Cavidin abidəsi önündə anım tədbiri keçirilib

Yasamal Rayon İcra Hakimiyyəti, AMEA Hüseyn Cavidin Ev Muzeyi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümü münasibətilə görkəmli dramaturqun abidəsi önündə tədbir keçirilib.

www.science.gov.az saytı yazır ki, tanınmış elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli böyük şairin yaradıcılığından, zəngin ədəbi irsindən, bəşəri ideyalarından danışıb. O, Azərbaycan ədəbiyyatı tarixində, dramaturgiyamızın inkişafında ölməz sənətkarın xidmətlərindən bəhs edib.  

Daha sonra çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, dərin fəlsəfi-estetik məzmunlu əsərləri ilə ədəbiyyatımızda yeni mərhələnin başlanğıcını qoyan Hüseyn Cavid ömrü boyu qəlbinin dediklərini qələmə alıb, sənətinə sadiq qalaraq əbədiyaşarlıq zirvəsinə ucalıb. Ə.Əzizov ölkə başçısının müvafiq sərəncamları ilə Hüseyn Cavidin 130 və 135 illik yubileylərinin respublikamızda dövlət səviyyəsində qeyd edildiyini diqqətə çatdırıb.

Mərasimdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma vətənə gətirilməsində iştirak edən Həmid Cəfərov çıxış edərək unudulmaz sənətkarın irsinə tükənməz xalq məhəbbətindən söhbət açıblar.

Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı isə çıxışında H.Cavid yaradıcılığının əbədiyaşar söz sənəti kimi daim insan mənəviyyatının zənginləşməsinə xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, onun əsərlərinin əsas mövzularından olan müharibələrə nifrət, sülhə çağırış bu gün də aktualdır.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Cavidin ölməz əsərlərinin hər zaman oxunacağını, onun xatirəsinin xalqın ürəyində əbədi yaşayacağını vurğulayıb.

Sonda sənətkarın şeirlərindən parçalar söylənilib, tanınmış incəsənət ustaları Hüseyn Cavidin sözlərinə bəstələnmiş əsərlər ifa ediblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

26 Oktyabr 2018 15:40 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə