Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Muzey Mərkəzində “Həyat yaradıcılıqdır” adlı rəsm sərgisi açılıb

Muzey Mərkəzində “Həyat yaradıcılıqdır” adlı rəsm sərgisi açılıb

Muzey Mərkəzində rəssam Fərhad Həmzəliyevin (1953-2008) “Həyat yaradıcılıqdır” adlı rəsm sərgisinin açılış mərasimi keçirildi.

Sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov rəssamın yaradıcılığından geniş söz açdı. Bildirdi ki, Fərhad Həmzəliyev sənətini hər şeydən üstün tutan rəssamlardan idi. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təsviri incəsənət kafedrasında üç il pedaqoji fəaliyyətlə məşğul olan rəssamın əsərləri çoxşəkillidir. Qeyd olundu ki, bu ali təhsil ocağında onun rəhbərliyi altında rəngkarlıq sənətini öyrənmiş memar və dizaynerlər yetişib. Fərhad Həmzəliyev qısa ömür yaşamasına baxmayaraq, özündən sonra unikal əsərlər yadigar qoyub. Belə sənətkarların yaradıcılığı hər zaman bəyənilir, nümunə kimi gənc rəssamların formalaşmasında böyük rol oynayır.

Diqqətə çatdırıldı ki, sərgi çərçivəsində müəllifin 59 rəngkarlıq, 40 qrafika və 12 bədii keramika əsəri ziyarətçilərə təqdim ediləcək. Bu sərgi müasir Azərbaycan incəsənətinin daha bir səhifəsini – Fərhad Həmzəliyevin yaradıcılıq irsini yenidən kəşf etməyə imkan verəcək.

Tədbirdə Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digərləri çıxış edərək rəssamın yaradıcılığından, sənət fəaliyyətindən və insani keyfiyyətlərindən söz açdılar, fırça ustası ilə bağlı xatirələrini bölüşdülər. Bildirildi ki, Fərhad Həmzəliyev o yaradıcılıq kateqoriyasına aid adamlardan idi ki, onlar üçün incəsənət, həqiqətən, həyatın yeganə və hər şeydən üstün işidir, mənasıdır.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Mərhum rəssamın 65 illiyinə həsr olunan sərgi oktyabrın 30-dək davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 Oktyabr 2018 11:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə