Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı alimlər İsraildə keçirilən beynəlxalq seminarda iştirak ediblər

İsrail Elmlər və Humanitar Akademiyasında "Zəlzələ seysmologiyası və geodinamika" mövzusunda seminar keçirilib. Tədbir AMEA ilə İsrail Elmlər və Humanitar Akademiyası arasında bağlanmış rəsmi sazişə əsasən baş tutub. Seminarın keçirilməsində məqsəd seysmologiya və geodinamika sahəsində hər iki ölkədə aparılan prioritet tədqiqatlarla tanış olmaq, birgə araşdırma perspektivlərini müəyyənləşdirmək və elmi əlaqələri inkişaf etdirmək olub.

www.science.gov.az saytı yazır ki, İsrail universitetlərindən və geoloji xidmətindən 20-dən çox alimin iştirak etdiyi tədbirdə ölkəmizi AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, yer elmləri üzrə elmlər doktoru Qulam Babayev və həmin müəssisənin aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov təmsil ediblər.

Seminarın açılış mərasimində İsrail Elmlər və Humanitar Akademiyasının prezidenti, professor Nili Cohen və akademik Fəxrəddin Qədirov çıxış edərək tədbirin önəmini qeyd edib, iclasın seysmoloji və geodinamik təhlükəli problemlərin öyrənilməsi istiqamətində mütəxəssislər üçün mühüm platforma olduğunu söyləyiblər.

Daha sonra seminar öz işini İsrail Elmlər və Humanitar Akademiyasının Yer elmləri üzrə vitse-prezidenti, professor Zvi Ben-Avrahamın və akademik F.Qədirovun sədrliyi ilə dörd seksiyada davam etdirib. Azərbaycanlı alimlər burada dörd elmi məruzə ilə çıxış ediblər. AMEA-nın müxbir üzvü Qurban Yetirmişli "Azərbaycanın seysmik şəbəkəsi və görülən işlər" haqqında iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.  

Tədbir iştirakçıları Azərbaycanın seysmik və geodinamik şəbəkəsinin Şərqi Aralıq dənizi-Ərəbistan-Qafqaz sintaksisində aktiv textonikanın və seysmik təhlükənin  öyrənilməsində mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

İki gün davam edən seminarın sonunda gələcək tədqiqatların aparılması üçün birgə elmi proqramın hazırlanmasının vacibliyi vurğulanıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

25 Oktyabr 2018 13:56 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə