Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-da “Keçmişdən günümüzə Naxçıvan Bektaşiləri” kitabının təqdimatı olub

AMEA-nın Fəlsəfə İnstitutunda Fikrət Bektaşi və Etimad Bektaşinin həmmüəllifi olduğu “Keçmişdən günümüzə Naxçıvan Bektaşiləri” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA-nın Fəlsəfə, Tarix, Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya institutlarının əməkdaşları, respublikanın qabaqcıl alimləri və Bektaşilər nəslinin nümayəndələri iştirak ediblər.

www.science.gov.az saytı yazır ki, mərasimi Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli açaraq 700 il bundan öncə yaranmış Bektaşilik təriqətinin türkçülüyə və İslam mədəniyyətinə mühüm töhfələr verdiyini söyləyib. Qeyd edib ki, bəşəri keyfiyyətlərə malik olan bektaşilik tarixən elmə, təhsilə, mədəniyyətə, qadın və kişi bərabərliyinə, əxlaqi dəyərlərə önəm verib, ayrı-seçkiliyə qarşı kəskin mübarizə aparıb. Son illərdə AMEA-nın Fəlsəfə, Tarix və Şərqşünaslıq institutlarında bu təriqətlə bağlı önəmli tədqiqat işlərinin aparıldığını, kitabların ərsəyə gətirildiyini deyən alim bildirib ki, təqdimatı keçirilən nəşrdə Bektaşi sülaləsinin tarixi haqqında qiymətli sənədlər yer alıb.

Sonra kitabın müəlliflərindən Etimad Bektaşi çıxış edərək bildirib ki, vəsaitdə tarixi araşdırmalar, arxiv materialları ilə yanaşı, bəzi faktlar ilk dəfə dərc olunub. O, kitabın əsas qayəsinin kökü yüz illərə dayanan Bektaşilər nəslinin millətinə, vətəninə göstərdiyi xidmətləri, yaşam fəlsəfəsini, insani dəyərləri oxuculara çatdırmaq olduğunu deyib. E.Bektaşi nəşrdə, həmçinin Hacı Bektaş Vəlinin ruh saflığının, düşüncə tərzinin, haqq və hüquq mübarizəsinin, eləcə də nəslin digər nümayəndələrinin maarifçiliyinin, humanizminin əksini tapdığını diqqətə çatdırıb.

Daha sonra Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Tahirə Məmməd, Azərbaycanın əməkdar artisti, aktyor Elxan Qasımov, Rauf Bektaşinin nəvəsi Sevinc Bektaşi və digərləri çıxış edərək kitabın çapının önəminə toxunub, bu təriqətin yüksək insani keyfiyyətləri barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, kitabın elmi redaktoru və "Ön söz"ün müəllifi İnci Qədirzadə, rəyçiləri - AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə və pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadədir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

25 Oktyabr 2018 13:52 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə