Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalça Muzeyi növbəti beynəlxalq simpoziuma hazırlaşır

Xalça Muzeyi növbəti beynəlxalq simpoziuma hazırlaşır

Bakıda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda üçüncü Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” Simpoziumu keçiriləcək.

Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə üç gün davam edəcək simpozium konfrans, tematik sərgilər, ustad dərsləri, moda nümayişi və satış yarmarkasından ibarət olacaq. Azərbaycan, ingilis, rus və türk dillərində keçiriləcək tədbirə 22 ölkədən 83 iştirakçı qatılacaq.

Simpozium çərçivəsində keçə sənəti nümunələrindən ibarət “Ənənəvi keçə sənəti” və “Keçə müasir incəsənətdə” sərgiləri təşkil ediləcək. Hər iki sərgidə azərbaycanlı ustalarla yanaşı, türk, rus, qırğız, macar, İsveç və digər ölkələri təmsil edən sənətkarların əl işləri nümayiş olunacaq.

Simpozium çərçivəsində keçə sənətində dünyaca məşhur türk və qırğız ustalarının ustad dərsləri təşkil ediləcək. Bunlarla yanaşı, “Four Seasons Baku” otelində keçə sənətinin müasir modada tətbiq olunmasını əks etdirən moda nümayişi keçiriləcək. Burada Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan və Qazaxıstandan gələn modelyerlər öz kolleksiyalarında keçə sənətindən bəhrələnərək bu texnikada hazırladıqları libasları təqdim edəcəklər.

Simpozium çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ‒ bazar meydanında keçə sənət nümunələrindən ibarət üç günlük satış-yarmarkanın keçirilməsi də nəzərdə tutulur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 Oktyabr 2018 12:19 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə