Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UAFA ilə gələcək fəaliyyət istiqamətləri müzakirə olunub

UAFA ilə gələcək fəaliyyət istiqamətləri müzakirə olunub

“Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya yönümlü sosial xidmətlər sisteminin əsas məqsədi belə uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, eyni zamanda, həmin müəssisələrdəki uşaqların səmərəli reabilitasiya xidmətləri, de-institusionalizasiya tədbirləri vasitəsilə yenidən doğma ailə mühitinə qaytarılmasıdır”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) rəhbəri Qven Börçel ilə nazirlikdə keçirilən görüşdə bildirib.

S.Babayev vurğulayıb ki, dövlətin sosial siyasətində belə uşaqların sağlamlıqlarının bərpası, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası xüsusi yer tutur. Hazırda nazirliyin tabeliyindəki 1 və 2 saylı sosial xidmət müəssisələrində 330-dan çox uşaq daimi dövlət təminatındadır. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində orada nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. O müəssisələrdə uşaqların ətraf mühitə uyğunlaşmalarına mane olan funksional çatışmazlıqların, davranış problemlərinin aradan qaldırılması üçün sistemli reabilitasiya işləri aparılır. Bu kimi işlər, həmçinin de-institusionalizasiya tədbirləri cari ildə  21 nəfərin doğma ailə mühitinə qayıtmasına imkan verib.

S.Babayev nazirliyin sifarişləri əsasında icra olunan və 4 mindən çox uşağı əhatə edən sosial xidmət layihələri, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlər, yaradılan reabilitasiya mərkəzləri barədə məlumat verib. O, DOST mərkəzlərinin yaradılması yönündə aparılan işləri də qeyd edib, bu mərkəzlərdə nazirlik üzrə 124 xidmətlə yanaşı, günərzi sosial xidmətlərin göstərilməsinin, sosial xidmətlər üzrə təlimlərin təşkilinin də nəzərdə tutulduğunu bildirib. Eyni zamanda, reabilitasiya yönümlü sosial xidmətlərin təşkili işlərində UAFA ilə əməkdaşlıq müstəvisində icra olunan layihələrin mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb.

Xanım Q.Börçel bu sahədə nazirliyin UAFA ilə fəal əməkdaşlığa önəm verməsindən məmnunluğunu ifadə edib. O, birgə layihələrin davam etdirilməsində, habelə sosial xidmətlər üçün strategiya planının hazırlanmasında və digər müvafiq istiqamətlərdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Görüş zamanı fikir mübadiləsi aparılıb, nazirliyin sosial xidmətlər sahəsində UAFA ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 Oktyabr 2018 12:09 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Oktyabr 2019 | 16:40
Həkimlərimizi tanıyın

Köhnə versiyamızdan xəbərləri izlə