Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU Fransa universitetləri ilə hərtərəfli əməkdaşlıq edəcək

Azərbaycan Tibb Universiteti (ATU) Fransanın ən nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq münasibətləri qurmaq niyyətindədir. Bu barədə universitet ilə Fransanın Azərbaycandakı səfirliyinin təmsilçiləri arasında keçirilən görüşdə razılıq əldə olunub.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, Fransa universitetləri ilə əməkdaşlıq məsələləri hələ il yarım bundan əvvəl səfirlikdə keçirilən görüşdə müzakirə edilib. Lakin tələbələrin Fransa ali məktəblərinin onlara verdiyi imkanlardan xəbərsiz olması ilə bağlı əməkdaşlığın qurulmasında problemlər var.

Rektor deyib: “Hesab edirik ki, məhz Fransa universitetlərinin azərbaycanlı tələbələr, gənc həkimlər üçün yaratdığı imkanlar barədə bizim məlumatımız azdır. Bilirik ki, Marseldə, Tuluzada və Fransanın digər şəhərlərində azərbaycanlı həkimlər, tibb sahəsində təhsil alan gənclər təcrübə keçirlər. Biz bu əməkdaşlığı genişləndirmək istəyiriksə, həmin imkanlar haqqında daha çox bilməliyik. Bizim rezidentlər Avropanın bir sıra ölkələrində, xüsusilə də Almaniyada tibb sahəsində təhsillə bağlı yaxşı məlumatlıdırlar”.

G.Gəraybəyli bildirib ki, bu məsələ ilə əlaqədar məlumatlandırma sessiyalarının keçirilməsinə ehtiyac var. O, Fransa səfirliyinin təşkilatçılığı ilə ATU-da geniş toplantının keçirilməsini təklif edib.

Fransanın Azərbaycandakı səfirliyinin I müşaviri Dominik Janti də bu cür görüşün  böyük faydası olacağını qeyd edib. O, yaxın aylarda Tibb Universitetində Fransa ali məktəblərinin təklif etdiyi proqramlarla bağlı təqdimat sessiyasının təşkil olunmasının vacibliyini bildirib.

Səfirliyin mədəniyyət müşaviri Yohan Şitterer vurğulayıb ki, əməkdaşlıq çərçivəsində ATU ilə Fransanın müxtəlif universitetləri arasında müəyyən layihələrin icrasına dair sazişin imzalana biləcəyini də istisna etmir. O, ictimai səhiyyə fakültəsinin formalaşdırılması istiqamətində ATU-ya yardım göstərilə biləcəyini də qeyd edib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov tələbələrin Fransada təhsil alması və təcrübə keçməsi üçün dil öyrənmələrinin vacibliyini bildirib. ATU-da tələbələr üçün fransız dilinin tədrisi məqsədilə xüsusi kursların yaradılmasının mümkünlüyünü deyib. Qeyd edib ki, ATU mütəmadi olaraq dünyanın müxtəlif universitetləri, o cümlədən Fransa ali məktəbləri ilə əlaqələr yaradır. Lakin birbaşa ikitərəfli münasibətlərlə yanaşı, həm də Erasmus proqramı çərçivəsində əməkdaşlıq daha faydalı olar. Çünki bu proqram daha geniş layihələrin maliyyələşməsinə yardımçı olar.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 Oktyabr 2018 11:56 - TƏHSİL
TƏHSİL
11 Mart 2020 | 11:39
Teledərslərə start verilir

Köhnə versiyamızdan xəbərləri izlə