Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bizim xalqın dünyaya inteqrasiyası yalnız maariflə, elmlə, təhsillə mümkündür

Müsahibimiz Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızıdır

– Günel xanım, Bakı Kitab Mərkəzinin açılması hansı zərurətdən yarandı?
– Öncə onu qeyd edim ki, Bakı Kitab Mərkəzi Heydər Əliyev Fondunun və şəxsən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 28-də bu mərkəzin açılışında iştirak etdilər. Təkcə bu fakt dövlətimizin kitaba, təhsilə, mütaliəyə verdiyi ən böyük diqqətin göstəricisidir. Təbii ki, buna zərurət var idi və olmasaydı, belə bir ideya da meydana gəlməzdi. Onu da deyim ki, Bakı şəhərində son zamanlar kitab mağazaları, şəbəkələr çoxalıb və bu hal təqdirəlayiqdir. Amma Bakı Kitab Mərkəzinin amalı və məramı tamamilə başqadır. Mərkəz təkcə kitab satışı ilə məşğul olmur. Bura, həm də bir mədəniyyət ocağı kimi fəaliyyət göstərir. Bunun nəticəsi olaraq, kitab mərkəzinin təşkilatçılığı ilə çox sayda ədəbiyyat və mədəniyyət tədbirləri gerçəkləşir. Mərkəzin iki aya yaxın vaxt ərzində fəaliyyət göstərməsinə baxmayaraq, burada çox sayda rəngarəng ədəbi və mədəni tədbirlər həyata keçirilib. Eyni zamanda, BKM təkcə kitab almaq üçün deyil, həm də kitab oxumaq üçün bir yerdir. 
Bu mərkəz, həmçinin bir kitabxana kimi də fəaliyyət göstərir. Sadəcə, kitabxanadan fərqli olaraq burada kitabları evə aparmaq olmaz. Mərkəzdə təhsil guşəmiz də var. Burada tələbələr, müəllimlər gəlib istədikləri dərsliyi, audio-kitabları oxuya, dərslərini elə buradaca hazırlaya bilərlər. Bunun üçün də hər bir şərait yaradılıb və insanlar özlərini burada rahat hiss edirlər. Mərkəzdə uşaq guşəsi də fəaliyyət göstərir ki, azyaşlı məktəblilər öz müəllimləri ilə bura gələrək kitab oxuya bilərlər. Mərkəzimizdə kitabsevərlərin, kitab klublarının mütəmadi görüşləri keçirilir, fikir mübadilələri aparılır. Burada ingilis və rus dillərində kitab bölmələri var və hazırda bu şöbələrə maraq qənaətbəxşdir. Mərkəzdə, ümumilikdə, oxucular Azərbaycan dili ilə yanaşı, rus, türk, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər də əldə edə bilərlər. BKM-in daha bir cəlbedici ənənəsi də odur ki, burada ölkəmizin tanınmış yazıçıları, tarixçiləri ilə görüşlər keçirilir və oxucular onların yaradıcılığı ilə yanaşı, özləri ilə də yaxından tanış olurlar. 
– Qısa müddət olsa da, rəhbərlik etdiyiniz quruma olan müraciətlərin sayı ilə cəmiyyətimizdə oxucu səviyyəsinin paralellərini aparmısınızmı? Yəni cəmiyyətimizdə kitabsevərlərin sayında artım müşahidə edilirmi?
– Sevindirici haldır ki, mərkəzdə müşahidə etdiyim mənzərə çox pozitivdir. Amma bir neçə il bundan əvvəl vəziyyət heç də xoşagələn deyildi. Vaxt var idi mənə bu barədə sual verirdilər ki, niyə Azərbaycanda mütaliənin səviyyəsi bu dərəcədə aşağıdır? Hər dəfə bu barədə danışanda deyirdim yəqin ki, müasir informasiya və kommunikasiya texnologiyalarının inkişafının və bu dövrə keçidin nəticəsidir ki, insanlar kitabdan bir qədər aralı düşüblər. Amma indi dediklərimizin əksi olan bir mənzərəni müşahidə edirik. İnsanlar o qədər kitab üçün darıxıblar ki, bura gələnlər saatlarla kitabı əllərindən yerə qoymurlar. Əlbəttə, Mərkəzə sadəcə şəkil çəkdirmək üçün gələnlər də var. Amma böyük bir qism məhz kitab üçün, mütaliə üçün gəlir. Bu baxımdan hazırda vəziyyət mənim düşündüyümdən xeyli müsbətdir. Əvvəlki illərlə müqayisədə oxumaq, öyrənmək istəyi, kitaba sevgi getdikcə artır.
– Bakı Kitab Mərkəzində müasir standartların tam şəkildə nəzərə alınması oxucuda hansı təəssüratları yaradır? 
– Özünüz də müşahidə etdiniz ki, burada mütaliə üçün hər cür şərait yaradılıb. Necə ki, insan öz evində rahat, sərbəst şəkildə mütaliə edə bilir, Mərkəzimizdə də həmin rahatlıq, sərbəstlik üçün şərait təmin edilib. Tələb olunan yalnız odur ki, kitab vərəqlənsin, oxunsun, bilik artırılsın. İstəyimiz ancaq odur ki, mütaliədən sonra müxtəlif müəlliflərin əsərləri barədə oxucuların təsəvvürləri genişlənsin. Sadəcə olaraq, kitab oxumaq üçün bir yer yaradılsaydı, bu, hamımızın bildiyi kitabxana olardı və yalnız rəflərdən və kitablardan təşkil olunardı. Amma xoş bir aura və atmosfer yaradılanda, oxucu üçün də rahat olur. Adi bir məsələni deyim: biz divanlara çoxlu yastıqlar, pledlər atmışıq ki, bura gələn oxucular özlərini evlərindəki kimi hiss etsinlər. Hətta üşüyəndə belə həmin pledi çiyninə atsın və istədiyi kitabı tam rahatlıqla oxuya bilsin.
– Mərkəzin açılışı ilə ­bağlı yayılan xəbərlərdə bura gələn qonaqların müxtəlif nəşrlərlə yanaşı, “I love Baku” milli brendinin Azərbaycana dair suvenirləri və “Azərmarka”nın məhsullarını da əldə edə biləcəklərini yazırdılar. Həmin məhsulların və brendlərin kitab mərkəzində təqdimatında məqsəd nədir? 
– Bu guşələr ilk gündən var və fəaliyyət göstərir. “I love Baku” milli suvenir brendidir. Burada tək əl işləri deyil, həm də özünəməxsusluğu ilə seçilən geyim növləri də var. Onu da qeyd edim ki, əl işlərinin hamısı fərdi yaradıcılıq məhsullarıdır və sənətkarların fərdi bacarıqlarını əks etdirir. Mən özüm də böyük həvəslə bu brendin məhsullarını əldə edirəm. Bu nümunələr xarici qonaqlarımızın da xoşuna gəlir. Gödəkcələrin üzərində milli miniatürlərimız, məşhur Azərbaycan rəssamlarının, məsələn, Toğrul Nərimanbəyovun, Anar Ağakişiyevin sənət işləri əks olunub. Burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanımın özünün də fərdi işləri var. Onun rəsmləri ilə bəzəldilmiş yaylıqlar, telefon üçün qoruyucu üzlüklər milli brendin baxımlı və cəlbedici nümunələridir. 
–Bildirilirdi ki, burada görmə və əmək qabiliyyəti məhdud olan uşaqlar üçün də guşələr istifadəyə verilmişdir...
–Bəli, bu guşə təkcə uşaqlar üçün deyil, həm də böyüklər üçün nəzərdə tutulub. Burada Brayl avadanlığı quraşdırılıb ki, görmə zəifliyi olan insanlar bu guşədə kitab oxuya bilsinlər. Burada həm görmə zəifliyi olan insanlar, həm də görmə qabiliyyəti olmayanlar xüsusi eşitmə cihazları ilə kitabları dinləyə bilərlər. Artıq 5 saylı internat məktəbi ilə bizim bir tədbirimiz reallaşıb. Bu tədbir görmə qabiliyyəti zəif olan uşaqlara həsr olunub və onlar gəlib burada həmin avadanlıqdan istifadə edərək kitab oxumaq imkanından yararlanıblar. Fiziki qüsurları olan başqa insanlar üçün də mərkəzdə xüsusi lift quraşdırılıb. Onlar həmin liftdən istifadə etməklə mərkəzin bütün şöbələrini nəzərdən keçirə bilərlər. 
– Siz ixtisasca filoloq, fəaliyyət etibarilə jurnalist və publisistsiniz. Böyük bir kitab mərkəzinə rəhbərlik edirsiniz. Necə düşünürsünüz, gərgin inzibati işlərlə yaradıcılıq “dil tapa” bilirmi?
– Bilirsiniz, mən uzun illərdir həm də ictimai fəaliyyətlə məşğul olduğum üçün yaradıcılığa az vaxtım qalır. 11 ildən artıq dövlət qulluqçusu olmuşam, bundan başqa, müxtəlif vaxtlarda 4 jurnalın baş redaktoru kimi çalışmışam. Gərgin işdə şəxsi təcrübəm xeyli köməyimə çatır. Amma mən heç vaxt yazıçı və publisist olduğumu unutmuram, ona görə də bu sahəyə mütləq vaxt ayırıram. Açığını deyim ki, buna həm də mənəvi ehtiyacım var. Çünki yazmaq mənim həyatımın bir parçasına çevrilb və bunsuz mənə həyat çətin və maraqsız olar. İşdən kənar vaxtlarda yaradıcılığımı davam etdirirəm. Hazırda bir neçə fərdi layihəm var. Xaricdə kitablarım çap olunur və onlarla məşğul oluram. Teatrda səhnələşdirmək üçün pyeslər, kinoda istifadə olunması üçün ssenari təklifləri də olur. Yeni kitab nəşr etmək təklifləri var ki, hazırda danışıqlar aparıram. Gərgin iş qrafikim olsa da, bu sahəyə mütləq vaxt tapmağa çalışıram. 
– Siz ədəbiyyat və elm mühitində böyümüsünüz. Deyirlər ki, yaradıcılıqda zəhmətlə yanaşı, genetik amillər də mühüm şərtdir. Sizdə necə?
– Bilirsiniz, mən düşünürəm ki, yaradıcılıq məsələlərində gen kodlarının kifayət qədər rolu var. Çünki mən ədəbiyyatçı ailəsindən olub, bu sahəni seçmişəmsə, öz fəaliyyət sahəmdə sözsüz ki, bunun təsirini görmüşəm. Elə sahələr var ki, orada öyrənməklə nəticələr və biliklər əldə oluna bilir. Ədəbiyyat sahəsində isə bir qədər fərqlidir. Burada istedad məsələsi ön planda olur. İstedad isə insanda həm də kökdən, gendən ötürülə bilər. Bundan əlavə, mühit faktorunu da danmaq olmaz. Peşəkar keyfiyyətlərə gəldikdə isə, onlar həyatla, təcrübə ilə qazanılan amillərdir.
– Ən böyük tənqidçiniz kimdir?
– İlk növbədə, özüməm. Mən özümə və öz işimə çox tənqidi yanaşıram. Daim düşünürəm ki, nəyisə daha yaxşı, daha mükəmməl etmək olardı. Bunun üçünsə vaxt və təcrübə tələb olunur. İnsan işlədikcə, təcrübə qazandıqca, gördüyü işləri daha mükəmməl və hərtərəfli təmin edə bilir.
– Elmi fəaliyyətiniz necə, varmı?
– Doğrusu, mən ixtisasım üzrə işləməmişəm, pedaqoji fəaliyyətim olmayıb. Amma həyat o qədər gözlənilməzdir ki, hər şey mümkündür. Yeni sahələrə baş vurmağı, özümü sınamağı xoşlayıram. Məsələn, “jurnalistikanı” bitirməmişəm, amma uzun illər jurnalistika ilə məşğul olmuşam və düşünürəm ki, bu sahə ilə bağlı kifayət qədər işlərim var. Mən heç bir kino təhsili almamışam, amma valideyinlərimlə bağlı bir sənədli film çəkdik və məncə, maraqlı alındı. Hər yeni iş, hər yeni sahə insanı məcbur edir ki, daha da çox işləsin, öz üzərində çalışsın. Elmi iş də belədir. Amma burada həm güclü səbr, həm də elmi yaradıcılıq, axtarış həvəsi lazımdır. Mənim anam alimdir, akademikdir. Uzun illər onun elm sahəsində gərgin işləri, zəhməti mənim gözümün qabağındadır. Ona görə bilirəm ki, bu, böyük məsuliyyət tələb edən işdir. 
– Bəs ədəbiyyatla elm yükünü birgə daşımaq mümkündürmü? 
– Bizim bir çox yazıçı və şairlərimiz var ki, həm yaracılıqda, həm də elm sahəsində özlərini layiqincə göstərə biliblər. Məsələn, Bəxtiyar Vahabzadə, Elçin Əfəndiyev, Əzizə Cəfərzadə, Kamal ­Abdulla. Onlar həm ədəbi, həm də elmi yaradıcılığı vəhdətdə tutmağı bacarıb, böyük elmi dərəcələr əldə ediblər. Elə AYB-nin sədri, Anar müəllimin özünü də qeyd etmək yerinə düşər. Elmi dərəcəsi olmasa da, fundamental elmi, bədii əsərlər yaradıb. Məsələn, onun “Min beş yüz ilin oğuz şeiri” əsəri bəlkə də bir institutun gördüyü işlə müqayisə oluna bilər.
Bundan əlavə, üç cildlik ­“Literutura, iskusstvo, kultura Azerbaydjana” əsəri var ki, əsərdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti ümumilikdə araşdırılmış və ən böyük alimlərimizin, ədəbiyyatçılarımızın və mədəniyyət xadimlərimizin fəaliyyətləri öz əksini tapmışdır. Bu baxımdan, elmi fəaliyyətlə yaradıcılıq sahələrinin bir arada olduğu nümunələr az deyil. 
Bir məsələni də qeyd edim ki, ümumiyyətlə, adıçəkilən insanların maarifçi fəaliyyəti, onların öz millətlərinin mədəni-mənəvi sərvəti hesab oluna bilər. 
– Sizcə bir yazıçı, ziyalı ilk növbədə, cəmiyyətə hansı mesajları ötürməlidir?
– İlk növbədə, insanların maarifləndirilməsi, dünya görüşlərinin artırılması üçün yorulmadan çalışmalıdır. Bəlkə də mesajlar deməzdim, amma fəaliyyətləri və gördükləri faydalı işlərlə xeyir gətirməlidir. Bizim xalqın inkişafı, dünyaya inteqrasiyası yalnız maariflə, elmlə, təhsillə mümkündür. Dövlətimizin hazırda bütün sahələrdə yürütdüyü doğru siyasəti də məhz bunun bariz nümunəsidir. Biz gənc nəslə doğru yol göstərə bilsək, xalqımız da bir o qədər dünya mədəni arenasında nüfuz sahibi olacaqdır. Mənə elə gəlir ki, məhz belə mədəni mərkəzlərin sayı çoxaldıqca, gəncləri belə yerlərə daha çox cəlb etdikcə öhdəmizə düşən missiyanı yerinə yetirmiş olacağıq. 

Qələmə aldı: 
Anar TURAN, 
“Xalq qəzeti”

25 Oktyabr 2018 11:38 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə