Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Britaniyanın və Azərbaycanın Xarici İşlər nazirlikləri arasında növbəti məsləhətləşmələr keçirilib

Oktyabrın 24-də Azərbaycan ilə Böyük Britaniyanın Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. 
Siyasi məsləhətləşmələri Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Böyük Britaniya tərəfindən isə Britaniya Xarici İşlər Nazirliyinin Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dankan aparıblar.
Nazir müavini X.Xələfov Azərbaycan ilə Böyük Britaniya arasında siyasi dialoqun intensiv şəkildə aparılmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanın Böyük Britaniya ilə tərəfdaşlığa önəm verdiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin 2018-ci ilin aprelin 26-da Britaniya Baş nazirinin dəvəti ilə bu ölkəyə səfərini xatırladıb və bunun ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verdiyini deyib. Nazir müavini yüksək səviyyəli qarşılıqlı səfərlərin bundan sonra da təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.
Xələf Xələfov Azərbaycanın enerji sektorunun inkişafı, eləcə də “Əsrin müqalivəsi”nin imzalanmasında və reallaşmasında Britaniyanın xüsusi rolunu qeyd edib, bu sahədə Britaniya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin davam etdirilməsinin vacibliyini nəzərə çatdırıb. 
Nazir müavini, eyni zamanda, Azərbaycan tərəfinin Britaniya ilə qeyri-neft sektorunda da əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək, birgə sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə Britaniyanın daha fəal iştirakının arzuedilən olduğunu diqqətə çatdırıb.
Xələf Xələfov Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan “Tərəfdaşlıq sazişi”nin son vəziyyəti ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib. O, ölkəmizin Böyük Britaniya ilə “Brexit”dən sonra da əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu və bunun müvafiq sazişlə tənzimlənməsinin zəruriliyini qeyd edib.
Siyasi məsləhətləşmələr zamanı Azərbaycanın və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalına toxunan X.Xələfov ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqların heç bir nəticə vermədiyini təəssüflə diqqətə çatdırıb. Nazir müavini münaqişənin həm regional, həm də qlobal səviyyədə mənfi təsirləri barədə məlumat verib. O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarlar, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmasına impuls verilməsinin vacibliyini bildirib.
Nazir müavini deyib ki, hazırda mövcud olan bütün münaqişələrə münasibətdə beynəlxalq birlik tərəfindən ayrı-seçkiliyə yol verilməməli, beynəlxalq hüquq prinsiplərinə əsaslanan vahid yanaşma sərgilənməlidir.
Britaniyalı dövlət naziri Alan Dankan ikitərəfli münasibətlərin səviyyəsinə dair səslənən fikirlərlə tam razı olduğunu və əlaqələrin bir çox sahələr üzrə daha da inkişaf etdirilməsinin vacibliyini söyləyib. O bildirib ki, Britaniya və Azərbaycan iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq ruhundan irəli gələrək ən çətin və həssas məsələləri belə müzakirə etməyə qadirdir.  
A.Dankan Azərbaycan və Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsinə ölkəsinin “Brexit”dən sonra da dəstək verəcəyini qeyd edib. Dövlət naziri “Brexit”dən sonra Azərbaycan ilə münasibətlərin ikitərəfli müstəvidə davam etdirilməsində Britaniyanın maraqlı olduğunu əlavə edərək, iki ölkə arasında “Brexit”dən sonra iqtisadi və ticarət əlaqələrinin tənzimlənməsinə dair Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin layihəsini təqdim edib.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin vacibliyinə toxunularaq, bu istiqamətdə də əlaqələrin inkişaf etdirilməsinin zəruruliyi vurğulanıb. 
Görüşdə, həmçinin iki ölkə arasında viza rejiminin sadələşdirilməsi, insan hüquqları, regionda və dünyada baş verən son hadisələr və geosiyasi vəziyyət, “Şərq Tərəfdaşlığı” proqramı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Məsləhətləşmələrdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, eləcə də hər iki ölkənin xarici işlər nazirliklərinin müvafiq əməkdaşları iştirak ediblər. 

Aynurə Tağıyeva,
AZƏRTAC-ın xüsusi müxbiri
London

24 Oktyabr 2018 23:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə