Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Azərbaycanın bütün regionları sürətlə inkişaf edir və bölgələrdə dünya səviyyəli çox gözəl obyektlər yaradılır

Regional inkişaf üzrə birinci Dövlət Proqramı qəbul ­olunandan sonra – son 15 il ərzində Azərbaycanda iqtisadiyyat üç dəfədən çox artıb. Ölkəmizdə qazlaşdırmanın səviyyəsi 95 faizə çatır... Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Biz təkcə bu ilin doqquz ayında 50 milyon dollardan çox həcmdə elektrik enerjisi ixrac etmişik. Gələcəkdə bu, daha da artacaq. Çünki biz özümüzü tam təmin edirik və yaxın gələcəkdə istifadəyə veriləcək 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyası vasitəsilə ixrac imkanlarımız daha da genişləndiriləcək. On beş min ­kilometr avtomobil yolu istifadəyə verilir. Biz bu ilin sonuna qədər bu rəqəmə də çatacağıq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası Azərbaycanda bölgələrin tarazlı inkişafında, işsizlik probleminin aradan qaldırılmasında, yeni iş yerlərinin açılmasında mühüm rol oynayır. 2004-cü ildən reallaşdırılan bu proqramlar, eyni zamanda, rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da Azərbaycanın strateji inkişaf hədəflərinə, müəyyənləşdirilən məqsədlərə çatmasına əhəmiyyətli töhfəsini verir.
Ölkə Prezidenti İlham Əliyevin bölgələrə vaxtaşırı səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, onların fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə müəyyən vəsaitin ayrılması barədə imzaladığı çoxsaylı sərəncam regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir. 
Onu da xatırladaq ki, 2003-2017-ci illərdə ölkə iqtisadiyyatına bütün mənbələrdən 236 milyard dollar dəyərində investisiya cəlb edilməsi, bunun 118 milyard dollarının, yəni 50 faizinin xarici investisiyaların payına düşməsi, valyuta ehtiyatlarımızın isə 45 milyard dollara yüksəlməsi də regionların inkişafına müsbət təsir göstərib. 
Həyata keçirilən kompleks tədbirlər nəticəsində son 15 ildə Azərbaycan iqtisadiyyatında yüksək inkişaf templəri müşahidə edilib. Bu dövrdə ümumi daxili məhsul real ifadədə 3,6 dəfə artıb. Qeyri-neft sektorunun həmin müddətdə orta illik artım tempi isə 8,1 faiz olub. 
Dövlət başçısının daim diqqət mərkəzində saxladığı qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm işlər görülüb və 2015-ci ildən etibarən ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Yeni iqtisadi şəraitə uyğun reallaşdırılan rasional makroiqtisadi siyasət, aparılan dərin islahatlar nəticəsində ölkə iqtisadiyyatındakı durğunluq qısa müddətə aradan qalxıb, 2017-ci ildə qeyri-neft sektorunda 2,7 faizlik iqtisadi artım müşahidə edilib.
Məşğulluqda qeyri-neft sektorunun payı 2003-cü ildə 68 faiz idisə, bu il 73 faizə çatıb. Bu müddətdə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı isə 5 dəfə artıb.
Ötən 15 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilib. Bu məqsədlə vətəndaşların təbii qazdan, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə əvvəlki illərdə yaranmış borcları (müvafiq olaraq 327 milyon və 294,2 milyon manat) tam silinib, sovet dövründən qalmış əmanətlərə görə 1 milyard manat kompensasiya ödənilib. 15 il ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib.
Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslərin və sahibkarların gəlirinin 50 faizi vergidən azad edilib. Yəni onlar əmlak və torpaq vergisindən, idxal etdikləri texnika, texnoloji avadanlıq, qurğular üzrə ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad olunub. Yeni salınan sənaye parkları və məhəllələrində aqroparklar və texnoparklarda nəinki yerli biznes, eləcə də xarici sərmayələr üçün əlverişli biznes mühiti yaradılıb. Bundan həm də xarici investorlar yararlanıblar. Qanunvericilik beynəlxalq tələblərə uyğunlaşdırılıb, ölkədə biznes fəaliyyəti asanlaşdırılıb, miqrasiya ilə bağlı köklü islahatlar aparılıb. Bu da dövlətin sahibkarlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində çox mühüm layihələr icra olunub və bu proses davamlı xarakter alıb. Xüsusilə sənayenin müxtəlif sahələrinin inkişafına böyük diqqət göstərilib. Bu da təsadüfi deyil. Çünki sənaye iqtisadiyyatın aparıcı sahələrindəndir. Uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq respublikada yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb. Bütün bunların nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi isə genişlənib. 
Hazırda ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, habelə əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri yaradılır. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var. Bundan başqa, bu obyektlər sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından da müstəsna rol oynayır. Bu məqsədlə dövlət başçısının müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələrinin yaradılması qərara alınıb. 
Regionların davamlı inkişafının təmin olunması üçün müasir yol infrastrukturunun yaradılması da müstəsna əhəmiyyət daşıyır. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, yerli əhəmiyyətli şəhərlərarası və kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq təkmilləşdirilib, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib. 

Azərbaycan Prezidentinin regionlara son səfərləri ilə bağlı bəzi məqamlara diqqət yetirək. Bu il sentyabrın 18-də cənub bölgəsinə səfər edən dövlət başçısı əvvəlcə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib. Xatırladaq ki, bundan əvvəl mövcud yolun ümumi uzunluğu 243 kilometr idi. Yeni yolun istifadəyə verilməsi ilə Bakıdan Astaraya gedən yol təxminən 40 kilometr qısalıb.
Dövlət başçısı cənub bölgəsinə səfəri zamanı, həmçinin Biləsuvarda 20 mindən çox sakinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun və Masallıda 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yollarının açılış mərasimlərinə qatılıb.
Prezident İlham Əliyev Cənub bölgəsinə səfəri zamanı Masallı Sənaye Məhəlləsinin açılış mərasimində də iştirak edib. Mərasimdə dövlət başçısının 2016-cı il iyunun 13-də imzaladığı sərəncama əsasən, yaradılan həmin məhəllədə fəaliyyət üçün sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib.
Reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri açılıb. Sənaye məhəlləsində müxtəlif mebel və onların hissələrinin istehsalı üzrə 5 müəssisə qurulub və sahibkarlar tərəfindən həmin layihələrin icrasına ümumilikdə 3,5 milyon manatdan çox investisiya yatırılıb.
Şimal bölgəsinə səfəri çərçivəsində isə dövlətimizin başçısı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yolun inşası vəziyyəti ilə tanış olub və müvafiq göstərişlərini verib.
Prezident İlham Əliyev səfər çərçivəsində Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışında, Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun istifadəyə verilməsi mərasimlərində də iştirak edib.
Qubada Gənclər Parkında yaradılan şəraitlə maraqlanan Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olub.
Bundan başqa, səfər zamanı Qubada 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçası, “ABAD” publik hüquqi şəxsin rayondakı “ABAD Factory” İstehsalat Kompleksi, eləcə də “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib. Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında da iştirak edib.
Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Lənkəran, Astara və Masallı rayonlarına səfəri də regionların davamlı inkişafına göstərilən diqqətin bariz ifadəsidir. 
Səfər çərçivəsində dövlətimizin başçısı və xanımı Lənkəran Olimpiya İdman Kompleksinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yerli filialının, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin, Qida Təhlükəsizliyi İnstitutunun rayondakı Regional Sınaq Laboratoriyasının, “Lənkəran-2” yarımstansiyasının, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında, İstisu və Sağlamlıq Mərkəzinin təqdimatında iştirak ediblər.
Prezidenti İlham Əliyev “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak etdikdən sonra burada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub.
Azərbaycan Prezidenti son dövrlərdə Lerikdə həyata keçirilən sosial-iqtisadi layihələrə də diqqət yetirib. Dövlətimizin başçısının rayona səfəri çərçivəsində burada Piran-Hamarat-Vijaker avtomobil yolu, Bayraq Muzeyi, 100 yerlik körpələr evi-uşaq bağçası və gücü 16,5 MVt olan elektrik stansiyası istifadəyə verilib. Ölkə rəhbəri “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdə də iştirak edib.
Prezident İlham Əliyev “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdən sonra ictimaiyyət nümayəndələri ilə görüşündə çıxış edərək deyib: “Bir çox rayonlarımızda içməli su layihələri icra edilir. Artıq açılışlar da olub, növbəti illərdə də açılışlar olacaq. Qarşıya məqsəd qoyulubdur ki, Azərbaycanın bütün şəhərlərində 100 faiz tam standartlara uyğun içməli su layihələri icra edilsin və beləliklə, biz ölkə qarşısında duran əsas infrastruktur məsələlərini həll etmiş oluruq.
Digər layihələrə gəldikdə, Astara rayonunda infrastrukturun yaradılması sürətlə gedir, qazlaşdırma 83 faizdir, kənd yollarının tikintisi geniş vüsət alıb. Mənə verilən məlumata görə, Astara rayonunun kənd yollarının 92 faizi yenidən qurulub. Bu, çox gözəl göstəricidir. Gələn ilin Dövlət İnvestisiya Proqramında yeni, növbəti layihə nəzərdə tutulur. Beləliklə, hesab edirəm ki, bütün kəndlərin yolları çox gözəl səviyyəyə çatdırılacaqdır”.
Dövlətimizin başçısı daha sonra bildirib ki, Astarada və qonşu rayonlarda son illər ərzində həyata keçirilən layihələr çox böyük maliyyə vəsaiti hesabına reallaşıb. Bütün bunlar regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında öz ifadəsini tapıb. Bu ilin sonunda üçüncü Dövlət proqramı başa çatır. Demək olar ki, həmin proqramda Astara rayonuna aid olan bütün məsələlər artıqlaması ilə öz həllini tapıb.
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 22-də İmişli rayonuna səfəri də bir sıra mühüm obyektlərin istifadəyə verilməsi ilə diqqət çəkib. Dövlətimizin başçısı səfər çərçivəsində Araz çayının yeni qol-kanalının, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhramtəpə hissəsinin, habelə İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun, “Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin və digər obyektlərin istifadəyə verilməsi mərasimlərində iştirak edib.
Yuxarıda qeyd edilənlər bir daha göstərir ki, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ölkəmizin inkişafında bir dönüş nöqtəsinə çevrilib, bütün rayonlarda quruculuq işləri geniş vüsət alıb, Azərbaycanın istənilən yaşayış məntəqəsinin vətəndaşlarının bu strategiyanın nəticələrini öz gündəlik həyatlarında hiss etmələrinə gətirib çıxarıb. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

24 Oktyabr 2018 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə