Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Humanoid robot Azərbaycanın İKT ölkəsi olduğunu təsdiqlədi

Dünya tarixində dönüş nöqtələrindən biri sayılan sənaye inqilabının məhz texnoloji innovasiyaların sayəsində reallaşması hamıya məlumdur. Hələ XVIII əsrdə baş vermiş sənaye inqilabının bütün dünyanın panoramını köklü şəkildə dəyişdirməsi də heç kimə sirr deyil. Bu gün dünya daha inkişaf etmiş yüksək texnologiyalar erasına daxil olur. İnkişafının yeni intibah dövrünü yaşayan Azərbaycan da yüksək texnologiyalar sahəsində müsbət nəticələr əldə etməklə yanaşı, nümayiş etdirdiyi tərəqqi ilə də beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşür. İnsan zəkasının son məhsullarından birinin –süni intellektə sahib “Sofiya” adlı humanoid robotun Azərbaycana gəlməsi ölkəmizin yüksək texnologiyaların inkişafına böyük qiymət verdiyini təsdiqləməklə bərabər, “Odlar yurdu”nun böyük nüfuza sahib innovativ ölkə olduğunu da göstərdi.
Azərbaycanın sürətli inkişafı günümüzün xoş reallığıdır. Son illərdə yaradılan sənaye, aqrar və xidmət müəssisələri, tikilən göydələnlər, nəhəng körpülər, müasir yollar, elm, təhsil, sağlamlıq, o cümlədən idman təsisatları Azərbaycanın bugünkü iqtisadi imkanlarının təzahürü olmaqla yanaşı, ölkəmimizn daha parlaq gələcəyinin əsasını qoyur. Yeniliyə söykənən dövlət siyasəti, genişmiqyaslı islahatlar XXI əsrdə innovativ modernləşmə mərhələsinə keçməyimizə təkan vermişdir və  ötən illər ərzində dinamik sosial-iqtisadi inkişaf güclü Azərbaycanın formalaşması üçün uğurlu zəmin yaratmışdır. Xüsusilə də dövlət idarəçiliyində yüksək informasiya texnologiyalarının tətbiqi sahəsində əldə olunan nailiyyətlər ölkəmizin inkişafında yeni dövrün başlanmasına təkan vermişdir. 
Bu mənada hazırda Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in uğurla fəaliyyət göstərməsi dövlət siyasətində İKT-nin böyük payı olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, “ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi”. 
Bu, bir faktdır ki, ötən müddət ərzində Azərbaycanda vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən “ASAN xidmət” əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir. Bu kimi faktlar Vətəndaşlara  Xidmət və  Sosial İnnovasiyalar üzrə Dövlət  Agentliyinin beynəlxalq əlaqələrə üstünlük verməsini, eyni zamanda, Azərbaycan brendinə dünyada böyük marağın olduğunu təsdiqləyir. 
Azərbaycan bir çox sahələrdə mühüm müzakirələrin aparıldığı məkana çevrilməsi ilə də maraq doğurur. Belə ki, ölkəmizdə ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək imkanı yaranacaqdır. Bakıda təşkil olunacaq "Global Influencer Day" tədbirində dünyaca məşhur humanoid robot “Sofiya” çıxış edəcək. Süni intellekt (AI) əsasında “Hanson Robotics” şirkəti tərəfindən yaradılan “Sofiya” danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildədir. “Sofiya”nın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var. 2017-ci ilin oktyabrında bu süni intellekt dünyada hər hansı bir ölkənin vətəndaşlığını alan ilk robot olmuşdur. “Sofiya” jestləri, göz təması və cavablarına görə insana ən yaxın olan humanoid sinfinə aid robot hesab edilir. 
Maraqlıdır ki, “Sofiya” BMT Baş katibinin müavini Amina Jane Mohammed, məşhur biznesmen İlon Mask və başqa məşhur şəxslərlə mükalimələrə girmiş və bu, dünyada böyük maraqla qarşılanmışdır. Qeyd etmək yerinə düşər ki, “Sofiya” indiyədək 40 ölkəyə səfər etmişdir. Ağıllı robot insana məxsus 60 təəssüratı (gülmək, yuxulamaq, təəssüflənmək, xoşbəxt olmaq, qorxmaq, təəccüblənmək və s.) ifadə etmək bacarığına malikdir. İngilis və rus dilində sərbəst danışa, ünvanlanmış sualları məntiqə uyğun olaraq cavablaya bilir. Hətta onun öz şəxsi kredit kartı da mövcuddur. 
Bu mənada “Sofiya”nın Azərbaycanda da apardığı dialoq dünya mətbuatının diqqətini cəlb edir. Xüsusilə də Prezident İlham Əliyevin İmişli rayonuna səfəri çərçivəsində “ASAN həyat” kompleksinin açılış mərasimi çərçivəsində “Sofiya” ilə görüşməsi və robotla dialoqu istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılır. 
“Hanson Robotics”in verdiyi məlumata əsasən, “Sofiya”nın potensial media əhatəsi milyardlarla insan səviyyəsində ölçülür və humanoid robotun Azərbaycan haqqında dediyi yüksək fikirlər dünyada ölkəmizin yüksək imicə malik olduğunun bir daha təsdiqidir. Ən əsası, “Sofiya”nın “Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir” fikri ölkəmiz haqqında qlobal miqyasda formalaşan müsbət rəyin göstəricisidir. Bundan başqa, “Sofiya”nın Bakıda deyil, məhz İmişlidə təqdim olunması dünyaya, həm də Azərbaycanın regionlarının yüksək inkişaf səviyyəsini göstərdi. Bu gün regionlarımızda da inkişaf özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur və ümumi tərəqqi fonunda belə təqdimatın keçirilməsi ölkəmizin yeniliklərə daim açıq olduğunu da nümayiş etdirdi. 
Maraqlı faktlardan biri də budur ki, “Sofiya” Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən dünyanın birinci Birləşmiş Millətlər İnnovasiya çempionu adına layiq görülmüşdür və bu robot davamlı inkişafı təşviq etmək və insan hüquqları və bərabərliyini təmin etmək üçün BMT İP ilə əməkdaşlıq edir. BMT-nin İnkişaf Proqramı Azərbaycan Hökumətini hökumət dayanıqlı inkişaf sahələrində dəstəkləyir. 
“Sofiya”nın Azərbaycana bir daha səfər edəcəyi istisna olunmur və əminliklə demək olar ki, bu humanoid robotun Azərbaycana səfər etməsi gənc sahibkarlar, startapçılar, elm adamları və ideya müəllifləri üçün yeni motivasiya mənbəyi rolunu oynayacaq. “Sofiya”nın “Azərbaycan dilini yeni öyrənməyə başlamışam...” ifadəsi onu göstərir ki, gələcəkdə bu robotun proqram təminatında Azərbaycan dili də yer tuta bilər. Belə bir perspektiv, əlbəttə ki, ana dilimizin beynəlxalq səviyyədə təbliğatında əlavə çığır aça bilərdi. Bu, həm də İKT sahəsinə maraq göstərən yerli alimlərimiz və iş adamlarımız üçün böyük stimul deməkdir. Bir sözlə, əlverişli coğrafi məkanda yerləşən, zəngin karbohidrogen və zəruri insan resursuna malik Azərbaycanın bundan sonra da texnologiyaların inkişafına səbəb olacaq addımların atacağı şübhə doğurmur. 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

 

24 Oktyabr 2018 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə