Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində Azərbaycanda beynəlxalq standartlar səviyyəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılmaqla yanaşı, ölkəmizin bu sahədə beynəlxalq əlaqələri daim inkişaf etdirilir. 
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu səmərəli əməkdaşlıq əlaqələrinin davamı olaraq, cari il oktyabrın 22-dən 24-dək Avstriyanın Rust şəhərində Korrupsiyaya Qarşı Avropa Tərəfdaşları Təşkilatının (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsinin (EACN) 18-ci illik peşəkar konfransı və Baş Assambleyasının iclası keçirilib.
Tədbirlərdə ölkəmizi Azərbaycan Respublikası baş prokurorunun müavini – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Bir sıra mötəbər beynəlxalq, regional və qeyri-hökumət təşkilatlarının, eləcə də müxtəlif dövlətlərin 100-dən artıq nümayəndəsinin iştirak etdiyi “Mürəkkəb problemlər onların davamlı və kompleks həllini tələb edir” mövzusunda keçirilən mötəbər tədbiri giriş sözü ilə açan təşkilatın sədri Andreas Vieseltaler və Avstriya Respublikasının dövlət katibi Karolina Edstadler konfransın əhəmiyyətini vurğulayıb, qarşıda duran vəzifələrdən danışıblar.
Tədbirdə dünyanın korrupsiyaya qarşı mübarizə aparan qurumlarının nümayəndələri arasında müsbət təcrübə, habelə bu istiqamətdə yaranan problemlər müzakirə edilib. Paralel panellər çərçivəsində korrupsiya cinayətlərinin istintaqı zamanı insan və vətəndaş hüquqlarının müdafiəsi, müraciətlərə baxılması mexanizmi, səhiyyə sektorunda korrupsiya və “Avropa Şurasında dürüstlük” layihəsinin icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İxtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərlərinin qatıldıqları panel müzakirələrində Kamran Əliyev geniş təqdimatla çıxış edərək korrupsiya amilinin qlobal müstəvidə cəmiyyətlərin sabitliyinə, davamlı iqtisadi inkişafa və demokratik təsisatların qurulması prosesinə göstərdiyi mənfi təsirlərdən danışıb, hər bir ölkənin bu sahədə daxili imkanları ilə yanaşı, beynəlxalq əməkdaşlıq əlaqələrini də səfərbər etməsinin əhəmiyyətini diqqətə çatdırıb. Korrupsiyaya qarşı mübarizənin Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayan nümayəndə heyətinin rəhbəri ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirdiyini bildirib. Baş İdarə rəisi müxtəlif beynəlxalq və regional təşkilatlar, o cümlədən digər ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə səmərəli əməkdaşlıq əlaqələri barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbir çərçivəsində nümayəndə heyəti tərəfindən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA), Avropa Komissiyasının Dələduzluğa qarşı Mübarizə İdarəsinin (OLAF), Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) və digər beynəlxalq təşkilatların, habelə bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Konfransda iştirakçılara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilib. 
Tədbirin yekununda təşkilati məsələlərə baxılaraq, qurumun rəhbər heyətinə seçkilər keçirilib. Həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə dair Bəyannamə qəbul olunub. 

24 Oktyabr 2018 23:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə