Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

QDİƏT-in nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsi üzrə  işçi qrupunun iclası keçirilib.  İclasda Türkiyə, Rusiya, Ukrayna, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya və Bolqarıstandan məsul şəxslər iştirak ediblər. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat sahəsi üzrə əməkdaşlıq əlaqələri, “Qara dəniz dairəvi avtomobil yolunun inkişaf koordinasiyası”, “Dəniz magistralının inkişafı”, “Yüklərin avtomobil nəqliyyatı ilə daşınmasının asanlaşdırılması” sahəsində anlaşma memorandumlarının qəbul edilməsi və  işçi qrupuna  nəqliyyat sahəsində çalışan nümayəndələrin təyin edilməsi kimi məsələlər müzakirə olunub. 
Həmçinin  “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə multimodal  bərə və sərnişin xətlərinin inkişafı” üzrə Rusiya Federasiyası tərəfindən təklif olunmuş anlaşma memorandumu, eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusu olub. 
Sonda qərar, qətnamə və tövsiyələrin Xarici İşlər Nazirlər Şurası tərəfindən tətbiq edilməsi qərara alınıb və iclasın hesabatı qəbul edilib. 
Məlumat üçün bildirək ki, ölkəmiz  1992-ci ildən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. QDİƏT-in Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşir.
Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya-kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir.

Ü.VAHİDQIZI, 
“Xalq qəzeti”

24 Oktyabr 2018 23:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə